Oqtay Mirqasımov: "Heç
vaxt deməmişəm ki, kino mənim həyatımdır"
"Kino mənim üçün həyatın ziddiyyətləri
haqqında düşünmək və hisslərini ifadə
etmək üçün bir vasitədir"
Xalq artisti, tanınmış kinorejissor Oqtay
Mirqasımovun filmləri müxtəlif festivallarda
mükafatlar qazanıb. Ancaq rejissor heç bir zaman
ömrünü həsr etdiyi bu sənət haqqında
"kino mənim həyatımdır" deməyib. Bir
çox rejissorların yanaşmasından fərqli olaraq, kino
onun üçün əyləncə də deyil. Kino Oqtay
Mirqasımov üçün peşə və məşğuliyyətdən
savayı, həyatın gerçəklərini anlatmaq, ziddiyyətlərini
analiz etmək və hisslərini ifadə etmək
üçün bir vasitədir.
Təcrübəli rejissor
- Məşhur rejissor Sergey
Eyzenşteynin belə bir sözü var: "Kimisinə
rejissor olmaq üçün 2 il, kimisinə 200 il vaxt lazım
olur". Bəs "Mən kinoya rejissor kimi gəlmişəm"
deyən Oqtay Mirqasımova özünü təsdiq etməyə
nə qədər vaxt lazım olub?
- Bu suala cavab vermək mənimçün
çətindir. Rejissorluq bir prosesdir, həyatdır. Bəzən
mən özümü rejissor kimi hiss edirəm, bəzən
isə daxilən uzaqlaşıram. Ona görə də
rejissor olmaq üçün konkret meyarlar görmürəm.
Yəqin ki, iqtisadçı olmaq üçün hansısa
qanunları öyrənmək, hansısa cədvəlləri
hafizədə yerləşdirmək, müəyyən təcrübə
toplamaq lazımdır. Rejissor olmaq üçünsə
hansısa əhval-ruhiyyə, kənardan bir təkan
olmalıdır. Çox adam öz potensialına görə
rejissordur. Ancaq onun həyatı elə olub ki, nə
özü bunu dərk edib, nə də cəmiyyət onu
rejissor kimi qəbul edib. Mən tələbələrimə də
deyirəm ki, rejissor cəmiyyət qarşısında məsuliyyət
hiss etməlidir. Rejissor donor olmalıdır, öz
potensialını bəxş eləməlidir. Bəzən
deyirəm ki, rejissor bir ensiklopediya deməkdir. Çünki təcrübədə
zəngin biliklər ehtiyatı lazım olur. Bəzən deyirəm
ki, rejissor fədakar olmalıdır. Mənim aləmimdə
rejissorluq çoxşaxəli bir anlayışdır. Ona
görə də rejissorluq üçün neçə il
vaxt lazım olduğunu desək, yanılarıq. 16
yaşımdan kino ilə bağlıyam. Bu sənətin sirlərini
bəlkə təzə-təzə kəşf edirəm və
ya indiyə qədər kəşf eləməmişəm. Bəlkə
də mənim işim qabaqdadır - bunu vaxt göstərəcək.
Amma təcrübəli rejissor sayılıram.
- Müsahibələrinizin
birində demisiniz ki, "Beynimdə, qəlbimdə elə
filmlər var ki, onları reallaşdıra bilməmişəm".
Sonuncu filminiz - "Günaydın, mələyim", ondan əvvəl
çəkdiyiniz "Ovsunçu" və s. filmlərlə
bu arzunuzu tam olmasa da, qismən reallaşdıra bildinizmi?
- Yox, reallaşdıra
bilmədim. Həyatın praktiki tərəfi alına da bilər,
alınmaya da. Vaxt olur ki, boş dayanıb nəyisə
gözləyirsən. İndi də boşam. Əslində
sanki işə başlamışam, amma müəyyən
texniki və maliyyə problemləri hələ ki, həll
olunmayıb. Hər kəsin praktik olaraq boş
dayandığı zamanı olur. Amma fikir dayanmır, ilham
öz-özünə gəlir. Onun qarşısını ala
bilməzsən. Bəzən elə olur ki, bir neçə gecə
yuxusuz oluram. Çünki yeni ideya olanda bəzən balaca
uşağa dönürəm. O, sənin bütün fikirlərinə
sahib olur, onunla bacarmaq mümkün deyil. Elə ideyalar olur ki,
onu reallaşdıra bilmirsən - o, müəyyən zaman bir
arzu kimi yaşayır, xatirəyə dönür.
Reallaşmağa iddialı olan ideyalar da az deyil.
