«Pəri Cadu» anşlaqla qarşılandı
Müxtəlif ölkələrə qastrol səfərlərindən
tez-tez xoş xəbərləri gələn
Sabit Rəhman adına Şəki
Dövlət Dram Teatrı
mayın 3-də paytaxtımızın
qonağı oldu. Milli Teatr Festivalı
çərçivəsində tamaşaçılara «Pəri
Cadu» səhnə əsərini təqdim edən teatr öz ənənələrinə
sadiq qaldığını
göstərdi. Tamaşanın
anşlaqla keçməsi
də buna əyani sübut idi. Gənc Tamaşaçılar Teatrının
səhnəsində nümayiş
olunan tamaşa rejissor və aktyor işinin peşəkarlığı ilə
seçilirdi.
Əbdürrəhim bəy Haqverdiyevin
(1870-1933) 1901-ci ildə qələmə
aldığı «Pəri
Cadu» dramı ədibin qələminə
xas simvolizm və mifik təzahürlərlə
zəngindir. Dramın Şəki teatrının
yozumundakı təqdimatı
ədəbi materialın
təfsilatına kor-koranə
deyil, məhz yaradıcı yanaşma tərzi ilə yadda qaldı. Səhnənin tərtibatı,
musiqi, aktyorların geyimi, onların obrazların dilini, yerişini tapmaq bacarığı, nitqi həqiqətən də işə səliqə və məsuliyyətlə yanaşmaqdan xəbər verirdi.
Haqverdiyevin bu pyesini alman
ədibi Gerhard Qauptmanın
(1862-1946) 1896-cı ildə yazdığı «Batmış
zəng» mənzum dramı ilə müqayisə etmək olar. Hər iki
əsərlə oxşar
surətlər var: tökməçi Henrix, gözəl pəri Rauntendeleyn, keşiş, müəllim, elflər, Henrixin arvadı - odunçu Qurban, onun arvadı Səlimə, dostu Niyaz, Pəri xanım, Dərviş, İblis, Şamama cadu, əcinnələr. Fərq orasındadır ki, Qauptmanın əsərində
gözəl pəri Rauntendeleyn Henrixin xilaskarı, Haqverdiyevin dramında isə Pəri xanım Qurbanın qənimi kimi verilir. İstənilən
halda «Pəri Cadu» və «Batmış zəng» bəşəri mətləbləri
önə çəkdiyinə
görə, dolğun
teatr həyatı yaşayan ədəbi
nümunələrdəndir.
«Pəri
Cadu» dramı ötən il
Şəki teatrının
130 illik yubileyi münasibətilə səhnəyə
qoyulub. Truppa bu tamaşa ilə Türkiyəyə
qastrol səfəri də edib. Teatrın
baş rejissoru Mirbala Səlimli səhnə əsəri üzərindəki işi
barədə qəzetimizə
danışdı: «Bu
əsərə yanaşmada
klassikliyi qoruyub saxlamağa çalışmışıq.
Bu isə o deməkdir ki, Əbdürrəhim bəyin «Pəri Cadu»sunda təsvir
edilən hadisələr,
xarakterlər müasir
dövrümüzdə baş
verənlərlə səsləşir.
Xeyirlə Şərin
mübarizəsi, insanın
Allahla İblis arasında seçim aparması bu gün bizi narahat
etmirmi? Belə dövrdə əsas odur ki, bəzi
qüvvələrin təsiri
altına düşməyəsən.
Tamaşanı hazırlayarkən
parlaq effektlər dalınca qaçmamışıq.
Məqsədimiz insanların
psixologiyasına təsir
etmək idi. Axı «Pəri Cadu»nun ana xəttini bumeranq prinsipi təşkil edir. Yəni dramın
süjet xətti hər cür pafosdan daha güclüdür.
Məqsədim o deyildi ki, hansısa obrazı daha iblisanə, hansınısa daha mələksima təqdim edim. İnsanların xarakteri birmənalı
qiymətləndirilməməlidir - hər birimizin içində Şər də var, Xeyir
də. Sadəcə,
insanın iradəsindən
asılı olaraq bəzilərində biri digərinə üstün
gəlir...»
Qeyd edək ki, «Pəri Cadu» ikihissəli səhnə əsərinin quruluşçu
rəssamı Qüdrət
Məmmədov, musiqi tərtibatçısı İlqar
Saatovdur. Əsas rolları Yasəmən
Məmmədova, Xanlar
Həşimzadə, Akif
Yusifov, Əbülfət
Salahov, Sima Şabanova və başqaları canlandırırlar.
Mayın 4-də isə Şəki teatrı J.B.Molyerin “Xəsis” (Fransız dilindən tərcümə
Mehman Musabəylinindir)
tamaşasını nümayiş
etdirib. Tamaşa Azərbaycanda peşəkar
teatrın yaranmasının
135 illiyinə həsr
olunub.
Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı
Əməkdar rəssam
Qüdrət Məmmədovdur.
Tamaşada rolları Əbülfət
Salahov, Aydın Əlibalayev, Xanlar Həşimzadə, Sima Şabanova, Rəhim Qocayev və başqaları oynayıblar.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 5 may.- S. 6.