Barıt qoxulu nəğmələrin sorağında
Sən məni yad edəndə
əməlinlə, eşqinlə,
Nə hicran çək,
nə də qəm, nə yas tut, nə də inlə.
Bu odlu cəbhələrdən
ellər aparsın soraq,
Mən sənə
söz vermişəm, sevgilim, gözlə məni.
Gəncliyi Böyük
Vətən müharibəsi illərinə təsadüf
etmiş qızlardan, indiki ağbirçəklərdən
soruşun, onların hər biri mahnıdan heç olmasa, bircə
nəqarəti xatırlayıb zümzümə edəcək.
Bu gün sıraları
seyrəlmiş veteranların, cəbhədə hər an
ölümlə üzbəüz qalmış cəsur
döyüşçülərin, artıq 65 ildən bəri
mayın 9-nu ikinci doğum günü kimi bayram edən
ağsaqqalların yadına salın bu mahnını. Hər
birinin yadına vətəndən uzaq soyuq səngərlərdə
keçən barıt qoxulu, romantik ovqatlı məqamlar
düşəcək.
Çünki bu nəğmə
o illərin mahnısıdır! Döyüşdə vuruşan
igidlərin, onların yolunu gözləyən
ana-bacıların, qız-gəlinlərin həsrətini
ovudan nəğmədir «Gözlə məni».
Haydı, igidlər, haydı!..
Musiqi həmişə
savaşla, döyüşlə qoşa addımlayıb. Hətta
bizim milli musiqimizdə xüsusi melodiyalar - cəngilər,
döyüşə səsləyən havalar da var ki,
onların nə zaman yarandığı, müəllifi bəlli
deyil. Amma Böyük Vətən müharibəsi ilə
yaşıd olan vətənpərvərlik
mahnılarımızın müəllifləri də, ilk
ifaçıları da bəllidir.
Böyük Vətən
müharibəsinin yuvarlaq ildönümlərində həmin
illərə dair xatirələr çap olunurdu. 1975-ci ildə
qələbənin 30 illiyi ərəfəsində o vaxtkı
«Ədəbiyyat və incəsənət» qəzetində bəstəkar
Əfrasiyab Bədəlbəyli musiqi cəbhəsindəki «səfərbərlik»lə
bağlı xatirələrini
bölüşmüşdü: «Müharibə başlayandan
az sonra Üzeyir Hacıbəyov bütün bəstəkarları
yanına çağırıb dedi: «Hərə bir mahnı
yazmalıdır. Özü də qısa müddətə!
Mahnılar üçün üç gün, irihəcmli əsərlər
üçün uzaqbaşı bir həftə vaxt müəyyən
olunur».
Bəlkə də
böyük sənətkar ömründə ilk dəfə
yaradıcılıqla əlaqədar belə tələb irəli
sürürdü. Bu, zamanın hökmü idi. Bəli,
hamı çağırışa səfərbər oldu.
Üzeyir özü də. Onun «Döyüşçülər
marşı» (sözləri Səməd Vurğunundur) elə
ilk gündən ağızdan-ağıza gəzdi.
Üzeyir bəyin həmin
qeyri-rəsmi tapşırığından sonra yaranan
«Gözlə məni», «Gözləyərəm»,
«Yürüş marşı», «Vətən haqqında
mahnı», «Partizan oğlu», «Cəbhəyə», «İrəli»,
«Yun corab», «416-cı diviziya», «Qızıl ordu», «Zəfər
bizimdir», «Döyüşçünün andı», «Məni
yada salırmı?», «Bir addım da geri dönməməli»
kimi yüzlərlə mahnı o illər musiqi cəbhəsində
döyüşən bəstəkar və şairlərimizin,
ifaçılarımızın birgə yaradıcı əməyinin
bəhrəsidir.
Üzeyir bəy
müharibə illərində «Döyüşçülər
marşı» mahnısı ilə yanaşı,«Şəfqət
bacısı», «Vətən ordusu», «Yaxşı yol»,
«Ananın oğluna nəsihəti» kimi neçə-neçə
mahnı bəstələdi. Səməd Vurğun və
Süleyman Rustəmin şeirlərinə bəstələnmiş
«Qələbə himni» təntənəli odası
böyük bəstəkarın ən mükəmməl
simfonik əsərlərindən hesab edilir.
