Azərbaycan kinosu və müharibə
1941-ci ilin 22 iyununda faşist Almaniyası ilə Sovet
İttifaqı arasında müharibənin başlanmasıyla
Azərbaycan kino işçiləri öz işlərini
dövrün ağır tələbləri əsasında
yenidən qurmalı oldular. Müharibə başlanandan bir
neçə gün sonra Bakı kinostudiyasında şair və
yazıçılardan Səməd Vurğun, Mehdi Hüseyn,
studiyanın direktoru Şəmsəddin Abbasov və rejissor
A.Beknazarovdan ibarət bir komissiya təşkil olundu. Bu
komissiyanın vəzifəsi müharibə mövzusunda
qısametrajlı bədii və sənədli filmlərin,
xüsusi buraxılışların, kinojurnalların
yaradılmasına rəhbərlik etməkdən ibarət idi.
Bu məqsədlə yazıçılardan S.Rəhman,
İ.Qasımov, M.Cəlal, Ə.Sadıq, Ə.Məmmədxanlı,
M.Rəfili, rejissorlardan M.Mikayılov, R.Təhmasib, A.Quliyev,
M.Dadaşov, N.Bədəlov və başqalarına ssenarilərin
yazılması və filmlərin çəkilişləri
tapşırıldı.
Sənədli kino
ustalarının ilk işi istehsal etdikləri “Ordenli Azərbaycan”
kinojurnalının 20 və 21-ci nömrələri oldu. Bu
xüsusi buraxılış 1941-ci ilin iyun ayında
hazırlanmış, bütünlüklə müharibənin
başlanmasına və azərbaycanlı gənclərin
könüllü olaraq cəbhəyə getməsinə həsr
olunmuşdu.
Müharibə illərində
Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun
döyüşdə göstərdiyi hünərdən
danışan “Sovet pəhləvanı”, arxa cəbhədə
zəhmət adamlarının əməyindən söhbət
açan “Sovqat” qısametrajlı, dənizçilərin
göstərdiyi igidliklərdən bəhs edən “Sualtı
qayıq “T-9” tammetrajlı bədii filmləri, müharibə
illərində xalqlar dostluğundan danışan “Bir ailə”
kinoalmanaxı və s. istehsal olunmuşdu.
Kinematoqrafçılarımız
arxa və ön cəbhədə xalqımızın hünərindən
bəhs edən onlarla sənədli film, o cümlədən
“Cənub sərhədlərinin keşiyində”, “Biz
Bakını müdafiə edirik”, “416-cı”, “Cəbhə
arxasında”, “Qayğı”, “Vətən uğrunda”, “Bakı
neftçiləri”, “Şəfa nəğməsi”, “Xəzər
dənizçiləri”, “Qardaşlıq köməyi”, “General
Həzi Aslanov” və s. çəkmişlər.
Müharibənin ilk günlərindən
başlayaraq kinematoqrafçılarımızın bir hissəsi
arxa cəbhədə gecə-gündüz öz işini davam
etdirirdisə, digər hissəsi ön cəbhədə
çəkilişlər aparırdı. Belə çətin
və təhlükəli tapşırıqların yerinə
yetirilməsində kino işçilərindən Cavanşir
Məmmədovun, Xan Babayevin, Mirzə Mustafayevin, İsmayıl
Əfəndiyevin, Əbdül Həsənovun, Kazım Həsənovun,
Tofiq Tağızadənin, Camal İsmixanovun, Leonid Koretskinin,
Vladimir Yeremeyevin, Mirzə Rəfiyevin, Ağa Zeynal Ələkbərovun,
Əli Musayevin, Aleksandr Popovun, Əlihüseyn Hüseynovun və
başqalarının böyük zəhməti olmuşdu.
Kinooperatorlardan Ağa Zeynal Ələkbərov,
Kazım Həsənov, Mirzə Mustafayev, Cavanşir Məmmədov,
Xan Babayev, Leonid Koretski, Əlibala Ələkbərov, Məmmədağa
Axundov, Əbdül Həsənov, Vladimir Yeremeyev və
başqaları ön cəbhədə çəkilişlər
aparmış, düşmənlə vuruşmuş, dəfələrlə
ölümlə üz-üzə dayanmışlar. Bu cəbhəçi
kinematoqrafçıların silahı kinokamera idi.
