Güldürüb
düşündürən sənətkar
Azərbaycan ədəbiyyatının, incəsənətinin,
ümumən mədəniyyətinin parlaq simalarından olan
görkəmli komediya ustası Sabit Rəhman haqqında
söhbətə 1945-ci ildə çəkilmiş
«Arşın mal alan» musiqili kinokomediyasının yaranma
tarixçəsi ilə başlamaq istəyirəm. Bu
heç də səbəbsiz deyil.
Gənc yazıçı
İmran Qasımov 1940-cı il oktyabrın 15-də Bakı
kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub
yazıb xahiş edir ki, «Arşın mal alan» mövzusunun plana
daxil edilməsi ilə əlaqədar ssenarinin
hazırlanması ona tapşırılsın. Hətta
o, söz verir ki, 1941-ci ilin əvvəli üçün
ssenarini yazıb kinostudiyaya təhvil verəcək. Həmin il
noyabrın 14-də SSRİ Xalq Komissarları Soveti yanında
Kinematoqrafiya İşləri Komitəsinin
razılığını alandan sonra İ.Qasımov işə
başlayır. Lakin heç bir ay keçməmiş ssenari
yazıçıdan geri alınır və dramaturq Sabit Rəhmana
verilir.
Ssenari şöbəsinin rəisi,
yazıçı Əbülhəsən dəyişikliyin səbəbini
Moskva Kino Komitəsi ssenari şöbəsinin rəisi Astaxova
yazdığı məktubda belə izah edir: «İmran
Qasımovun namizədliyini uğursuz hesab edirik. Çünki
yoldaş İ.Qasımov Azərbaycan ədəbi dilini və
Azərbaycan məişətini bilmir. Yoldaş Sabit Rəhman
isə dramaturqdur, canlı dili ilə seçilən, Azərbaycanda
populyar olan «Toy» komediyasının müəllifidir,
kinematoqrafiya ilə tanışlığı var. Moskvada
ssenari akademiyasında təhsil alıb və onun «Arşın
mal alan» filminin ssenarisinin yazılmasına cəlb edilməsi əhəmiyyətli
olacaqdır».
Moskvanın etiraz etdiyini
görən Azərbaycan Yazıçılar İttifaqının
Rəyasət Heyəti də işə qarışır və
öz razılığını ikincinin xeyrinə bildirir. Moskvalı
yazıçı Anatoli Qlebov ssenari üzrə məsləhətçi
təyin olunur. Nəhayət, bir sıra əngəl və
maneələrdən sonra «Arşın mal alan» çəkilib
ekranlara buraxılır. Film SSRİ Dövlət mükafatına
layiq görülür.
Sabit Rəhman «Azərbaycan
kinematoqrafiyasının təntənəsi» məqaləsində
yazır: «Üzeyir Hacıbəyovun məşhur
«Arşın mal alan» musiqili komediyası filmin müvəffəqiyyətində
ilk səbəblərdən biridir. Otuz ildən artıq
dünyanın hər tərəfində iyirmidən çox
dildə oynanılan bu komediya qüvvətli bir dramaturjiyə,
gözəl dilə, ağıllı məzhəkəyə,
şən bir musiqiyə malikdir. Ssenari yazılarkən
«Arşın mal alan» musiqili komediyasının bütün bu
məziyyətləri əsas
götürülmüşdür. Yaradıcı əməkdaşlar
isə bu əsərin üzərində məhəbbət və
istedadla çalışmışdır».
Rusiya kinosunun 100 illiyi
münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində
sovet kinosunun inkişafına əhəmiyyətli təsir
göstərmiş filmlərin arasında «100 sevimli film»
seçilib. Həmin filmlər üç hissəyə
- Qızıl, Gümüş və Bürünc
siyahılara ayrılıb. 1945-ci ildə istehsal olunmuş
«Arşın mal alan» kinokomediyası məşhur kino mütəxəssislərinin
yekdil rəyi ilə «Qızıl siyahı»ya daxil edilib.
«Arşın mal alan»ın bu
uğurunda böyük payı olan Sabit Rəhmanın incəsənətə,
ədəbiyyata gəlişi də təsadüfi deyildi. Bunu
dramaturqun tərcümeyi-halından da aydın görmək
olar.
