Davul
Davul çubuqlarla səsləndirilən
zərb alətidir. Onun
adına «Kitabi-Dədə
Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr,
bir sıra tarixi hadisələr III-IV
əsrlərlə səsləşir.
Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim
eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı
çəkilir.
Türk dünyasında
davul çox zaman bayraq, xitbə,
sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs
tutulub. XI əsrdə
yaşamış türkoloq-alim
Mahmud Kaşğarlıya
görə, davulu ovçular icad ediblər.
Davul ölçüsünə
görə üç
cür olur: böyük, orta və kiçik. Lakin müxtəlif ölçülü davulların
çalğı prinsipi
eynidir. Bu alət əsasən nar ağacından hazırlanan nazik çubuq və qalın toxmaqla səsləndirilir. İfaçı
qalın toxmağı
sağ əli ilə davulun ön hissəsindəki dəriyə vuraraq musiqinin güclü vurğusunu ifa edir. Sol əlindəki
nazik çubuqla da alətin arxa tərəfindəki dərini döyəcləməklə
onu səsləndirir.
Davul sözü «tovul» sözündən yaranıb. Tovul
öyrətmək, başa
salmaq deməkdir. Müasir Azərbaycan dilində istifadə edilən tovlamaq (öyrətmək, tələ
qurmaq, qızışdırmaq)
sözü ilə eyni kökdəndir.
Mənbə: Abbasqulu Nəcəfzadənin
«Çalğı alətlərimiz»
kitabı
Mədəniyyət.- 2010.- 12 may.- S. 12.