Səni deyib gəlmişdik, ustad!

 

Mirzə Cəlil ədəbiyyatımızda, milli mədəniyyətimizdə müstəsna xidmətləri olmuş Mirzələrin birincisi deyildi. Ondan əvvəl bu şərəfli adı daşıyan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Əbdürrəhim Talıbov Mirzə Ələkbər Sabir vardı. O, sonuncu Mirzəydi ki, millətinin ağır dərdini çəkmək bu dəfə onun payına düşmüşdü.

 

Köhnə Dağlı məhəlləsinin dar, dolanbac yollarını keçib yazıçının ev-muzeyinə üz tuturuq. Mirzə Cəlil ömrünün (1869-1932) 10 ilini bu evin divarları arasında keçirib. Amma bütün həyatı, yaradıcılığı bu otaqlara cəm olub. O, xalqının fədakar, uzaqgörən, vətəndaş Mirzəsiydi. Bu adı ona kiçik hekayələrin böyük ustadı kimi məşhurlaşmağı, mübariz bir jurnala əsrin dörddə biri qədər rəhbərlik etməyi qazandırmışdı. Yaradıcılığına «Çay dəstgahı» alleqorik əsəri ilə başlamışdı Mirzə Cəlil. İşiylə bağlı kəndləri gəzdikcə, millətinin əzablarını gördükcə yazırdı - «Kişmiş oyunu», «Danabaş kəndinin əhvalatları», «Poçt qutusu»...

1906-cı ildə «Molla Nəsrəddin» jurnalı ilə oxucularla görüşən C.Məmmədquluzadə «Sizi deyib gəlmişəm» - dedi. Düz 25 il ətrafda baş verən eybəcərlikləri «Molla Nəsrəddin»in səhifələrinə çıxardı. Jurnalın ilk sayları, hələ aktuallığını itirməyən illüstrasiyalar muzeyin ən maraqlı eksponatlarındandır.

1909-cu ildə ədib məşhur «Ölülər» əsərini yazdı. Sonralar «Anamın kitabı». Mirzə Cəlilin əsərləri dünyanın neçə-neçə dillərinə çevrilib, oxunub...

Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı” - deyirdi Mirzə Cəlil.

1920-1921-ci illərdə ədib Cənubi Azərbaycanda, Təbrizdə yaşadı. Lakin millətin dərdi orda da ona dinclik vermədi. «Molla Nəsrəddin» yenə öz işindəydi. Millətin qanına, canına susayanlara aman vermirdi.

Sovet Azərbaycanına rəhbərlik edən N.Nərimanov Ə.Qarayev teleqram göndərib ədibi geri, Bakıya çağırdılar. Bir müddət sonra Nərimanov həmin bu mənzilin açarlarını ona təqdim etdi. Bakıdakı ədəbi-jurnalistlik fəaliyyəti ədibin həyatının mühüm mərhələsidir.

Xalq Maarif Komissarlığının əməkdaşı, «Azərbaycanı öyrənmə cəmiyyəti»nin, Əlifba Komitəsinin üzvü kimi gördüyü işlər əvəzsizdir.

Mirzə Cəlil 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayın iştirakçısı olmuşdu. 1928-ci ildə Moskva Dram Yazıçıları Bəstəkarlar Cəmiyyətinə Azərbaycandan seçilən ilk üzvlərdən biri Cəlil Məmmədquluzadə idi. O, həm Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd idi. Bununla yanaşı, yenə yazırdı. «Molla Nəsrəddin» baş verənlərə biganə deyildi.

Hələ 1930-cu il idi. Amma Mirzəni artıq 1937-nin qarşıdakı sazağı üşüdürdü. Ona görə əlyazmalarının hamısını qızınmaq adıyla sobada yandırdı. Dövr amansız idi. Ölümü onu çox gözlətmədi. 1932-ci ilin soyuq yanvar günündə yazıçı elə bu evdə qapının dəstəyini düzəldərkən əcəl onu yaxaladı.

Mirzə Cəlil millətinin dağdan ağır dərdini tək daşıyırdı. Ana dilini dillərin hamısından uca tuturdu. Yazıçının həyat yaradıcılığının müxtəlif dövrlərini əhatə edən nümunələrlə tanış olduqdan sonra onun yazı stolunun yanında ayaq saxladıq. Stolun bir küncündə yazılmışdı: «Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur» - Cəlil Məmmədquluzadə.

Səndən bizə qalan ən böyük sərvət elə söz oldu, Mirzə.

 

 

Sədaqət Yusifqızı

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 8.