* * *
Sabit Kərim oğlu Mahmudov
1910-cu ildə Nuxada, indiki Şəki şəhərində
dünyaya göz açıb. Sabitin iki yaşı olanda
atası Kərim kişi balaca bir royal aldı. Ailənin
altı uşağından biri - yalnız Sabit royalda notsuz
çalmağı öyrənmişdi. Qardaşı isə
tarda çalırdı. Musiqini gözəl bilsə də, o
özünə başqa yol seçir. 1926-cı ildə
Bakı Müəllimlər Seminariyasını, 1932-ci ildə
Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu
bitirir. Kinoya olan maraq onu Moskvaya aparıb çıxarır. Gənc
yazıçı 1936-1937-ci illərdə Dövlət
Kinematoqrafiya İnstitutunun ssenari kurslarında oxuyur.
Moskvadan qayıdandan sonra o,
Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri
işləyir. 1945-1946-cı illərdə həmin
kinostudiyanın direktoru, Azərbaycan kinematoqrafiya nazirinin
müavini vəzifələrində çalışır.
Sabit Rəhmanın kinostudiyada işlədiyi dövr çətin
illər idi. Əvvəlcə repressiya, sonra müharibə,
müharibədən sonra isə film qıtlığı illəri.
Sabit Rəhman ədəbi fəaliyyətə
1926-1927-ci illərdə məşhur «Molla Nəsrəddin»
jurnalında dərc etdirdiyi felyetonlarla və tənqidi məqalələrlə
başlamışdı. İstər bu jurnalla əlaqə
saxlaması, istərsə də tanınmış
yazıçıların, xüsusilə M.F.Axundov və
C.Cabbarlının əsərlərini mütəmadi
oxuması onun yaradıcılığına müsbət təsir
göstərib, bir ədib kimi formalaşmasında
mühüm rol oynayıb.
S.Rəhman əsl komedioqraf
idi. O, yazırdı: «Səhnədə, ədəbiyyatda və
həyatda həddən ziyadə çatışmazlıqlar
var və onlarla mübarizədə yumor və satira çox
böyük rola malikdir. Geridə qalmışlığı,
tüfeyliliyi mən elə bu insanlar vasitəsilə göstərir
və onlara gülürəm».
Klassik dramaturgiyanın
gözəl nümunəsi olan «Arşın mal alan» kimi, «O
olmasın, bu olsun» operettası da 1956-cı ildə
ekranlaşdırılarkən filmin ssenarisinin yazılması
Sabit Rəhmana tapşırıldı. Dramaturq ssenari üzərində
işləyərkən operettanın nəinki süjet
planını, həm də onun ideyasını, obrazlar
sisteminin zənginliyini, klassik əsərin özünəməxsus
üslubunu qoruyub saxlayıb.
Filmin quruluşçu
rejissoru Hüseyn Seyidzadə müsahibələrinin birində
demişdi: «Bütün dövrlərdə, bütün millətlərin
sənət tarixində meydana çıxmış komediyalar
kimi «O olmasın, bu olsun» komediyası da mənalı
gülüş, sosioloji konflikt əsasında
yaranmışdır. Realizm əsərin mayasındadır. Məşədi
İbad, Həsənqulu bəy, Rüstəm bəy, Rza bəy,
Qoçu Əsgər, hələ üstəlik, hambal... Hər
birisi tamamlanmış, qrotesk boyalarla çəkilmiş
portretdir. İndi təsəvvür edin ki, qarşımda necə
məsuliyyətli vəzifə durmuşdu. Əvvəla, səhnə
üçün yazılmış əsəri
kinematoqrafın «dilinə» çevirmək, ikincisi, şarja
yol verməyib ciddi film çəkmək. Sabit Rəhman
ssenarist kimi birinci vəzifənin öhdəsindən gəlmişdi.
Komediyanın ilkin dramaturji quruluşunu əsas götürərək,
ona kinematoqrafik xüsusiyyət vermişdi. Mən də öz
növbəmdə bu xüsusiyyəti aktyor oyununda, mizanlarda,
filmin montajında gözləməyə
çalışmışam».
Bu musiqili komediya Daşkənddə
keçirilən Asiya və Afrika ölkələrinin beynəlxalq
kinofestivalında (1958) yüksək qiymətləndirilmişdi.
Film xarici ölkə ekranlarında böyük müvəffəqiyyətlə
nümayiş etdirilmişdi. SSRİ Xarici Ölkələrlə
Mədəni Əlaqələr İdarəsinin sədri
A.Davıdov Azərbaycan Kinematoqrafçılar
İttifaqının I katibi H.Seyidbəyliyə göndərdiyi
7 dekabr 1970-cı il tarixli məktubunda yazırdı ki, «O
olmasın, bu olsun» filmi 40 ölkəyə, o cümlədən
İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ,
İsveçrə və Macarıstana satılıb. Sonralar
filmin daha 10 ölkəyə satılması barədə məlumat
verildi.
