Zirvədəki şəxsiyyət

 

Böyük ədib Cəlil Məmmədquluzadənin 140 illiyi münasibətilə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin «Bura Vətəndir» məclisi aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Cəlil Məmmədquluzadənin ev-muzeyi ilə birgə «Zirvədəki şəxsiyyətlərimiz» adlı ədəbi-musiqili tədbir keçirdi.

 

Qonaqları salamlayan muzeyin direktoru Pəri Mahmudova qeyd etdi ki, 1978-ci ildə respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ev-muzeylərinin yaradılması barədə qərar qəbul olunmuşdu. Cəlil Məmmədquluzadənin ev-muzeyi də həmin qərar əsasında yaradılıb.

Tədbir muzeyə ekskursiya ilə başladı. Muzeyin böyük elmi işçisi Yeganə Məmmədova qonaqları muzeyin eksponatları ilə tanış etdi. Sonra Mirzə Cəlilin iş otağında Şuşa Dövlət Dram Teatrının artistlərinin ifasında «Kamança» pyesindən parçalar təqdim olundu.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova C.Məmmədquluzadənin səhnələşdirilən əsərlərindən söhbət açdı.

Azərbaycan Dövlət Milli Dram Teatrının aktyoru, Əməkdar artist Sabir Məmmədov ölməz «Ölülər» əsərindən Kefli İsgəndərin monoloqunu ifa etdi.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, Gənc Tamaşaçılar Teatrının əməkdaşı Səriyyə İsmayılova, «Məhsəti» jurnalının baş redaktoru Fəridə Ləman, Bakı Dövlət Universitetinin doktorantı Salatın Əhmədova, muzeyin direktoru Pəri Mahmudova yazıçının yaradıcılığının müxtəlif dövrlərindən danışdılar.

 

 

S.Yusifqızı

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 8.