Rəsul Rza: dünənin, bu günün, gələcəyin şairi

 

Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində Rəsul Rza fenomeninin mövcudluğu mütləq həqiqətdir və bu həqiqəti qəbul etməyənlər, Əli Kərim demişkən, günün qızıl gözlərinin içinə düz baxa bilməyənlərdir.

Dahi bəstəkar Qara Qarayev yazırdı: «Rəsul Rza elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur». Və bir də Məmməd Arazın Rəsul Rzaya həsr elədiyi şeirindən bu misra: «Zaman bir də çətin doğa o planeti». 

Məncə, R.Rza haqqında bu söhbət-düşüncənin epiqrafı üçün bu dediklərim yetər.

 

“XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir” sualı ilk baxışda çox sadə, hətta primitiv görünür. Axı, bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları R.Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər.

Burada həmin faktları xatırlatmağa lüzum yox. Ancaq bircə faktdan yan keçə bilmərəm: «Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin Rəsul Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı artır» («Sovetskaya literatura» jurnalının ingilis dilində nəşriyyatının məsul redaktorunun məktubu. Moskva, 21. Vl. 1965. Qreyvernkers Ontario, Kanada).

Deməli, Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya qoymaq olar. Ancaq bütün bunları bir kənara qoyub XX əsr şairi Rəsul Rzanın yaradıcılığına təkcə XX əsr poeziya hadisəsi deyil, daha geniş və qlobal zaman hadisəsi kimi baxaq. Böyük poeziya zamanında yaşamağa Rəsul Rza sənətinin enerjisi çatacaqmı? Tutaq ki, XXII ya XXIII əsrdə yazılacaq bir ədəbiyyat tarixində Rəsul Rzadan necə danışacaqlar: yoxsa «zaman çətin bir də doğa o planeti» misrası yüz minlərlə unudulan mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil.

Ancaq məsələyə bir qədər konkret yanaşaq. Daha doğrusu, “Rəsul Rza kimdir” sualını əvvəlcə onun yaşadığı konkret zaman müstəvisində izləyək. Əgər bu müstəvidən yanaşsaq, Rəsul Rza Azərbaycan sovet ədəbiyyatı hadisəsidir (necə ki, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm) və heç şübhəsiz, sovet varlığı və sovet həqiqətləri Rəsul Rza poeziyasından yan keçməmişdir.

Əgər bəziləri kimi Rəsul Rza sənətinə düşməncəsinə yanaşsaq, «Lenin» poemasını yazdığına görə onu ittiham da edə bilərik. (Hərçənd fikrimcə, «Lenin» poeması gözəl sənət əsəridir). Ancaq istənilən bir totalitar, ya avtoritar quruluşda şairlərin ideologiyaya münasibəti iki cürdür. Birinci halda şair bütünlükdə özünü həmin ideologiyaya təslim edir, bütün varlığı ilə həmin ideologiyanın bədii tərənnümçüsünə çevrilir. Bu cür şairlər ya bütün varlığıyla həmin ideoloji doktrinaya inanıb səcdə edir, ya da nökərçilik missiyasını yerinə yetirirlər. İkinci halda, şair həmin ideologiyanın puçluğunu, mənasızlığını dərk edir, ancaq başkəsənin - cəlladın qılıncı qarşısında öz gücsüzlüyünü də anlayır və mümkün qədər dövlətə, ideologiyaya yox, milli-mənəvi dəyərlərə xidmət edir.

Ancaq bütün bu mülahizələri də bir kənara qoyaq. Sənətkarı yaşadan, ilk növbədə, onun hansı bir cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir. Rəsul Rza müdriklik çağlarından birində yazmışdı:

  

   Sabirdən səkkiz yaş böyüyəm,

   Koroğludan on dörd yaş.

   Ancaq hələ

   Sabir deyəni

   deyə bilmişəm,

   Koroğlu eləyəni

   eləyə bilmişəm.

   Deyirəm, bəlkə

   çatanda Nizami yaşına

   mən də bir şey verə bildim

   insanlığın

   səadət uğrunda savaşına.

 

İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri ilə «insanlığın səadət uğrunda savaşına» çox şey verə bildi. Milli-mənəvi düşüncənin formalaşmasında digər böyük şairlərimiz kimi Rəsul Rza da öz sözünü deyə bildi.

  

   Bizeni, Motsartı sevən ellərin

   Yastı balabanı, tarı bol olsun.

