Yarımçıq qalmış
simfoniya...
Mədəniyyət tariximizdə böyük izlər qoymuş bir çox görkəmli sənətkarların Bakıda
ev-muzeyləri var. Onlardan
biri də Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi,
dünya şöhrətli
bəstəkar Üzeyir
Hacıbəylinin ev-muzeyidir. Bu evdə neçə-neçə
ölməz əsərlər,
bəstələr yaranıb,
Dövlət Himnimizin
ilk notları burada səslənib.
Dahi bəstəkarın ev-muzeyindəki
ab-hava çox doğma gəlir insana. Muzeyin girişində
ziyarətçiləri Əhməd
Salikovun əl işi olan Üzeyir
bəyin büstü qarşılayır. Bəstəkarın
iş otağına keçirəm. Böyük və işıqlı
otaq, Üzeyir bəyin iş masası. Masanın üstündə üzü
gümüşdən olan
not qovluğu, mürəkkəb, dirijor çubuğu, kağız
kəsmək üçün
bıçaq, siqaret qabı, alışqan, telefon, eynək, qol saatı, Çaykovskinin kiçik büstü və bir də... Bir də dahi
bəstəkarın ömrünün
son illərində qələmə aldığı,
lakin yarımçıq
qalan “Azərbaycan” simfonik poemasının notları ...
Otaqdakı kitab rəflərinə baxıram və Ü.Hacıbəylinin maarifçi-publisist
qələmindən çıxan
məqalələrini xatırlayıram. Onlardan
biri belə başlayırdı: “Lənət olsun o günə ki, maarif və
mədəniyyət qapıları
bizim üzümüzə
bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində
sərgərdan qoydu”.
Üzeyir bəy və onun həmfikirləri
bu millətin maariflənməsi yolunda nələr etmədilər
ki...
Masadan sağ tərəfdə bəstəkarın royalı
qoyulub. Üzeyir bəyin əllərinin toxunduğu, ölməz bəstələrin yaranmasına
vasitəçi olmuş
royala toxunuram. Böyük fəxrlə,
qürurla...
Divardakı saat diqqətimi çəkir.
Gecə saat 2-ni göstərir. Dahi bəstəkar 1948-ci il noyabrın 22-dən 23-ə keçən
gecə saat 2-də dünyasını dəyişib.
Yataq otağına keçirəm. Köhnə
dolab, kamod, ipək saplarla işlənmiş qobelen, digər əşyalar... Divarda Üzeyir Hacıbəylinin həyat
yoldaşı Məleykə
xanımla Sankt-Peterburqda
çəkdirdiyi fotoşəkli,
digər ailə fotoları asılıb. Üzeyir bəyin dirijorluq etdiyi vaxt geydiyi frak
da buradadır.
Qonaq otağı ilə yataq otağı arasında balaca bir otaq var. Burada bəstəkarın əsərlərinin tamaşalarından
fotolar, afişalar, hədiyyələr yer alıb. İri gümüş güldan diqqəti cəlb edir. Bu hədiyyəni
Təbrizdəki soydaşlarımız
Üzeyir bəyə hədiyyə ediblər.
Bu da qonaq
otağı... Otaqda köhnə
radioqəbuledici, stol,
şkaf var.
Divarda bəstəkarın dəfn mərasimini əks etdirən fotolar,
Səttar Bəhlulzadənin “Şuşanın cıdır düzü”
rəsmi asılıb. Bir foto diqqətimi çəkir.
Masa arxasında əyləşmiş
Üzeyir bəy,
xanımı
Məleykə və
bir
çox tanınmış
insanların əksi olan foto bizi xəyalən bəstəkarın yaşadığı
dövrə aparır.
Bu il dahi bəstəkar
Üzeyir Hacıbəylinin
125 illik yubileyi qeyd olunacaq. Bu barədə muzeyin direktoru Sərdar Fərəcov məlumat verir: “Yubileyə ötən ildən hazırlaşırıq. Bəstəkarın həyat və
yaradıcılığı
ilə
bağlı
bir neçə yeni kitab yazılıb.
“Üzeyir Hacıbəyov müasirlərinin
xatirəsində”, “Üzeyir işığında məqalələr toplusu”
kitabları
artıq nəşriyyata təqdim olunub. Bəstəkarın geniş
ictimaiyyətə
məlum olmayan,
itmiş
sayılan “Şeyx Sənan”
operası ilk dəfə kitab halında nəşr olunacaq.
Yubiley tədbirində həmin operadan
3 musiqi nömrəsini bərpa edib göstərəcəyik”.
Muzeyi tərk edirəm. Sanki muzeylə
deyil,
böyük bəstəkarın özü
ilə
vidalaşıram. Təəssüratım olduqca zəngindir.
Muzeydə olduğum müddətdə
sanki keçmişimizə,
mədəniyyətimizin Üzeyirli çağlarına baş
çəkib qayıtdım, həmin dövrü təsəvvürümdə canlandırmağa çalışdım.
Bəstəkarın qonaqlı-qaralı evi...
Ətrafa
şən səslər yayılır.
Divar saatındakı donmuş
zamanın əqrəbləri də
hərəkətə
gəlir. Birazdan
Üzeyir bəy masanın arxasına keçib yarımçıq qalmış simfoniyanı
bitirəcək...
Gələcəyə addımlayaraq keçmişi
arzulamaq qəribədir,
deyilmi?
Yeganə Cansail
Mədəniyyət.- 2010.- 5 may.- S. 8.