Turizm Assosiasiyası yeni layihələrə başlayır

 

   Nahid Bağırov: «Təəssüf ki, hələlik hotellər və istirahət mərkəzləri turist şirkətlərinin xidmətindən az istifadə edirlər»

     

   İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, rəqabətə davamlı turizm bazarının yaradılmasında, daxili turizm potensialının inkişafında yerli turist şirkətlərinin rolu əvəzedilməzdir. Geniş turizm potensialına malik olan Azərbaycanda 200 turizm şirkəti lisenziya ilə fəaliyyət göstərir. Onların fəaliyyətinin əlaqələndirilməsi, mövcud problemlərin birgə aradan qaldırılması, yerli və beynəlxalq tədbirlərdə iştirakın təmin olunması məqsədilə ötən ilin aprelində Azərbaycan Turizm Assosiasiyası (AZTA) yaradılıb.

   AZTA-nın bir illik fəaliyyəti, əldə olunan nəticələr barədə suallarımızı qurumun İdarə Heyətinin sədri Nahid Bağırov cavablandırır:

  

   - AZTA 2009-cu ilin aprelində ölkəmizdə fəaliyyət göstərən 11 aparıcı turizm şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təsis edilib. Hazırda qurumun 51 üzvü var. Üzvlərimizin hamısı turizm bazarında öz yeri olan, tanınan şirkətlərdir. AZTA-nın İdarə Heyətində 7, Təftiş və Nizam-İntizam komissiyalarında isə üç turizm şirkətinin rəhbəri təmsil olunur. Assosiasiyamıza üzv olmaq istəyən şirkət Nizam-İntizam Komissiyasına müraciət edir. Həmin şirkətin fəaliyyəti komissiya üzvləri tərəfindən yoxlanılır. Nizam-İntizam Komissiyasının İdarə Heyətinə verdiyi rəy əsasında şirkətlərin AZTA-ya üzvlük məsələsi həll olunur.

   - AZTA turizm şirkətlərinə nə vəd edir?

   - Assosiasiya Mədəniyyət və Turizm Nazirliyi ilə birgə turizm şirkətləri arasında bir növ koordinator rolunu oynayır. Təbii ki, təşkilatımız, ilk növbədə, öz üzvlərinin mənafeyini qoruyur. Eyni zamanda, Azərbaycanda turizm industriyasının inkişafında Mədəniyyət və Turizm Nazirliyinə dəstək olur.

   - Rəhbərlik etdiyiniz qurum indiyə qədər üzvlərinin hər hansı problemlərinin həllinə nail olub?

   - Üzvlərimizin bəzi problemlərini müvafiq qurumlar qarşısında qaldırmışıq. Məsələn, Avropa Birliyi ölkələrinə vizanın («Şengen vizası») alınması ilə bağlı turizm şirkətləri çətinliklərlə qarşılaşırdılar. Səfirliklər viza şərtlərini ağırlaşdırmışdılar. Bununla bağlı həmin ölkələrin Azərbaycandakı bəzi səfirləri ilə görüşdük. Əslində səfirliklərin bu addımı atmasının səbəbi vardı. Belə ki, bəzi insanlar viza alıb getdikləri ölkələrdə sığınacaq istəyirlər. Bu da həmin ölkələrin səfirlikləri üçün problem yaradır. Biz də AZTA-ya üzv olan turizm şirkətlərinin siyahısını hazırlayıb səfirliklərə verdik. Bununla da problem öz həllini tapdı. Üzvlərimizin qarşılaşdıqları daha bir problem bazarda dempinq məsələsi idi. Bu da o deməkdir ki, bazara təzə daxil olan şirkətlər özlərinə müştəri qazanmaq üçün turpaketi maya dəyərindən aşağı qiymətə, hətta bəzi hallarda ziyanına təklif edirlər. İki ay öncə assosiasiyanın toplantısını keçirib bu məsələni də həll etdik. Şirkətlər tərəfindən eyni qiymətlər müəyyənləşdirildi. Artıq mövsümi fəaliyyət göstərən turizm şirkətləri daimi şirkətlərə problem yarada bilməyəcək.

   - Xarici ölkələrin müvafiq qurumları ilə əlaqələriniz varmı və onların təcrübəsindən yararlanırsınızmı?

   - Assosiasiyamız yaranmamışdan əvvəl mən və bir neçə nəfər həmkarım Türkiyənin Səyahət Azantalar Birliyində (TURSAB) bir həftə təcrübə keçdik. Onu da qeyd edim ki, TURSAB çox nüfuzlu təşkilatdır. Bu qurumun hazırda 3 mindən çox üzvü var. AZTA-nın işini də bu qurumun fəaliyyətinə uyğun qurduq. Lazım olanda indi də TURSAB-ın rəhbəri ilə əlaqə saxlayır, bəzi məsələlərdə məsləhətləşirik. Onu da deyim ki, AZTA-dan fərqli olaraq, TURSAB ictimai birlik deyil. Bu təşkilat qanunla təsis edilib. Türkiyədə turizm şirkətlərinə lisenziyanı da nazirlik yox, TURSAB verir.