 

Bu sətirlərin müəllifi Rəsul Rzadır. Vaxtilə onu kosmopolitizmdə, nihilizmdə, milli-mənəvi dəyərlərə etinasızlıqda təqsirləndirənlər də olub. Ancaq gün kimi aydındır ki, Rəsul Rza öz xalqına, bu xalqın mənəviyyatına bütün varlığıyla daha çox bağlı idi, nəinki «Xalq, Vətən» deyib qışqıranlar...

Mənhus 37-ci ildən sonra uzun illər sovet totalitar rejiminin qorxusunu canında, qanında yaşadanlar olub, indi də var. Amma Rəsul Rza «Qızılgül olmayaydı» poeması ilə xalqın varlığına hopmuş qorxuya və vahiməyə müharibə elan etdi.

XX əsr Azərbaycan şeirində (söhbət sovet ədəbiyyatı mərhələsindən gedirsə) novatorluq hadisəsini yalnız Rəsul Rza yaradıcılığı ilə bağlayanlar böyük yanlışlığa yol verirlər. Bu cür düşünənlər, ustad tənqidçi Məmməd Cəfərin təbirincə desək, şeirdə novatorluq məsələsinə formalist münasibət bəsləyirlər. Heç şübhəsiz, 30-cu illərin əvvəllərində «sərbəst şeir» yazanları ucdantutma novator şair hesab edirdilər, ancaq unudulurdu ki, novatorluğu şeirin bütün formalarında həyata keçirmək olar. O zaman bu baxımdan Səməd Vurğun şeiri də yeniliyilə seçilirdi, Rəsul Rza şeiri də. Ancaq Rəsul Rza şeirindəki novatorluq dünya poeziyasında gedən yeniləşmənin milli ədəbi prosesdə əks-sədasıydı. Bu əks-səda təkcə gənc Rəsul Rzanın yox, həm də Mikayıl Rəfilinin, Səməd Vurğunun və digər gənc şairlərin ilk şeirlərində də qabarıq nəzərə çarpırdı.

Ancaq bu ilk «sərbəst şeir» nümunələri milli poeziyada yad və gəlmə, təsir və təqlid nümunələri kimi qəbul olunurdu. Təsadüfi deyil ki, Mikayıl Rəfili sonralar şeirdən əl çəkdi. Səməd Vurğun isə öz ruhuna doğma olan heca vəzninə üz tutdu. Lakin Rəsul Rza bu yoldan dönmədi, XX əsr dünya poetik hadisəsini Azərbaycan şeirində təbii, qanunauyğun hadisəyə çevirdi.

Rəsul Rza XX əsr Azərbaycan şeirində ilk modernist şairdir və ümumilikdə milli poeziyamızda sərbəst şeir ənənəsinin banisidir. Və bu yolda Rəsul Rza qətiyyən, bəzilərinin düşündüyü kimi, ənənələrə arxa çevirməmiş, lakin öz yaradıcılığı timsalında davamlı bir ənənə yaratmışdır.

Bu məqamda mən Rəsul Rzanın ənənə ilə bağlı bir fikrini xatırlatmaq istəyirəm: «Ənənələri hərarətlə müdafiə edən adamlar nədənsə çox zaman onları yalnız keçmişdə axtarırlar. Keçmişin məişət və ədəbi ənənələrinin hamısını bizim müasir həyatımız və sənətimizin silahı eləmək meyillərinin düzgün olmadığını hələ demirəm. Belə bir sual ortaya çıxır: Ənənə yaratmaq məgər yalnız keçmişin əldəyməz hüququdur? Nə üçün bizim keçmişdən qat-qat maraqlı və zəngin olan həyatımız yeni ənənələr yarada bilməz və yaratmamalıdır? Milli kolorit, şeirin üslubu və cümlələri haqqında da həmin sözü demək olar. Belə düşünmək ki, «millətlər nə yarada bilərlərsə artıq yaratmışlar, sənətdə milli xüsusiyyət isə çoxdan tapılmışdır, burada axtarmalı bir şey yoxdur» - məncə, bu, tamamilə səhvdir. Bizim həyatımızda, müxtəlif xalqların həyatının bu qədər bir-birilə yaxından bağlı olduğu bir dövrdə, bu xalqların böyük tarixi əməlləri birgə mübarizədə həyata keçirdikləri bir zamanda, onlar elə xüsusiyytlər kəsb edirlər ki, milli olduqları halda əvvəlkindən daha çox beynəlmiləl ünsürlər daşıyırlar».

