Tariximizi yaşadan 101 otaq
Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər
buranı həm də böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər
Dünya mədəniyyəti xəzinəsinə gözəl
nümunələr bəxş edən Azərbaycan xalqı qədim
və zəngin mədəniyyətə malikdir. Xalqımızın
ulu keçmişini özündə yaşadan, bu tarixi yolu əks
etdirən eksponat və materialların toplandığı
ünvan isə Milli Azərbaycan Tarixi Muzeyidir. Bu il muzeyin
yaradılmasının 90 ili tamam olur. Prezident İlham Əliyevin
16 mart 2010-cu il tarixli sərəncamına əsasən, Mədəniyyət
və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasına muzeyin
yubileyinin keçirilməsi üçün birgə tədbirlər
planı hazırlayıb həyata keçirmək
tapşırılıb. Zəngin tariximizi bir daha səhifələmək
üçün yolumuzu bu ünvandan saldıq.
Muzeyin tarixçəsi
Milli Azərbaycan Tarixi
Muzeyinin yerləşdiyi bina vaxtilə Azərbaycanın məşhur
neft milyonçusu, böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin (1838-1924) mülkü olub. Tağıyev
ailəsi, yaxın qohumları ilə birlikdə bu
üçmərtəbəli, yüksək memarlıq
zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb.
1895-ci ildə təməli qoyulan binanın inşası 7 il
sürüb. 101 otaqdan ibarət imarətdə Tağıyevin
ailəsi xoşbəxt günlərini keçirib. 1920-ci ilin
28 aprelində Azərbaycanın sovetləşməsindən
sonra bir çox zəngin insanların mal-mülkləri kimi,
Tağıyevin evi də müsadirə olunub. Böyük
xeyriyyəçi min arzularla inşa etdirdiyi mülkünü
tərk edərək ömrünün son illərini Mərdəkandakı
bağ evində yaşamalı olub.
Tarixi binada isə Azərbaycan
Xalq Maarif Komissarlığının sərəncamı ilə
yaradılmış "Muzekskurs"un əsasında
"Doğma diyarın tədris muzeyi" təşkil edilib.
1921-ci ildən Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən
SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının, 1945-ci ildən Azərbaycan SSR Elmlər
Akademiyasının tərkibində Azərbaycan Tarixi Muzeyi
kimi fəaliyyət göstərib. 2004-cü ildə muzeyə indiki status - Milli Azərbaycan
Tarixi Muzeyi adı verilib.
Uzun illər fəaliyyət
göstərən binada ciddi təmir-bərpa işləri
aparılmamışdı. 2005-ci ildə muzeyə baş
çəkən prezident İlham Əliyev binanın tamamilə
yenidən qurulması, əsaslı təmir-bərpası barədə
göstəriş verdi. Xaricdən bərpaçı mütəxəssislərin
də dəvət olunduğu genişmiqyaslı iş
üç ilə yaxın sürdü və nəhayət,
muzey möhtəşəm interyeri ilə ziyarətçilərin
üzünə açıldı.
Muzeyin 90 illik yubileyi ilə
bağlı tədbirlər bir neçə aydır ki, davam
edir. Təntənəli yubiley tədbiri isə payızda
keçiriləcək. İlin sonunda muzeydə beynəlxalq
konfransın keçirilməsi də nəzərdə tutulur.
Zəngin ekspozisiya zalları
Muzeydə Azərbaycan
tarixinin bütün dövrlərini əks etdirən
ekspozisiya zallarında 300 minədək eksponat
toplanılıb. Daş dövrü, orta əsrlər və
antik dövrə aid əşyalar muzeyin qiymətli
eksponatları sırasındadır. Azərbaycan ərazisində
mövcud olmuş Atropatena, Albaniya, Şivanşahlar,
Ağqoyunlular, Səfəvilər dövlətləri
dövrünə aid maddi-mədəniyyət nümunələri
ölkəmizin qədim dövlətçilik ənənələrindən
xəbər verir.
