Rəsul Rza: dünənin,
bu günün, gələcəyin şairi
Əvvəli ötən
sayımızda
Müasiri İlyas Əfəndiyev yazırdı: «Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. O, heç bir zaman zahiri gözəlliyə, heç bir zahiri effektə aludə olmayıb. Onun hisslərində bəzən Sabirin incə qəlbi duyulur. O, sözün həqiqi mənasında inqilabçı, novator bir sənətkardır».
R.Rza novatorluğunun mahiyyətini həm də bu «qılınc kimi kəskin həqiqətlər»də, Füzuli incəliyində və Sabir hünərində axtarmaq lazımdır. Əgər Füzuli klassik formada - qəzəldə misilsiz bir ustalıq göstərmişsə, lirik «mən» - aşiq obrazının sevgi dünyasından böyük dünyaya bir pəncərə açmışsa, Sabir klassik formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza həm formada, həm də məzmunda novatorluq etmişdir. Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələrinin birində yazırdı: «Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır. Buna görə də onun əsərlərinin, ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır».
Mən istəyirəm
buludlar ağlasın,
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm
güllər açılsın,
güllələr açılmasın
amanlı ya amansız.
Mən istəyirəm:
qapılar qapanmasın,
soyuq olanda hava
gözlər qapanmasın.
Mən istəyirəm
yanğınlar sönsün,
ümüdlər sönməsin.
Meyvələr dəysin öz fəslində,
ürəklərə söz dəyməsin.
Hər şey insana baxsın,
insan ələ baxmasın.
Mən istəyirəm
sevinc, səadət bol olsun
Ürəkdən - ürəyə,
ölkədən - ölkəyə
Açıq yol olsun.
Bu şeirdə Rəsul Rza şəxsiyyəti
XX əsrin böyük humanisti obrazı ilə həmahəngdir.
Bu böyük humanist «mən kökümlə
bu torpağa bağlıyam» deyir - onun 25 yaşında gəldiyi
bu qənaət bütün yaradıcılığı boyu
dəyişilməz qaldı. Və beləcə Azərbaycan
torpağı bütün rəngləri, çalarları ilə
R.Rza şeirində görünməkdə idi. O,
«Qarabağ - baba yurdum» silsiləsində yazırdı:
Adım qədimdir,
Xalqımın mübarizə tarixi kimi.
Çünki o, erməni tarixçilərinin və millətçilərinin məkrli niyyətlərindən xəbərdar idi. Şair bir şeirində erməni cəlladı, əli yüzlərlə türk və azərbaycanlının qanına batmış Andraniki lənətləmişdi, başqa bir şeirini Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi Stepanakertdə (Xankəndi - red.) «məhkəmədən» sonra vəhşicəsinə diri-diri yandırılmış üç nəfər azərbaycanlıya həsr etmişdi:
Burda torpaq yanmışdı qapqara,
Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
… Keçdi bir neçə gün,
Tonqal yerində çiçək əkdilər.
Ancaq deyən olmadı, burda
qırmızı qərənfillər
Tonqaldan qabaq gərəkdilər,
yanıq ət qoxusundan qabaq,
qurbanlıq qoxusundan qabaq.
Soruşan olmadı
Tonqalı kimlər qaladı,
çicəkləri kimlər əkdi?
Bu gün R.Rza poeziyasının «qılınc kimi kəskin həqiqətləri» ifadə etməsindən söz açarkən istər-istəməz onu dahi Sabirlə ruhən doğmalaşdıran mənəvi tellər haqqında fikirləşirsən: «Sabiri çox sevirəm. Bəlkə də «sevirəm» sözü hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrü boyu mənim müəllimim və dostum olmuşdur. Onun şeirlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı, elə təsir gücü var ki, bəzən heyrət edirsən» - Rəsul Rza böyük şairə heyrət və məhəbbətini belə ifadə edir və bu heç də təəccüblü deyil ki Sabirdən sonra bəlkə də ruhən ona ən yaxın şair R.Rza olmuşdur.
Dünyanın XX əsr mənzərəsi şairin poeziyasında bütün təzadları, fəci və dramatik məqamları ilə əks olunmuşdur desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hətta şairin elə misraları var ki, bu misralar bütövlükdə dünyanın nəhəng panoramının ayrı-ayrı cizgilərini gözlərimiz qarşısında canlandırır: «Əllər iş istəyir, ağızlar çörək. Ürəyim şan-şan olur belə işsiz əllərlə gördükcə Hindistanı», «Hanı adı dillərdə gəzən qədim Palmira! Hanı uzaq keçmişin ölümsüz abidələri!», «Yerdən göyə sükut, kömür, kül qaldı: kündə-kündə filiz, daş, torpaqdan yoğrulmuş eybəcər sima - Xirosima», «Üfüqdə göy gözlərinin sarı həsrəti. Bir səs: - oğlum, oğlum! - deyə çağırır Məməti», «Rotterdamda, meydanda tunc bir heykəl var. İnsan heykəli. Yüz belə heykəl əvəz olarmı bir körpənin qana bulanmış telinə!», «Ağlama, Şərq, ağlama! Yanğıları göz yaşı söndürməz», «Bu gecə yenə yatmamışam. Nə başım ağrıyıb, nə xəstəyəm. Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı», «Dünyanın ortasında ən böyük meydana da dar ağacı qurulsun, dara çəkilsin burda Mars - müharibə allahı. Kəsilsin Yer üzündən insan fəryadı, insan ahı!».