Məsələ burasındadır ki, vaxtilə Rəsul Rza yaradıcılığından söz açan bir sıra tənqidçilər ancaq forma məsələsindən yapışır, onun məlum 1-2 şeirini xatırladaraq ənənəyə zidd şair kimi qələmə verirdilər. Əslində, Rəsul Rza heç bir zaman heca şeirini gözdən salmağa (onun özü nə qədər heca şeiri yazıb, bunun əksinə, sərbəst şeiri modern, müasir şeir forması kimi üstün hesab etməyə çalışmamışdır. Ancaq Rəsul Rza illər boyu poeziyada şablonun, poetik inkişafa mane olan epiqonçuluğun əleyhinə mübarizə aparmışdır.

Rəsul Rza və Azərbaycan poetik ənənələri ayrıca bir söhbətin mövzusudur. Ancaq Rəsul Rza özü də şeirdə bir ənənə yaradıb və fikrimcə, onun Azərbaycan ədəbiyyatındakı ən böyük xidməti - novatorluğu bu ənənə ilə bağlıdır. Bir çox tədqiqatçılar - Əkbər Ağayev, Şamil Salmanov, Gülrux Əlibəyli, Arif Abdullazadə, Nazif Qəhrəmanov onun yaradıcılığından söz açarkən məxsusi olaraq vurğulayıblar ki, Rəsul Rzanın yaratdığı sərbəst şeir dünya poetik təcrübəsi ilə Azərbaycan müasir şeirinin vəhdətini əks etdirir, hətta burada Azərbaycan şeirinin müasir elementləri aparıcı mövqedədir.

  

   Mənə bir sərgi salonu verin!

   Orda bir insan şəkli asacağam -

   adi bir insan.

   elə kiçik ki, məhəl qoyan olmaya,

   elə böyük ki, baxanda qorxasan.

   Orda bir insan şəkli asacam,

   görünsün dünyanın hər yerindən;

   zamanın keçmişindən,

   dövranın indisindən,

   əsrin gələcəyindən.

   Bir insan şəkli asacam;

   bir yanında Nəsimi -

   dabanından soyulandan sonra,

   Bir yanında

   məşəl kimi yanmış Azəri qızı -

   tunc heykəli qoyulandan sonra.

   Bir yanda Cordano Brunonun külü,

   Bir yanında Məmmədhəsən kişi-

   ömrü, günü yollara tökülü.

   Yuxarıda kosmopolit göy,

   Aşağıda sərhədlə kilidlənmiş ölkələr.

   Bir yanda Osvensim -

   Minlərlə insan, beli bükülü.

   ...Bir insan şəkli asacam;

   qapalı dodaqlarında söz yanığı.

   Ətrafında bayram təntənələri.

   Baxışında sınaq günləri,

   Dözüm sahələri.

   Şəklin müəllifi - Zaman.

   Adı - insanlığın ömür yolu.

 

«İnsan şəkli» şeirini Rəsul Rzanın humanizm konsepsiyasında ən bariz, ən parlaq bir nümunə hesab etmək olar. Burada bəşər tarixinin, onun təzadlı və tragik inkişafının lirik monumental poetik abidəsi canlanır. Dünya poeziyasında buna bənzər nümunələr tapmaq olar (Nazim Hikmət, E.Mejalaytis, Elvi Sinervo, Ernost Valdinqer, O.Süleymenov, Şəhriyar, Əli Kərim, B.Vahabzadə və s.), amma Rəsul Rza bir detal vasitəsilə bəşər tarixinin - insanlığın keçdiyi yolu simvollaşdırır.

Bu şeir Rəsul Rza sərbəstinin ən parlaq nümunəsidir. Vaxtilə İ.Selvinski Rəsul Rzanın «Rənglər» silsiləsini «rəsmdən fəlsəfəyə doğru hərəkət» adlandırmışdı. Həmin fikri təkcə «Rənglər»ə yox, şairin «İnsan şəkli» və bu qəbilədən olan onlarla şeirinə aid etmək olar.

 

 

Ardı var

 

Vaqif Yusifli,

tənqidçi, filologiya elmləri namizədi

 

Mədəniyyət.- 2010.- 12 may.- S. 13.