   - Xarici ölkələrdə belə bir təcrübə də var ki, turist şirkətləri assosiasiyaları ixtisasartırma kursları təşkil edir, turizm sektorunda kadr probleminin həllinə köməklik göstərirlər. Hazırda Azərbaycanın turizm sektorunda bələdçilərlə bağlı çətinliklər var. Bununla bağlı AZTA tərəfindən hansısa addımların atılması nəzərdə tutulurmu?

   - Bələdçi kurslarının təşkil edilməsi ilə bağlı proqram hazırlayırıq. Bu kursları Azərbaycan Turizm İnstitutu ilə birlikdə həyata keçirmək niyyətindəyik. Turizm şirkətləri də bu baxımdan çətinliklərlə qarşılaşırlar. Nəzərə alsaq ki, Yaponiyadan, Amerikadan, Avropa ölkələrinin əksəriyyətindən Azərbaycana geniş tərkibli turist qrupları gəlir, onda bələdçi problemini həll etməyin nə qədər önəmli məsələ olduğu aydın görünür. Yaponların ölkəmizə olduqca böyük maraqları var. Amma gəlin görək onlara bələdçilik edəcək, yapon dilini bilən bələdçilər varmı? Yoxdur. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın turizm potensialı barədə yapon dilində hazırlanmış bələdçi kitabımız işıq üzü görəcək.

   - «Turizm haqqında» yeni qanun hazırlanır. Qanun layihəsində hansı müddəaların yer almasını istərdiniz?

   - Yeni qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupunda mən də təmsil olunuram. Layihəyə bir sıra təkliflərimiz var. Məsələn, Türkiyə qanunları ilə turizm şirkətləri üç kateqoriyaya bölünürlər. A kateqoriyasına daxil olan turizm şirkətləri turizmə aid bütün fəaliyyət növləri ilə məşğul ola bilər. B kateqoriyasına daxil olanlar yalnız bilet satışını həyata keçirə bilərlər. C kateqoriyalılar isə yalnız daxili turizm fəaliyyəti ilə məşğul ola bilərlər. Rusiyada isə turizm şirkəti və turoperator işini görənlər var. Təklif etdik ki, yeni qanunda bizdə də belə bir təcrübənin tətbiqi mümkün olsun. Yəni turizm şirkətləri öz gördükləri işə görə qruplaşdırılsın. Turoperator hər bir işlə məşğul ola bilər. Turizm şirkəti isə turoperatorun təklif etdiyi paketləri sata bilər. Bu zaman yeni yaranan şirkət də birbaşa uçuşlar təşkil edə bilməyəcək. Başqa bir təklifimiz turizm şirkətlərinin rəhbərləri ilə bağlı oldu. İstəyirik ki, turizm şirkətinə bir neçə il bu sahədə təcrübəsi olan adamlar rəhbərlik etsin. Çünki bu vəzifədə çalışmaq məsuliyyətli və çətin işdir. Ona görə də yeni qanunda turizm şirkətinin rəhbəri olmaq üçün 3 illik, turoperatora rəhbərlik etmək üçün isə 5 illik təcrübə tələbinin əks olunmasını istəyirik. Bu, dünya təcrübəsində də tətbiq edilən bir tələbdir.

   - Qarşıdan yay turizm mövsümü gəlir. Bununla bağlı hansı layihələri reallaşdırmağı nəzərdə tutursunuz?

   - Turizm Assosiasiyası azərbaycanlı turistlərin istirahət məkanları baxımından seçimlərini artırmaq üçün bu mövsümdə bir neçə layihə reallaşdıracaq. Bu məqsədlə Yunanıstanın Krit adasına birbaşa çarter reysləri təşkil ediləcək. Bu uçuşlar iyun ayının 12-dən başlayaraq 3 ay müddətində həyata keçiriləcək. Layihənin yay mövsümündən sonra da davamı nəzərdə tutulur. Sentyabr ayından sonra belə reyslər Maldiv və Mavriki adalarına olacaq. Bunların hamısı AZTA-nın dəstəyi ilə həyata keçiriləcək.

   May ayının sonlarından isə ölkəmizin regionlarına daha çox turist cəlb etmək məqsədilə assosiasiyanın regional nümayəndəliklərini açacağıq. Lerik, Masallı və Lənkəran zonasında artıq mayın axırında nümayəndəliyimiz fəaliyyətə başlayacaq. Məqsəd burada fəaliyyət göstərən hotel və istirahət mərkəzləri ilə Bakıdakı turizm şirkətləri arasında əlaqələri möhkəmləndirməkdir. İstəyirik onların şirkətlər vasitəsilə dünya miqyasında tanınmasına nail olaq. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün əksər turizm istirahət mərkəzləri şirkətlərin xidmətindən istifadə etmək istəmirlər. Amma dunya təcrübəsi göstərir ki, buna təkbaşına nail olmaq mümkün deyil. Turizm şirkətləri il ərzində bir çox beynəlxalq sərgilərdə iştirak edir, orada ölkəmizin istirahət məkanları ilə bağlı ziyarətçilərə məlumat verir. Hesab edirəm ki, hotel və istirahət mərkəzləri turizm şirkətləri ilə fəal əməkdaşlıq etməlidirlər.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 14 may.- S. 9.