Teatr rəssamının
demək istədikləri
Eldar Qurban:
“Çalışırıq ki, tamaşaçıların
zövqünü oxşayaq”
Teatr kollektiv
fəaliyyət sahəsi,
mütəşəkkil sənət
növü olduğundan
tamaşa üzərində
çalışan yaradıcı
heyətin hər bir üzvü öz işinin peşəkarı olmalıdı.
Quruluşçu rejissor,
aktyorlar, rəssam, bəstəkardan hansısa
pyesin ruhunu duymasa, az-çox intellekti, müşahidə
qabiliyyəti olan tamaşaçı çatışmazlığı
dərhal sezəcək.
Teatrla bağlı budəfəki həmsöhbətimiz
Əməkdar rəssam,
Azərbaycan Rəssamlar
İttifaqının üzvü,
«Yeni Era» Beynəlxalq Rəssamlıq
Akademiyasının həqiqi
üzvü Eldar Qurbandır.
Sənətsevərlər onu həm də Ş.Qurbanov adına
Musiqili Komediya Teatrının quruluşçu
rəssamı kimi də tanıyırlar. E.Qurbanın şəxsiyyətindən
gələn ziyalılıq,
nəfis zövq və özgün dünyagörüşü sahibi
olması onun fərdi yaradıcılığında
olduğu kimi, teatr rəssamı kimi fəaliyyətində
də özünü
büruzə verir. E.Qurbanın təsviri
sənətdəki istedadının
teatr sənətindəki
ifadəsi ötən
əsrin 80-ci illərindən
başlayır. 1986-cı ildə
Naxçıvan Dövlət
Dram Teatrında tamaşaya qoyulan Sofoklun «Elektra»sının tərtibatını
o, mərhum Elçin Məmmədovla
birlikdə vermişdi - E.Məmmədov dekorasiyaların, E.Qurban isə əlbisələrin.
Naxçıvan teatrının
«Elektra»sı SSRİ-nin 70 illiyi münasibətilə Mərkəzi
Televiziya ilə nümayişlənmək üçün
Azərbaycandan seçilmiş
yeganə səhnə
əsəri kimi tarixə düşüb.
Bundan savayı, «Kitabi-Dədə Qorqud»un 1300 illiyi münasibətilə Gənc
Tamaşaçılar Teatrının
tamaşasının, Musiqili
Komediya Teatrında qoyulan «Qısqanc ürəklər» tamaşasının
da quruluşçu rəssam işi Eldar Qurbana məxsusdur.
Hazırda isə həmsöhbətimiz Ü.Hacıbəylinin
«Ər və arvad» komediyası üzərində işləyir.
Teatr sənətinin inkişafının ayrılmaz
tərkib hissəsi olan rəssam işi bu gün
hansı durumdadır?
E.Qurban bu sahədəki vəziyyətlə
bağlı düşüncələrini
və yeni yaradıcılıq axtarışlarını
bizimlə bölüşdü:
- Məşqlər
zamanı, ya da rejissorla fikir
mübadiləsi apararkən
adətən əvvəlki
qərarınızı dəyişirsiniz?
Ümumiyyətlə, personajlara geyim
yaraşdırarkən nəyə
əsaslanırsınız?
- Əlbəttə, məşq
prosesində bəzi ideyalar yarana bilər. Obraz özü rəssama
istiqamət verir.
Bundan əlavə, arxivlərdən
yararlanıram. Məsələn, indi üzərində işlədiyim «Ər və arvad»ın
librettosunda qeyd olunmayıb ki, Minnət xanımın geyimi avropasayağıdır.
Bu obraz Avropa təhsilli, mütərəqqi dünyagörüşlü
qadın olduğu üçün onun geyimində milli elementləri saxlamaqla avropasayaqlığa üstünlük
verəcəm. Həmin
libasların modellərini
isə Sankt-Peterburq arxivində tapmışam.
Sözsüz ki, yaradıcı prosesi fikir müxtəlifliyi olmadan təsəvvür etmək çətindir. Rejissorla birlikdə çalışırıq ki,
tamaşaçıların zövqünü oxşayacaq
ümumi rəyə gələk.
- Tez-tez Moskva və Sankt-Peterburq kimi teatral şəhərlərə
yaradıcılıq səfərləriniz
olur. Teatrlara baş
çəkərkən yəqin
ki, müqayisələr
də aparırsınız.
Bizim teatr rəssamlığı sahəsinin
nələrə ehtiyacı
var?
- Moskva və Sankt-Peterburqun teatr sənətinin dünyanın ən qabaqcıl teatrları ilə bir sırada
durması bəlli faktdır. Yaradıcı
potensial orda da var, burda
da. Amma orda texniki imkanlar
çox yüksək
səviyyədədir. Bizdə
bir bu cəhət
çatışmır, bir
də yeni nəfəs. Gənc rejissorlar, aktyorlar, bəstəkarlar və rəssamlar teatrda nə qədər çox olsa, sənət bir o qədər inkişaf edər. Çox şadam ki, teatrımızda bu çatışmazlıqlar
son vaxtlar kəskin problem kimi görünmür.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 7 may.- S. 8.