XX əsr Azərbaycan şeirində yalnız üç ədəbi məktəbdən söz açmaq olar: Sabir - «Molla Nəsrəddin» ədəbi məktəbi, Səməd Vurğun və R.Rza ədəbi məktəbləri. Rəsul Rza ədəbi məktəbi 60-cı illərdə formalaşmışdır. Qeyd edək ki, həmin illərdə Azərbaycan poeziyası zamanın inkişaf meyllərini, aparıcı tendensiyalarını dərk edib özünü yenidən qururdu. Bu yenidənqurma prosesində təbii ki, eksperimentlər də müəyyən rol oynayırdı. Əlbəttə, eksperimentlərin özünü doğrultmayanları tez bir zamanda sıradan çıxır, dəyərliləri isə ədəbi təcrübə üçün nümunəyə çevrilir.
Əgər poeziya öz inkişafının müəyyən mərhələsində artıq bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret halına keçmiş bədii təsvir vasitələrindən xilas ola bilirsə, yeni təsvir üsullarına üz tutursa və bu xüsusiyyətlər yaşarılıq kəsb edirsə, bunun özü novatorluq deyilmi? Təbii ki, bu yolda müxtəlif maneələr də mövcuddur. Keçmiş ənənədən dördəlli yapışanlar güclü müqavimət göstərir, yeniliklə heç cür barışmaq istəmirlər. 60-cı illər poeziyası sözün yeni ifadə çalarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını aşkarladı. Məlum oldu ki, məsələn, sevginin toranı ola bilərmiş, ölüm sözünün polyar qışı o qədər də əcaib ifadə deyilmiş, necə ki insan anının bir dost bağında ağaca dönməsi kimi.
Məlum oldu ki, gümüşü rəng ilə köpüklü lalələr və dəbdən düşmüş kişi bığı arasında bənzəyiş varmış. Yaxud kabab qoxusu, gecənin tabutuna salınmış örtük, qəssab baltası altına düşmüş kötük, yaralı ov izində qarla sumağı rəng arasında da belə assosiativ bağlar tapmaq olar. Yağış gölməçəsinə «sərçələrin soyuq hamamı» demək heç də qəbahət sayılmamalıdır. Hətta «milyon kilometrlərlə ömür sürmüşəm» ifadəsi də diqqət yetirəndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub əşyalar və hadisələr arasında ilk baxışda nəzərə çarpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır.
Poetik təfəkkür əşyanın və hadisələrin yalnız məlum qatları ilə kifayətlənməyib, burada müxtəlif anımları, bənzəyişləri qavramırsa, bütün bunlar get-gedə şüurda özünə yer tapa bilirsə, onun heç bir qorxusu yoxdur. Albert Eynşteyn bədii təxəyyülün yeganə meyarı kimi abstraksiyanı əsas götürürdü.
60-cı illərin şeirində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. Fərdi üslub get-gedə püxtələşir, poeziyada rəngarənglik yaranırdı. Zamanın yeni inkişaf meyllərini, onun aparıcı tendensiyalarını da həmin illərdə yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər, zaman hər bir şairin dünyasında eyni cür əks-səda verə bilməz. Məsələn, Rəsul Rza kimi böyük sənətkar qeyd olunan zamanda bir şair kimi sanki yenidən doğuldu. 50-ci illərdə insana, onun şəxsiyyətinə, mənəvi dünyasına böyük maraq göstərən şair, «60-cı illərdə öz poetik ideyasının ifadəsi üçün daha dəqiq və yeni vasitələr tapmaq ehtiyacı duyur» (G. Əlibəyova).
Və R.Rza poeziyanın yeni bir tendensiyasını yaradır, cavan şairlərin bir çoxu - Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Abbas Abdulla, Camal Yusifzadə - daha sonralar Vahid Əziz, Ramiz Rövşən, Vaqif Bayatlı bu tendensiya ətrafında birləşirlər.
Böyük Nazim Hikmət Rəsul Rza yaradıcılığına həsr etdiyi üç məqaləsindən birində yazır: «Şair sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və bizim özümüzün səadətini kəşf edir».
Doğrudan da bu poeziyaya baş vurduqda səndə elə bir inam yaranır ki, XX əsr tarix kitablarından öncə R.Rzanı (eləcə də bizim digər böyük şairləri) oxumaq lazımdır. Təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu keçmişin bütün ictimai-siyasi mənzərələri, insanlığın keçdiyi yol şairin poeziyasında öz əksini tapmışdır.
Vaqif Yusifli,
tənqidçi,
filologiya elmləri namizədi
Mədəniyyət.-
2010.- 14 may.- S. 13.