Kinooperator L.Koretski
danışırdı ki, bir dəfə Soldatskaya
stansiyasını bizim döyüşçülər
faşistlərdən elə sürətlə təmizlədilər
ki, hətta düşmənlər silah anbarlarını belə
partlatmağa imkan tapa bilmədilər. L.Koretski
özü də bu əməliyyatda iştirak edirdi. O,
kilometrlərlə uzanan döyüş sursatlarını lentə
alırdı. Ən dəhşətlisi o idi ki, buradakı mərmilərin,
top güllələrinin üzərində bu sözlər
yazılmışdı: “Bakı üçün”.
Kino işçilərimizin
böyük bir hissəsi əllərində silah müxtəlif
cəbhə bölgələrində faşistlərə
qarşı qəhrəmanlıqla vuruşurdular. Ssenarist
Ədhəm Qulubəyov 416-cı Taqanroq diviziyasında rabitəçi
idi. Tale onu bir cəbhədən digərinə atırdı.
Gənc döyüşçü harada olursa-olsun
hitlerçi quldur dəstələrinə qarşı mərdliklə
vuruşurdu. Kinostudiyanın kinomexaniki Vasili Lozov müharibənin
bütün ağır yollarından keçmiş, göstərdiyi
qəhrəmanlıqlara görə 1943-cü ildə ona Sovet
İttifaqı Qəhrəmanı adı verilmişdi.
Görkəmli Azərbaycan bəstəkarı
Müslüm Maqomayevin oğlu Məhəmməd Maqomayev
müharibə başlanana qədər Bakı
kinostudiyasında rəssam işləyirdi. Müharibə illərində
o, könüllü olaraq cəbhəyə getmiş, kəşfiyyatçı
olmuşdu. Bir sıra mühüm əməliyyatlarda
iştirak etmiş, qələbəyə on gün
qalmış ağır döyüşlərin birində
yaralı yoldaşını xilas edərkən həlak
olmuşdu. Quraşdırma çəkilişlər rəssamı
Mirzə Rəfiyev, kinooperatorlardan Teyyub Axundov, Əlihüseyn
Hüseynov, Seyfulla Bədəlov kinostudiyanın
işçisi Yunus Muradov, kinostudiyanın direktoru Zəki Səfərov,
rejissorlardan Tofiq Tağızadə, Əjdər İbrahimov,
Şamil Mahmudbəyov və başqaları sovet ordusu
sıralarında müxtəlif cəbhələrdə
vuruşublar.
Müharibə qurtarandan sonra
sənətə əyinlərindən hərbi formanı hələ
çıxarmamış, dəhşətli hadisələrin
iştirakçısı olmuş, vaxtından əvvəl
yaşlanmış adamlar gəliblər. Onlar ekran vasitəsilə
nəsilləri adından, həlak olmuş yoldaşları
adından müharibəyə öz münasibətlərini,
nifrətlərini bildirmiş, öz sözlərini demişlər.
Rejissor T.Tağızadə
müxtəlif illərdə yaradıcılığında
müharibə mövzusuna müraciət edərək
“Şopenin qayıtması” (diplom işidir), “Uzaq sahillərdə”,
“Əmək və qızılgül”, “Mən ki gözəl
deyildim” kino əsərlərini yaratmışdır.
Rejissor Əjdər
İbrahimov moskvalı həmkarı İ.Qurinlə birgə
“Bir məhəllədən iki nəfər” kinopovestinə
quruluş verəndən sonra 1958-ci ildə özü müstəqil
olaraq “Onun böyük ürəyi” filmini çəkmişdir.
Üç dövrü - müharibədən əvvəl,
1941-1945-ci illər müharibəsi və dinc quruculuq illərinin
hadisələrini əhatə edən bu filmdə adamların
yüksək mənəviyyatından, ön cəbhədə
alman faşizminə qarşı qəhrəmanlıqla
vuruşub şücaət göstərmələrindən bəhs
edilir.
Azərbaycan kinosunda
seçilən rejissorlardan olan Şamil Mahmudbəyov
müharibə haqqında, özünün müharibədə
iştirakı barədə danışmağı sevməzdi.
O, müharibəyə o qədər nifrət edirdi ki, bu barədə
ondan danışmağı xahiş edəndə deyirdi:
“Vuruşmuşuq ki, ana-bacılarımızı faşist
taunundan xilas edək. Müharibə dövründə
milyonlarla insan hitlerçi işğalçılara
qarşı vuruşurdu, mən də onlardan biri, vəssalam. O
ki qaldı müharibə mövzusuna, bu barədə mən
sözümü ekrandan deyirəm”.