- Onları
reallaşdırmaq çoxmu çətindir?
- Mənim "Bilyard oyunçusu"
adlı ssenarim var. Bir neçə il bundan əvvəl onu bir film kimi düşünmüşəm. Hələ ki, reallaşmayıb. Amma povest şəklində
Bakıda və Moskvada çapdan çıxıb. Mən
özümü həm də bir az ona görə xoşbəxt
sayıram ki, yazıb-pozuram. Bu, böyük köməkdir.
Hazırda bir roman üzərində işləyirəm.
İlkin dövrdə onu ssenari kimi
düşünmüşdüm. Mən yazdıqlarımı
film kimi görürəm, amma sonra nəsr kimi yazıram.
Sonsuzluq...
- “Hansısa rejissor desə
ki, mən öz filmimdən tam razıyam, onun səmimiyyətinə
inanmayın"- bu, sizin sözlərinizdir. Elə isə,
"Günaydın, mələyim" filminiz haqqında fikirlərinizlə
tamaşaçı rəyi üst-üstə
düşürmü, yoxsa fərqlidir?
- Heç nə demək
mümkün deyil. Çünki film geniş tamaşaçı
auditoriyasında göstərilməyib. Onun premyerası
kiçik bir məkanda təşkil olunmuşdu. Sonra da bircə
dəfə televiziya ekranında göstərilib. Ona görə
də ciddi bir söz demək çətindir. Rejissorun
mövqeyi ilə tamaşaçı rəyi heç zaman
üst-üstə düşmür. Bir var valideyn məhəbbəti,
bir var müəllimin həmin uşağa olan məhəbbəti.
Və ya orduda zabitin ona münasibəti - bunlar fərqlidir. Məhəbbətin
kəmiyyəti və keyfiyyəti var. Filmin baxışı
Rusiyada, Macarıstanda, Belarusda keçirilib. Nəticələr
heç də pis deyil. Amma mənim münasibətim müəllif
fikri olduğu üçün danışmaq istəmirəm.
- “Filmlərimdə həyatın
və insan ömrünün sonsuzluğunu göstərmək
istəyirəm". Filmləriniz haqqında dediyiniz bu
sözlər “dünya fanidir, heç nə sonsuz deyil" deyənlərə
qarşı üsyan deyil ki?
- Hər halda, üsyan deyil.
Ona görə ki, bədbin və ya məndən fərqli
düşünən adamlara qarşı çıxmaq fikrində
deyiləm. Sadəcə, öz sənətimlə bu
böyük və rəngarəng xora öz səsimi də əlavə
edirəm. "Həyat, yaşam, məkan və zaman
sonsuzdur" deyən adamlar da az deyil. Müqəddəs
kitablarda da "İnsan ruhu sonsuzdur. Ölümdən sonra həyat
var. Nəsildən sonra nəsil gəlir, boşluq deyil"
kimi dəyərli fikirlər, tövsiyələr var. Ona
görə də fikirlərim üsyan deyil.
Kino ölməyəcək
- Rus rejissoru Andrey
Konçalovskinin "Kino ölüb, ancaq özünü
yalandan sağ göstərir" fikirləri
çağdaş kinonu səciyyələndirmək
baxımından pessimist səslənmirmi?
- Bilmirəm, kinonun
forması inkişaf, yoxsa cılızlaşma prosesidir? Bu bəlkə
mutasiyadır? İnsanların psixologiyası, mənəviyyatı,
düşünmək tərzi, davranış və daxili
senzura qaydaları dəyişir. Bilmirəm, bunun
qarşısını almaq, yoxsa "palaza bürünüb
ellə sürünmək" lazımdır? İnkişaf
spiralvari formada gedir. Bəzən nəyisə itiririk, amma
sonradan onun toxumu yenidən cücərir. Bu gözəl qanun mənimçün
nikbinliyimin mənbəyidir. Tarixə nəzər salaq: kino
yaranandan sonra bəzi sadəlövh adamlar bütün
dünyaya bağırmağa başladılar ki, teatr
üçün kəfən hazırlayın, teatr məhv
olacaq. Ancaq teatr nəinki məhv olmadı, o bəzi ifadələrində
kinonu üstələdi. Teatrsız həyat yoxdur. Və yaxud
televiziya yayılanda "kinoya yer yoxdur" dedilər. Amma kino
öz qaydalarını, üslublarını dəyişdi,
texniki baxımdan yeniliklər gətirdi. Biz Azərbaycanda
dirçəliş prosesini görürük. Düzdür,
tamaşaçı neçə illərdir kinoteatrlardan
üz döndərib, amma nə vaxtsa qayıdacaq. Qərbi
Avropada, Türkiyədə də belə böhran var idi -
kinoyayımı dayanmışdı.