Qeyd edək ki, muzey həm də
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat
və mədəni-maarif müəssisəsi
funksiyasını yerinə yetirir. Müəssisənin elmi
işlər üzrə direktor müavini Nərgiz Əliyevanın
sözlərinə görə, burada Azərbaycan tarixinə,
arxeologiya və etnoqrafiyasına dair geniş tədqiqat işləri
aparılır, aspirant və dissertantlar
çalışır. Son illər muzeyə ayrılan maliyyə
(o cümlədən Prezidentin Ehtiyat Fondundan) vəsaiti
hesabına yeni eksponatlar alınıb. Muzeyin Alqı
komissiyasının sədri Məhfuzə Zeynalova bildirir ki,
yeni əşyaların alınması müvafiq qaydalar əsasında
həyata keçirilir: «Qiymətli əşyaları əsasən
əhalidən alırıq. Qiyməti mütəxəssislərdən
ibarət komissiyada müəyyən edilir və alqı
qarşılıqlı razılaşma əsasında
gerçəkləşir. Məsələn, ötən il
1712 ədəd saxlanma vahidi təşkil edən yeni materiallar
almışıq».
Qeyd edək ki, muzeydə eksponatların
vəziyyətinə ciddi diqqət göstərlir.
Ekspozisiyalarda olan parça materialları və xalçalar
xarab olmasın deyə yarım ildən bir yenisi ilə əvəz
edilir.
Muzeyin birinci zalında Azərbaycanın
kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb
edir. Xəritədə Azərbaycanın ərazisi, əhalisi,
relyefi, florası, faunası, faydalı qazıntıları və
s. barədə məlumatlar var. Buraya gələnlər
elektron gidlərin köməyi ilə Azərbaycan, rus və
ingilis dillərində ölkəmiz haqqında ətraflı
informasiya ala bilərlər. Böyük ekranda və monitorda
kinofilmlərə baxmaq olar.
Xəritədən sağ tərəfdəki
paneldə tariximizin ayrı-ayrı dövrlərini
tamaşaçıların diqqətinə çatdırmaq
üçün vitrinlərdə istifadə olunan rəng
çalarları müəyyən məna kəsb edir. «Tarixi
dövrlərin rənglərlə təsnifatı» planından
göründüyü kimi, hər bir tarixi dövr müxtəlif
rənglərlə nəzərə
çatdırılır.
Ekspozisiyada şüşəli
vitrinlər və şkaflar İtaliyadan gətirilib. Burada
Daş dövrünə, Paleolit, Neolit, Eneolt, Tunc və Dəmir
dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və
dəvəgözü, əmək alətləri, gil qablar,
tunc qılınc və xəncərlər, antik sikkələr,
qadın bəzək əşyaları və s.) vitrinlərdə
yerləşdirilib. Əvvəlkindən fərqli olaraq, yeni
qurulmuş ekspozisiyada Azərbaycan-Türk İslam mədəniyyəti
nümunələri nümayiş etdirilir. Zalda qoyulmuş
miniatür nümunələri Orta əsrlərdə bu sənətin
ölkəmizdə çiçəkləndiyini sübut
edir. Azərbaycanda İslam dinin yayılmasına aid
materialları, əlyazmaları da zalda görmək
mümkündür.
Yeni tariximiz Avropa zalında nümayiş olunur
Muzeyin 2-ci mərtəbəsindəki
Qərb (Avropa) zalında Azərbaycanın xanlıqlar
dövründən (XVIII əsr) başlanan yeni tarixinə dair
ekspozisiya yerləşib. Qeyd edək ki, vaxtilə
H.Z.Tağıyev Avropadan gələn qonaqlarını məhz
bu zalda qəbul edərmiş. Xanlıqlar dövrünə
aid müxtəlif eksponatlar, şəhər-qalaların rəmzi
açarları, sənədlər, geyimlər, müqavilələr,
dövrü əks etdirən şəkillər maraq
doğurur. Burada Azərbaycan xanlıqlarının
bayraqları, rəmzləri və çar Rusiyası
işğalı dövrünə (1801-1828) aid materiallar, həmçinin
dövrün etnoqrafik materialları - xalça məmulatları,
milli geyim, məişət əşyaları və s.
nümayiş olunur.