İstər «Arşın mal
alan», istərsə də «O olmasın, bu olsun» filmlərinin
xalq kinosuna çevrilməsində ssenarist Sabit Rəhmanın
da zəhməti az olmamışdır.
Rejissor H.Seyidzadə
tapdanmış yolla getməyi sevməzdi, çətin
mövzuları işləməkdən çəkinməzdi.
Hələ 1960-cı ildə «Koroğlu» kimi qəhrəmanlıq,
Azərbaycan bədii kinosunda ilk genişekranlı film yaratmaq
Seyidzadə cəsarətinin təzahürü idi.
Sabit Rəhman «Koroğlu» qəhrəmanlıq
kino dastanının ssenarisini əfsanəvi qəhrəman
Koroğlu haqqında eyniadlı məşhur xalq
dastanının motivləri əsasında yazmışdı.
Kinodastan quruluşçu
rejissorun yaradıcılıq imkanlarından aşağı səviyyədə
çəkilsə də, H.Seyidzadəyə, ssenari müəllifi
Sabit Rəhmana və bütün yaradıcı qrupa uğur
qazandırdı. Axı, oxucular və tamaşaçılar
Koroğlunu ekranda görmək arzusunda idilər. Film istər
keçmiş Sovet İttifaqında, istərsə də bir
sıra xarici ölkələrdə geniş nümayiş
etdirildi. «Pravda» qəzeti filmlə bağlı yazırdı:
«Koroğlu» filmi ikinci həftədir ki, Tehranın ən iri
kinoteatrlarında ağzınadək dolu zallarda nümayiş
etdirilir. Bu film Azərbaycan xalq eposunun kino həvəskarları
arasında təbliğ olunmasına və
populyarlaşmasına kömək edir».
O vaxtlar Moskvadan alınan məlumata
görə, «Koroğlu» filmi 58 ölkəyə
satılmışdı.
Sabit Rəhmanın kinoda son
işi «Əhməd haradadır?» musiqili kinokomediya üçün
yazdığı orijinal ssenaridir. Bu ssenari müasir həyatımızdan
bəhs edir. Burada gənclərin - inşaatçı Əhməd
və sağıcı Leylanın köhnəlmiş adət-ənənələrə
qarşı etirazlarından, həyatlarını öz istədikləri
kimi qurmalarından danışılır. Filmdə həyatımızda,
məişətimizdə hələ də mövcud olan
köhnəliklərin qalıqları tənqid edilir.
Kinodramaturqun ssenarisi əsasında
rejissor A.İsgəndərovun 1963-cü ildə çəkdiyi
«Əhməd haradadır?» filmində Sabit Rəhmanın
yaradıcılığına xas olan incə yumor, satirik
lövhələr kino əsərini baxımlı edib. Hətta
burada elə ifadələr var ki, filmdən ayrılıb xalq
arasında deyimlərə çevrilib: «Qəməndir
çağırır», «Zülümov dedi, qurtardı!», «Rəis
məşğuldur, mən də məşğulam», «Sən
hələ Nərgiz xalanı yaxşı tanımırsan!»,
«Qəmisiyyədir? Deputatdır?», «Buna da bir quş qoyaq»,
«Sükanı belə saxla!»...
Sabit Rəhmanın ən
böyük şah əsəri onun övladı, görkəmli
bəstəkar Emin Sabitoğludur. Emin istər teatrda, istərsə
də kinoda öz sözünü demiş sənətkarlarımızdandır.
Onun musiqisini yazdığı bədii («Baladadaşın ilk məhəbbəti»,
«Gün keçdi», «Atları yəhərləyin», «Bizim Cəbiş
müəllim», «Dədə Qorqud», «Təhminə», «Ölsəm,
bağışla», «Bağlı qapı», «Ad günü», «Həm
ziyarət, həm ticarət», «İstintaq», «Bəyin
oğurlanması» və s.) və sənədli filmlər bu
gün də ekranlarda nümayiş etdirilir, yazdığı
mahnılar, lirik melodiyalar filmlərdən qoparaq müstəqil
yaşayır. Emin Sabitoğlunun qızı Ceyran xanım
alimdir, sənətşünaslıq namizədidir.
Azərbaycanın görkəmli
sənətkarı, Əməkdar incəsənət xadimi,
dramaturq, yazıçı, ssenarist, teatr və kino xadimi Sabit
Rəhmanın milli teatr və kinomuzun inkişafındakı
xidmətləri əvəzsizdir. Onun adı Azərbaycan kino və
teatr tarixinə əbədi həkk olunub.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi,
Kinoşünas
Mədəniyyət.- 2010.- 5 may.- S. 10.