Tələbələrimlə
görüşəndə deyirəm ki, kino işgəncədir,
başağrısıdır, kino insanı özünə
tabe edən sənətdir, özünüzə daha ürəkaçan
peşə axtarın. Amma kimsə dönüb getməyib.
Onlar bu peşədə qalmağa çalışırlar. Əgər
dünyanın hər yerində gənclər bu peşəyə
gəlirlərsə, demək kino ölməyəcək.
- Tələbələrinizə
sənətlə bağlı tövsiyələri verərkən
ehtiyat etmirsiniz ki, məsləhətlərinizi
qısqanclıq kimi qəbul edərlər?
- Mən hər kəslə
münasibətimi səmimiyyət üzərində qururam. Bəzən
öz zərərimə də səmimi oluram. Hesab edirəm
ki, yanılmaram. Mən xeyirxaham, tələbələrim də
bunu bilir. Tələbələri hər şeydən əvvəl
bir vətəndaş kimi sevirəm və sevdiyimdən də
bunu deyirəm ki, vaxtında özlərinə yol seçsinlər.
- Bu gün milli kinomuzda gənc
nəsil var. Necə bilirsiniz, onlar kinomuza yenilik gətirə
bilirlərmi?
- Yəqin ki, gətiririlər.
Ancaq təəssüflər olsun ki, yeni filmləri tək-tük
hallarda görürəm. Hansına dəvət edirlərsə
ona da baxıram. Ancaq cavanlarla yaşlıların arasında
dialoq qurmaq məsələsi anlaşılmaz dərəcədədir.
Məsələn, premyeralar keçirilir, xəbər vermirlər.
Bəzi rejissorlar hətta filmlərində çəkdikləri
aktyorları da premyeraya dəvət eləmirlər. Yəqin ki,
bu məsələdə təşkilati işlər
yaxşı qurulmur. Onu da deyim ki, yaradıcı şəxsin
keyfiyyətli işi yaşla müəyyənləşmir.
İnqmar Berqman kimi rejissor 80 yaşına qədər fəaliyyətdə
olub. Elə yeniyetmələr də var ki, həddən
artıq maraqlı filmlər ortaya çıxarırlar. Bir əsərindən
görürsən ki, bu insan milli sərvətdir. Normal cəmiyyətdə
istedad yaşla ölçülmür.
- Filmlərin çəkilişində
festivalda uğur qazanmaq son məqsəddir?
- Heç məqsəd də
deyil. Bəlkə kimin üçünsə mükafat, orden,
pul və s. qazanmaq məqsəddir. Ancaq mənim
üçün məqsəd prosesdir, daxildəki ideyanı
reallaşdırmaqdır. Son məqsədə gələndə
içində boşluq hiss edirsən. Bu, hər kəsdə
belədir.
Xoşbəxtliyin ölçüsü
- “Kino mənim həyatımdır"
sözlərini içinizdə pafos kimi səsləndirmirsiniz
ki?
- Mən heç vaxt deməmişəm
ki, kino mənim həyatımdır. Kino bir "kapriz"dir. Əyləncə
də olmasa, həyatın nə olduğunu anlatmaq, onun ziddiyyətləri
haqqında düşünmək və hisslərini ifadə
etmək üçün bir vasitədir. Kino həm də məşğuliyyətdir.
Kino həyatın bir zərrəsidir. Mən hansısa prosesin
köləsi ola bilərəmmi? Mən taleyə baş əyərəm,
kinoya yox.
- Vaxtilə demisiniz ki,
"Romantik insanlar səadəti daha tez əldə edirlər".
Sizcə, xoşbəxt rejissor romantik insandır?
-Xoşbəxtlik nə ilə
ölçülür? Çəkdiyin filmlərin sayı,
yoxsa keyfiyyəti ilə? Aldığın mükafatların
sayı və ya dərəcəsi ilə? Bəlkə
xoşbəxtlik keçirdiyin həyatın təəssüratlarından
irəli gəlir? Bəlkə xoşbəxtlik içində
qarışmış qüvvələrdən yaranır? Məncə,
xoşbəxtlik əziz bir adamın üzündəki təbəssüm,
xeyirxah bir əməl, yıxılan bir insana əl uzatmaqdan
yaranan hisslərdir. Kino xoşbəxtlik bəxş eləmir.
Bu, sadəcə, peşə, məşğuliyyətdir.
Təranə Sərdarqızı
Xalq qəzeti.- 2010.- 12 may.- S. 5.