Sonrakı zallarda Azərbaycanda
sənaye, neft, nəqliyyat, din, mədəniyyətin
inkişafı ilə bağlı eksponatlar yerləşdirilib.
Digər bir ekspozisiya Azərbaycan tarixinin xronoloji
ardıcıllığı əsasında ictimai-siyasi hərəkatlar,
I Dünya müharibəsi və inqilabi hərəkatla
bağlı materiallarla davam etdirilir. Muzeyin bu hissəsində
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı
materiallar da öz əksini tapıb. Azərbaycanın
istiqlalına köməyə gəlmiş türk
(Osmanlı) ordusuna və Azərbaycan milli ordusuna aid geyimlər,
silahlar, fotolar və s. tariximizin bu dövrünü ziyarətçilərə
təqdim edir. Muzeydə Azərbaycanın sovet tarixinə dair
bölmələr də var. Müstəqil Azərbaycan
dövlətinin qurucusu, böyük öndər Heydər Əliyevin
həyat və fəaliyyəti ilə bağlı xüsusi
guşə də yaradılıb.
Milyonçunun «özünə qalan» 8 otaq
Muzeydə diqqətçəkən
faktlardan biri də burada əsaslı təmir-bərpadan sonra
prezident İlham Əliyevin təşəbbüsü ilə
H.Z.Tağıyevin yeni memorial ev-muzeyinin
yaradılmasıdır. Əvvəllər muzeydə bunun
üçün yalnız bir otaq (Tağıyevin iş
otağı) ayrılmışdı və müəyyən əşyalar,
mebel və s. saxlanılırdı.
İndi isə böyük
xeyriyyəçinin ailə fotoalbomu əsasında 8
otağı və ona məxsus əşya və mebelləri bərpa
edilərək, əvvəlki görkəminə
qaytarılıb. H.Z.Tağıyevin əşya və mebellərindən
- yazı stolu və kreslosu, stolüstü lampası, royal və
stulu, səkkizguşəli stol, iki şkaflı divan, tablolar,
heykəllər, xalçalar, güldanlar, şamdanlar,
çilçıraqlar və s. bərpa olunaraq öz yerlərində
yerləşdirilib. Burada bir sıra maraqlı eksponatlar var. Yemək
masası üzərinə qoyulan qablar H.Z.Tağıyevin
qızının nişan mərasimində Buxara əmiri tərəfindən
hədiyyə verilib. Digər qablar isə təmirdən sonra
milyonçunun qohumları tərəfindən muzeyə
bağışlanıb. Mesenatın istirahət
otağında o dövrdə istifadə olunan və sonradan bərpa
olunan bilyard masası qoyulub. Muzeydə H.Z.Tağıyevin həyat
və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər,
məşhur xeyriyyəçiyə məxsus qiymətli əşyalar
qorunur.
Manaf Süleymanovun
«Eşitdiklərim, oxuduqlarım, gördüklərim»
kitabında milyonçu Tağıyev deyir: «Vaxtımın
çoxunu xalqımın gələcək xoşbəxtliyi
üçün onların müxtəlif məsələləri
ilə məşğul olmaqla keçirməkdən xoşum
gəlir». Məşhur milyonçu həyatda olmasa da, xalq yenə
onun əməllərindən bəhrələnir. Bu gün
tariximiz xalqımızın savadlanması və rifahı
yolunda sərmaylər qoyan Tağıyevin ev-mülkünə
etibar olunub. Və bu binaya üz tutanlar dönə-dönə
həm də öz əməlləri ilə
xatırlanmağa layiq olan Zeynalabdin Tağıyevi yad edirlər.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.- 12 may.- S. 7.