Rəqsimizin şahzadəsi
vəfat etdi
Vəfatından bir neçə
gün öncə evlərində qonaq olub köhnə şəkillərindən, lent yazısının
yaddaşında əbədiləşən
rəqslərindən, saralmış
qəzet kəsiklərində
haqqında yazılan məqalələrdən Əminə
xanım Dilbazinin sənətə həsr olunan ömür yoluna bir daha
nəzər salmışdım.
Xatirələr söyləyəcək əhvalı
olmasa da, mənzilinin divarlarını
bəzəyən şəkilləri
91 illik mənalı ömür yolu haqqında hər şeyi deyirdi. Əminə
xanımınsa ömrünün
son nəğməsini
oxuyan bir halı vardı. Bununla belə, korşalan yaddaşından
süzülən, ömrünün
çox-çox uzaq illərində qalan xatirələri pıçıldayırdı.
Bu, onun son müsahibəsi idi...
Mayın 1-də rəqs şahzadəsinin vəfatı xəbərini
eşidən mənim
kimi hər bir kəs “belə
sənətkar nadir hallarda
doğulur” deyə təəssüflə dilləndi.
Əminə Dilbazinin
cənazəsi Rəşid
Behbudov adına
Dövlət Mahnı
Teatrından götürüldü.
Həmişə oynaq, lirik rəqslər bəxş elədiyi səhnəyə
indi Əminə xanım özü də son dəfə - vidalaşmaq üçün
çıxmışdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev matəm mitinqini açaraq Əminə Dilbazinin milli xoreoqrafiya məktəbinin yaradılması
və inkişafında
müstəsna rol oynadığını, qədim
tarixi köklərə
söykənən rəqs
sənətimizin ənənələrinin
layiqincə yaşadılmasında
əvəzsiz xidmətlər
göstərdiyini bildirdi. “Əminə Dilbazi XX əsrdə ölkəmizdə
qadınların incəsənət
sahəsindəki uğurlarının
təməlini qoyub, öz orijinal yaradıcılığı ilə
musiqi mədəniyyətimizə
güclü təsir göstərib. Ömrünün
sonunadək həyatını
Azərbaycanda xoreoqrafiyanın
inkişafına həsr
edən, milli rəqslərimizin
təşəkkülündə böyük xidmətlər
göstərən sənətkarın
ifa etdiyi rəqslər bənzərsizliyi
və yüksək peşəkarlıq səviyyəsinə
görə əsl sənət inciləri hesab olunur. Əminə
xanım Dilbazinin sevə-sevə canlandırdığı
rəngarəng,
dolğun obrazlar ona şöhrət gətirib”.
Mərasimdə Ailə,
Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova, Xalq artistləri Ramiz Zöhrabov, Afaq Məlikova,
Bakı
Xoreoqrafiya Məktəbinin
direktoru Neylüfər Kərimova
çıxış etdilər.
Milli rəqs sənətimizin inkişafında göstərdiyi
xidmətlərə görə,
görkəmli rəqqasənin
əməyi həmişə
yüksək qiymətləndirilib. Onun sinəsini
bir sıra orden və medallarla
yanaşı, ölkəmizin
yüksək mükafatı
- “İstiqlal” ordeni bəzəyirdi.
Mərasimdə mərhumun ailəsi adından çıxış
edən Mikayıl Hacıyev Əminə Dilbazinin xatirəsinə göstərilən hörmət
və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. M.Hacıyev Əminə Dilbazi
sənətinin bütün
pərəstişkarlarına və mərasimdə iştirak edənlərə
də təşəkkürünü
çatdırdı.
Əminə Dilbazi Fəxri Xiyabanda dəfn olundu.
T.Sərdarqızı
Mədəniyyət.- 2010.- 5 may.- S. 5.