70 ilin tən yarısı...

 

Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət evi 1954-cü ildən fəaliyyət göstərir. 1975-ci ilədək - 21 ildə - burada 6 direktor dəyişib. 1975-ci ildən bu yana - son 35 ildə isə - mədəniyyət evinə Felman Lazımov rəhbərlik edir. Felman müəllimi haqlı olaraq Sumqayıt mədəniyyətinin ağsaqqalı adlandırırlar. 70 illik ömrünün tən yarısını həsr etdiyi mədəniyyət evinin nümunəvi fəaliyyəti, bu illərdə əldə etdiyi çoxsaylı uğurlar bunu deməyə tam əsas verir.

 

Onun haqqında deyilənlər...

 

33 il əvvəl işdən çıxardığı kinomexanik Natiq: «Felman müəllim məni işdən azad etmək üçün nöqsanlarımı elə soyuqqanlı izah etdi ki, bu qərar heç xətrimə dəymədi».

Memar dostu - 83 yaşlı (baməzə) Adil kişi: «Öz işini sevənlərin, öhdəsindən gələnlərin hamısı Felmanın dostu, qardaşı, o birilər isə heç əmisi oğlunun dayısı nəvəsi deyil...»

Sumqayıt Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi N.Qaffarov (operativ müşavirə zamanı, öz işinin öhdəsindən gələ bilməyənlərdən birinə müraciətlə): «İndi deyirsən, Felman müəllimə deyək, öz vaxtından keçib, gəlsin bunu sənə öyrətsin

nəhayət, Felman müəllimin 6 övladından birinin - BDU-nun jurnalistika fakültəsinin məzunu Sənurə Lazımovanın «Atalar atası atam» qeydlərindən: «XX əsrin ilk illərindən Azərbaycanın ictimai-siyasi dərdlərinin ən ağırlarına çiyin verən Nəriman Nərimanov yazırdı: «Elmdən, mədəniyyətdən uzaq düşən xalq tərəqqi edə bilməz». Sumqayıtda xalqımızın bu böyük ictimai-siyasi xadiminin, müdrik ədibin adını daşıyan bir mədəniyyət evi var ki, ona bütün aşkarından qaibanəsinədək bələd olduğum, mədəniyyətimizi öz övladları kimi sevən bir Azərbaycan oğlu rəhbərlik edir. O, mənim atamdır. Bu gün bütün axar-baxarı, qədim mədəniyyət abidələri ilə düşmən tapdağında qalmış Cəbrayıl rayonunun Mehdili kəndindən Teymur kişinin oğlu Felman...»

 

Yubileylər...

 

Bu mədəniyyət evində Felman müəllim çox yubileylərin təşkilatçısı olub.

Burada kiçik psixoloji bir məqama da toxunmaq istərdim. Belə ki, söhbətimiz əsnasında Felman müəllimin «ağzını çox aradım» ki, bəlkə özünün 70 yaşının da müxtəsərcə bir yubiley törənilə qeyd olunması arzusundadı ya yox, amma heç duya bilmədim. Bəs, «ümumiyyətlə, yubileylər vacibdirmi, gərəkdirmi, ya yox» sualıma isə çox aktiv reaksiya verdi. Buyurdu ki, bütün insanlar bu dünyaya təxminən eyni cür gəlirlər: bir evin şahidliyi, ser-sevinci çərçivəsində. Elə ki onlar şəxsdən şəxsiyyətə çevrilirlər, bir evin, bir elin dairəsindən çıxıb Vətən, dünya miqyasında tanınırlar - elələrinin bu dünyadakı fəaliyyəti mütləq qeyd olunmalıdır ki, bunun da ən münasib vasitəsi yubiley təntənələridir: «Bizim bu mədəniyyət evində saysız-hesabsız tədbirlərdən başqa, çox məşhurlarımızın, dahilərimizin ad günləri, yubileyləri qeyd edilib».

 

Ənənələr yaşayır...

 

N.Nərimanov adına Mədəniyyət evi Sumqayıtın mədəni həyatında həmişəkitək ən aktiv şəkildə iştirak edir. Mədəniyyət evində ənənələr yaşayır davam edir. Felman müəllim deyir, hansı sahədə çalışmaqdan asılı olmayaraq hər yerdə işgüzarlıq başlıca rol oynayır: «İşgüzarlıq mühüm məsələdir. Bura gələn hər kəs məni tapır. Bu demək olardı ki, kimsə mənim adımı tutub, vaxtından-vədəsindən kəsib bura gəlsin məni yerimdə tapmasın?! Bu, elə-belə məsələ deyil. Bu, hər şeydən öncə, ildə 100-dək tədbir deməkdir, burada 700-ə qədər insanın, həvəskarın məşğuliyyəti deməkdir, 19 bədii özfəaliyyət, dərnək, məşğələ kursların yaradılması, respublika miqyaslı tədbirlərdə iştirakımız, Mədəniyyət Turizm Nazirliyi tərəfindən dəfələrlə təltif mükafatlandırılmağımız deməkdir...»

 

 

T.Abbaslı

 

Mədəniyyət.- 2010.- 12 may.- S. 15.