Fərəc Qarayevin instrumental teatrının poetikası

 

Rusiyanın «Muzıkovedeniye» jurnalı bu mövzuya məqalə həsr edib

 

Rusiyanın «Muzıkovedeniye» jurnalında həmyerlimiz, tanınmış bəstəkar Fərəc Qarayev haqqında məqalə dərc olunub. Musiqişünas Marianna Vısotskayanın qələmə aldığı məqalədə Fərəc Qarayevin əsərlərinin estetikasına geniş yer ayrılıb. Bəstəkarın çox sevdiyi musiqi teatr başlanğıclarının vəhdətini müşahidə etmək olar. F.Qarayevin kompozisiyaları musiqili diskursdan daha artıq bir yük daşıyır. Hətta süjetə bağlılıq cəhəti olmayan əsərlərində plastik ya təsviri sənət «artefaktları»nın gizli varlığı sezilir. F.Qarayevin yaradıcılıq fərdiyyəti üçün ədəbiyyatdan ayrı teatr ideyası maraqlıdı. Bu ideyaya görə, instrumentalçı özü-özünü çalır, ya da oynayır, süjet isə musiqinin plastikanın vasitəsilə ifadə olunur».

Müəllif qeyd edir ki, F.Qarayevin instrumental teatrının zahiri tərəfi səhnə təlaşı qroteskliyi ilə «bizi aynanın o biri üzündən ayıran» nazik pərdədir: «Güzgünün o biri tərəfində isə absurd anlaşılmazlıq məna kəşf etmək kimi qorxunc məntiqə çevrilir... Fərəc Qarayevin yaradıcılığında alətlər teatrı janrına aid olan «Tristessa» simfoniyası (1982), violonçeldə solo ifa üçün yazılmış «Terminus» (1987), zərb alətləri ansamblı üçün «Estafet» (2003) digər əsərlər var. Təzad məntiqi absurd teatrının estetikasından irəli çıxan bəstələrin dramaturgiyasında özünü daha qabarıq büruzə verir. Məsələn, teatr səhnəsində dörd solist kamera ansamblının ifası üçün bəstələnmiş «Həsrətdə» (1983-1986), «Cisimlərin düzülüşü» kompozisiyaları (1991), «Yad» adlı (2002) kiçikhəcmli tamaşası digər, əsərlərdə bunu müşahidə etmək olar».

 

 

Samirə Behbudqızı

 

Mədəniyyət.- 2010.- 7 may.- S. 8.