Ona görə də
Ş.Mahmudbəyovun yaratdığı filmlər arasında
müharibə mövzulu (“Şərikli çörək”,
“Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”),
bu və ya digər dərəcədə hərbi mövzuya
toxunan (“Torpaq. Dəniz. Od. Səma”, “Tənha narın
nağılı”) kino əsərləri xüsusi yer tutur.
Azərbaycan
kinosunda arxa cəbhəni əks etdirən bədii filmlər
çoxdur. “Bakının işıqları” (rej. A.Zarxi,
İ.Xeyfits, R.Təhmasib), “Bizim Cəbiş müəllim”
(rej. H.Seyidbəyli), “Gilas ağacı” (rej.T.İsmayılov),
“Bakıda küləklər əsir” (rej. M.Dadaşov),
“Tütək səsi” (rej. R.Ocaqov) və s. bu qəbildəndir.
“Bizim Cəbiş müəllim” hərbi kinopovesti müharibə
illərində hərbi texnikanın hərəkətə gətirilməsində
neft Bakısının həlledici rol oynamasından, bunun əhəmiyyətindən
bəhs edən tutarlı bədii kino əsəridir.
“Bizim
küçə” (rej. Ə.Atakişiyev), “Dağlarda
döyüş” (rej. K.Rüstəmbəyov), “Ömrün ilk
saatı” (rej. A.Babayev), “Ölsəm, bağışla” (rej.
R.Ocaqov), “Sahilsiz gecə” (rej. Ş.Ələkbərov) və
s. filmlərdə də müharibə mövzusuna toxunulub.
Lakin Azərbaycan kinosunda ön cəbhənin əks
olunmasına az rastlanır. Buna müharibədən sonra
yaradılmış “Uzaq sahillərdə”, “Skripkanın sərgüzəşti”
və “Sizi dünyalar qədər sevirdim” bədii filmlərini
misal göstərmək olar.
Rejissor Rasim İsmayılovun
çəkdiyi “Sizi dünyalar qədər sevirdim” qəhrəmanlıq
kinodramı C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının yaradıcılıq uğuru kimi qiymətləndirilmiş
və filmə ümumittifaq baxışı
keçirilmişdir.
Film iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, tank qoşunları
general-mayoru Həzi Aslanovun həyat və döyüş
bioqrafiyasının səhifələrini canlandırır.
Filmdə Həzi Aslanovun iştirak etdiyi döyüş səhnələri
Belorusiyada qış vaxtı, çoxsaylı hərbi texnika
ilə o qədər real və təbii çəkilib ki,
onunla bağlı hər epizod tamaşaçıda həyəcanla
bərabər qürur hissi doğurur.
Böyük Vətən
müharibəsindən sonra Azərbaycan kino sənətində
müharibə mövzusunda 25-dən artıq sənədli
film istehsal olunub. Bu filmlərdə xalqımızın istər
müharibənin ilk günlərindən sonuna kimi
döyüş meydanlarında, istərsə də müharibədən
sonra quruculuq dövründə əsl hünər və
şücaət göstərmələrindən söhbət
açılır.
2005-ci il mayın 5-də
böyük qələbənin 60 illiyi münasibətilə
bu sətirlərin müəllifinin təşəbbüsü
və kinostudiya rəhbərliyinin dəstəyi ilə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində
1941-1945-ci illər müharibəsində iştirak etmiş
kinematoqrafçıların şərəfinə xatirə
lövhəsinin açılış mərasimi
keçirildi. Tədbirdə çıxış edənlər
müharibədə iştirak etmiş kino işçilərinin
müxtəlif cəbhələrdə mərdliklə
vuruşmalarından, faşist orduları ilə üz-üzə
gələrkən həm əsl şücaət və igidlik
göstərmələrindən, həm də kino çəkilişləri
aparmalarından danışdılar.
Kinooperatorların
bu müharibədə böyük zəhməti olmuşdur. Əgər
onlar çəkiliş aparmasaydılar, bəlkə də
tarix bu qəhrəmanları, ağır döyüş
epizodlarını əks etdirən müharibənin səhifələrindən
xəbər tutmazdı. Biz heç vaxt bu insanları yaddan
çıxarmamalıyıq.
Aydın Kazımzadə,
Azərbaycanın əməkdar
incəsənət xadimi
Mədəniyyət.- 2010.- 7 may.- S. 14.