Yaşa, Humay ana!
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda
o, həkim işləyirdi. Yenicə ailə
qurmuşdu, kiçik
yaşlı körpəsi
vardı. Buna baxmayaraq, bir neçə dəfə könüllü olaraq cəbhəyə getmək,
döyüş bölgələrində
şəfqət bacısı
kimi çalışmaq
istəmişdi. Lakin onun istəyi yerinə yetməmişdi.
94 yaşlı Humay Dadaşova həmin günləri belə xatırlayır:
- Müharibə
başlayanda Bakıdakı
1 nömrəli poliklinikada
terapevt həkim işləyirdim, 23 yaşım
vardı. Hər
gün cəbhədən
ağır xəbərlər
gəlirdi, xəstəxanalarda
çoxlu yaralılar
vardı. Səhra cərrahiyyəsini, qanköçürməni
öyrənmək üçün
kurslar keçmişdim.
Cəbhəyə getmək
istəyirdim. Amma qucağımda
körpəmin olması
bu arzumun həyata keçməsinə
imkan vermədi. Üstəlik, mənim bu istəyimdən həmin vaxt Neftçalada, Daxili İşlər Xalq Komissarlığının rayon
şöbəsində işləyən
həyat yoldaşım
da xəbər tutmuşdu. O gəlib
məni körpəmlə
birlikdə rayona apardı.
Həkimlik fəaliyyətini
rayonda davam etdirən Humay xanım az sonra
səhiyyə şöbəsinin
müdiri vəzifəsinə
təyin olunur. Bir qədər sonra həyat yoldaşını Sumqayıta
işləməyə göndərirlər,
o da iş
yerini dəyişməli
olur.
«Onda Sumqayıt ancaq baraklardan ibarət idi, evlər tikilməmişdi. 420-ci polk
da orada hazır vəziyyətdə
dayanmışdı. Zarafat
deyildi, almanlar Şimali Qafqaza gəlib çıxmışdılar.
Boru-prokat zavodunda kiçik xəstəxanamız
da vardı. Mən həm də hərbi komissarlıqda tibb komissiyasının sədri
idim. Çətin illər idi. Gecə-gündüz işləyirdik,
hamı qələbəyə
öz töhfəsini
verməyə çalışır,
əlindən gələni
əsirgəmirdi», - deyə
Humay xanım xatirələrini çözələyir.
1945-ci ildə müharibə başa çatır. Humay Dadaşova
Sumqayıtda işləməyə
davam edir, 1948-ci ildə Şəhər Xalq Deputatları Sovetinə deputat seçilir.
Sonralar H.Dadaşova Bakıda müxtəlif məsul işlərdə
çalışır. Son
iş yeri Dövlət Təhlükəsizlik
Komitəsinin poliklinikası
olur. Burada həkim-terapevt kimi
düz 36 il çalışıb, əməkdar
həkim fəxri adına layiq görülüb, “Səhiyyə
əlaçısı”, “Qafqazın
müdafiəsinə görə”,
“Böyük Vətən
müharibəsində əmək
uğurlarına görə”,
Qələbənin 30, 40, 50, 60 illiyinə medalları ilə təltif olunub.
Humay xanım həm müharibə, həm də əmək veteranıdır.
Vətəninə layiqli
üç övlad böyüdüb. İndi
onların qayğısı
ilə əhatə olunan ağbirçək ana bizimlə söhbət zamanı müharibə veteranlarına
göstərdiyi diqqətə
görə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi: «Bu gün
bizim torpaqlarımız
işğal altındadır.
“Hücum!” əmri verilərsə, mən də bu yaşımda
ərazilərimizin bütövlüyü
uğrunda mübarizəyə
hazıram».
Biz isə Humay anaya möhkəm cansağlığı və
hamımızın gözlədiyi
Qələbəni görməyi
arzulayırıq. Yaşa, Humay ana!
İradə Əsədova
Mədəniyyət.- 2010.- 7 may.- S. 12.