“Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı Türkiyədə nəşr
edilib
Türkiyənin Dialoq-Avrasiya Platformunun
“DA Yayıncılık” nəşriyyatı
Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabını türk dilində nəşr edib.
Nəfis şəkildə
çap olunan kitab dünya şöhrətli siyasətçi,
dövlət xadimi Heydər Əliyevin dünyəvi dövlət
quruculuğu və milli siyasət sahəsindəki
çoxşaxəli səmərəli fəaliyyətinə
həsr olunub. Qeyd edək ki, kitab indiyədək rus, ingilis,
gürcü və ərəb (iki dəfə) dillərinə
tərcümə edilib. Türk oxucularına ərməğan
olunan kitab müəllifin “Ekiz qardaşıma” adlı ön
sözü ilə açılır. Ön sözdə Azərbaycan-Türkiyə
münasibətlərinin milli-mənəvi kökləri
xatırlanıb, “Azərbaycanın sevinci - sevincimiz, kədəri
- kədərimizdir” deyən Atatürkün, “Biz bir millət,
iki dövlətik” deyən Heydər Əliyevin konseptual fikirləri
istiqamətində hazırkı əlaqələrin bəzi
aspektlərinə toxunulub.
Sovet dövrünün
məhdud imkanlarından maksimum istifadə edərək Azərbaycanda
milli şüurun dirçəldilməsi, milli ruhlu
ziyalıların repressiya və təzyiqlərdən
qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf
etdirilməsi, dövlət strukturlarındakı yüksək
vəzifələrə milli kadrların yerləşdirilməsi,
onlara mənəvi dəstəyin artırılması,
güclü sənayenin təşkili bu gün Azərbaycanda
həyata keçirilən geniş quruculuq işləri
üçün tarixi hazırlıq mərhələsi hesab
olunur.
Kitabda görkəmli
dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti
nəticəsində həmin təməllər üzərində
formalaşmış milli-mənəvi özgürlük
konsepsiyası və onun həyata keçirilməsi, demokratik
Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası məsələləri
də ətraflı işıqlandırılıb.
Kitabdan siyasət tədqiqatçıları,
ali məktəb müəllimləri və tələbələrlə
yanaşı, Azərbaycanda dövlət quruculuğu məsələləri
ilə maraqlanan geniş oxucu auditoriyası da faydalana bilər.
Mədəniyyət.- 2010.- 7 may.- S. 5.