Hər şeydən üstün «Vətən»
O zaman çox gənc
olan iki bəstəkar dost - Qara Qarayev və Cövdət
Hacıyev isə müharibənin sonunu gözləmədən
bu xalqlar savaşına irihəcmli musiqi əsəri həsr
etmək fikrinə düşürlər. Müasir həyatdan
bəhs edən operanın musiqi dili də müasir
olmalıydı. Gənc bəstəkarlar demək olar ki,
heç bir nümunədən bəhrələnmədən
bu yolda birinci oldular.
Təəssüf ki, bu
gün biz «Vətən» operası barədə təəssüratlarımızı
bölüşə bilmirik. Çünki uzun illərdir ki,
bu opera oynanılmır. Onu səhnədə görüb
eşidənlər də çox azdır.
Amma o zaman, premyerası
1945-ci il may ayının 4-də (böyük qələbənin
astanasında) oynanılan opera çox böyük müvəffəqiyyətlə
qarşılanmışdı. Əsərin mövzusu - digər
sovet xalqları ilə birlikdə mərdliklə
döyüşən Azərbaycan xalqının qəhrəman
övladlarının vətən uğrunda
savaşının təsviri, musiqi materialının mükəmməlliyi,
əsas partiyaları oxuyan SSRİ xalq artisti
Bülbülün (Aslan), əməkdar artist Ağababa
Bünyadzadənin (Mərdan) ifası klassik opera tələblərinə
cavab verirdi.
«Vətən» operası
bu uğuruna görə 1948-ci ildə öz müəlliflərinə
SSRİ Dövlət mükafatı qazandırdı.
Geyib əsgər paltarını...
Böyük Vətən
müharibəsində Azərbaycan musiqiçiləri təkcə
arxa cəbhədə çalışmaqla qələbəyə
öz töhfələrini vermirdilər. Fikrət Əmirov
konservatoriyada təhsilini yarımçıq qoyaraq, müharibəyə
getmişdi. Voronej cəbhəsində kontuziya alandan sonra
ordudan tərxis olunmuşdu. Tofiq Quliyev 1941-ci ildə
«Qızıl ordu» ansamblını yaradaraq ona rəhbərlik
etmiş, 402-ci diviziya üçün vətənpərvərlik
mahnıları bəstələmişdi.
Xalq artisti, görkəmli
müğənni Sara Qədimova 1942-ci ildə Novorossiyskdə
şahidi olduğu hadisəni illər sonra danışanda da qəhərlənərdi:
«Bir dəfə konsertdə «Yaxşı yol»
mahnısını oxuyurdum. Birdən komandirin əmri
eşidildi. Əsgərlər əmri eşidən kimi
qalxdılar. Konsert meydanında heç kəs qalmadı. Biz
musiqini kəsmədik. Mən səsimi bir qədər də
ucaldıb, onların arxasınca daha bərkdən oxumağa
davam etdim. Mahnı ilə döyüşçülərimizə
yaxşı yol, qələbə dilədim. Əsgərlər
gözdən itmişdilər. Amma mahnını axıracan
oxudum. Mənə elə gəlirdi ki, cəbhəçilər
səsimi eşidirlər».
Ruhun əbədi qidası
İnsanın ən
şad, ən qəmli günündə də musiqi onu
müşayiət edir. Tarix boyu heç bir hərb meydanı
musiqisiz keçinməyib. Bizim əfsanəvi qəhrəmanımız
Koroğlunun da bir əlində qılınc, o birində telli
saz olub. Sonradan Azərbaycan aşıq musiqisində Koroğlu
havaları silsiləsi yaranıb.
Başabə
Böyük Vətən
müharibəsi illərində də vətənpərvərlik
ruhuna qida verən musiqi əsərləri bəstələnib.
Zorən taleyimizə
biçilmiş Qarabağ savaşının da öz
mahnıları var. 65-ci qələbə baharını
yaşadığımız alman faşizminə qarşı
müharibədəki qədər çox və təsirli
olmasalar da, var. Amma savaş illərinin elə mahnıları
var ki, onlar hansı ideologiyada yazılmasından asılı
olmayaraq, həmişə aktualdır.
Bu qələbə
ovqatlı günlərimizdə də həmin illərin məşhur
bir mahnısının nəqarəti yerinə
düşür:
Addımla cəbhəyə, düşmənə vermə
heç aman,
Zərbə vur faşizmə, aslan
ürəkli qəhrəman.
Əmr edir yurdumuz:
Qoymasın ordumuz
Dünyada bir nəfər
Yağıdan bir əsər.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 7 may.- S. 7.