Şuşasız 18 il...
Şuşanın işğalından
18 il ötür... Şuşalılar düz
18 ildir ki, bu ayrılığa alışa bilmirlər.
18 ildir Şuşasız
qalan bu insanlar ayrılıqdan doğan həsrətlərini
göz yaşlarına
büküb qəlblərinə
axıdırlar. Şuşa
onlar
üçün yalnız
gözəl, bolluğunu,
bərəkətini insanlardan
əsirgəməyən diyar
deyildi. Şuşa başdan-başa sevgi idi şuşalılar üçün. Ulu Yaradan dağların əzəmətlisini, torpağın
bərəkətlisini, suların
durusunu, havanın safını vermişdi bu yurda. Musiqi,
muğam, poeziya, folklor beşiyi idi Şuşa...
18 ildir ki, Şuşanın işğal
gününü qeyd edirik. Nə acılar ki, qubarlı günlər bir-birinə bağlanıb
elə hey uzanır... Üzeyir bəyin, Xan qızı Natəvanın,
Bülbülün, Zülfünün,
Xan əminin, Cabbarın, Seyidin ruhu insanlardan imdad diləyir...
Köçkünlükdə yaşayan mədəniyyət müəssisələri
Şuşa işğal
olunandan sonra rayonun bir sıra mədəniyyət müəssisələri
- mərkəzləşdirilmiş kitabxana sistemi, muzey, rəsm
qalereyası və uşaq musiqi məktəbləri Bakıda
fəaliyyət göstərir. Rayon mədəniyyət və
turizm şöbəsinin müdiri Zahid Abbasov qeyd edir ki,
şuşalılar rayonun mədəniyyət həyatını
qismən də olsa Bakıda yaşada bildiklərinə
görə təsəlli tapırlar.
Şuşa Rəsm
Qalereyasında rayonun təbiət mənzərələrinin
rəsmləri və tarixi abidələrin işğala qədər
olan vəziyyətini əks etdirən fotolar nümayiş
olunur.
Qalereyanın fondunda olan
materialların sayı 500-ü keçib: «Demək olar ki,
Şuşanın elə bir məhəlləsi və tarixi
yeri yoxdur ki, onun haqqında ətraflı məlumat
toplanmasın”.
Z.Abbasov bildirdi ki,
Şuşa şəhərinin işğalı zamanı 200-dən
artıq xalça və xalça məmulatı xilas edilərək
Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan
Xalq Tətbiqi Sənəti Xalça Muzeyində
saxlanılır və sərgidə nümayiş etdirilir.
Rayon mədəniyyət
və turizm şöbəsi Milli Kitabxana, Xalça Muzeyi, S.Bəhlulzadə
adına sərgi salonu və Ü.Hacıbəylinin ev muzeyi ilə
əməkdaşlıq edərək birgə tədbirlər
və sərgilər təşkil edir. Musiqi və
şəbəkə ustaları
da Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
keçirilən müsabiqə
və əl işlərindən ibarət
sərgilərdə iştirak
edirlər. Şuşanın
Bakıda fəaliyyət
göstərən 7 musiqi,
bir incəsənət
məktəbində il
ərzində müxtəlif
tədbirlər keçirilir.
Hər il rayonun musiqi məktəblərinin
şagirdləri arasında Süleyman Ələsgərov və
Vasif Adıgözəlovun əsərlərindən ibarət
vətənpərvərlik mövzusunda müsabiqələr təşkil
olunur. Musiqi məktəblərinin
şagirdləri Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi musiqi müsabiqələrində
fəal iştirak edir və fərqləndirici
nəticələrə nail
olurlar. Mədəniyyət
evinin «Muğam» xalq çalğı alətləri ansamblı vaxtaşırı hərbi
hissələrdə, islah
əmək müəssisələrində,
kimsəsiz uşaq evlərində konsert proqramları ilə çıxış edirlər.
Z.Abbasovun bildirdiyinə
görə, onun ssenarisi əsasında “Dağlıq Qarabağın
azərbaycanlı icması”
İctimai Birliyi ilə birlikdə “Azərbaycanfilm” kinostudiyasında
«Heç vaxt yaddan çıxmayacaq Şuşa» adlı film istehsal olunub.
Filmin Şuşanın
işğalı günü
ilə bağlı Milli Kitabxanada düzənlənəcək mərasimdə
ilk nümayişinin keçirilməsi nəzərdə
tutulub.
Z.Abbasov bu il
Şuşanın 260 illik yubileyi münasibətilə silsilə
tədbirlərin də nəzərdə tutulduğunu bildirdi.
Şuşa həsrətli tamaşalar
Bakıda
Şuşanın adını yaşadan bir mədəniyyət
ocağı da var - Şuşa Dövlət Musiqili Dram
Teatrı. Bu gün
teatrın səhnəsində
"Şuşa dağlarını
duman bürüyüb",
"Güllələnmiş heykəllərin fəryadı"
və başqa Şuşa həsrətli,
Qarabağ agrılı
tamaşalar oynanılır.
Teatrın kollektivi həmçinin müxtəlif
tədbirlərdə, mərasimlərdə
iştirak edir.
“O gündən
bu günə qədər sözümüzün
əvvəli də, axırı da Şuşadır” deyə,
teatrın aktyoru Teymur Məmmədov bildirir: «Bizim üçün dünyada
ən böyük şəhər
1993-cü ildə
Bakıya pənah gətirən Şuşa Teatrı əvvəlcə
Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşsa
da, sonra kollektivə “Savalan” kinoteatrının binası
verilib.
T.Məmmədov deyir ki,
teatrın kollektivi Vətən həsrətindən, yurd
itkisindən nə qədər qolu-qanadı qırılmış
vəziyyətdə işləsə də
tamaşaçılara Şuşa adına layiq tamaşalar təqdim
etməyə çalışır: “Fəaliyyətimizi bu
yöndə davam etdiririk. Nə vaxtsa torpaqlarımıza qayıdacağımız günü
gözləyirik. Arzu etdiyimiz həyatı, Allahın bizə verdiyi ömrün davamını doğma Şuşamızda yaşamaq
istəyirik!”
Teatrın direktoru
Yadıgar Muradov qastrol səfərinin Dağlıq
Qarabağın azərbaycanlı icması” İctimai Birliyi,
Şuşa Dövlət Musiqili Dram Teatrı və “Azərsun-Holdinq”in
“Bura Vətəndir” aksiyası çərçivəsində
həyata keçirildiyini bildirdi.
Yeri gəlmişkən,
mayin 5-də ölkə başçısının sərəncamı
ilə Prezident mükafatlarına layiq görülən sənət
adamları arasında Şuşa Teatrının direktoru
Yadıgar Muradov da var. Y.Muradov bizimlə söhbətində
bu təltifdən fərəh duyduğunu vurğuladı: “20 ildir ki, Şuşa Teatrının direktoruyam.
Prezident mükafatına
layiq görülməyimi
əməyimə verilən
yüksək qiymət
kimi dəyərləndirirəm.
Teatrımızın kollektivinə
həmişə dövlət
tərəfindən diqqət
və qaygı göstərilir”.
Y.Məmmədovun
sözlərinə görə, ötən illərdə bu
yüksək mükafata teatrın aktyorlarından Azad Məmmədov
və Əməkdar artist Şükufə Musayeva layiq
görülüblər.
Şuşa
Teatrının kollektivinin ən böyük arzusu
Şuşanın azadlığına həsr olunan
tamaşalarını oynamaqdır. Özü də
Şuşada, Cıdır düzündə...
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 7 may.- S. 10.