Gədəbəy Qobustanda kitab bayramları keçirilib

 

   Mayın 12-də Gədəbəy rayonundaQızıl Gədəbəyadlı III Kitab bayramı keçirilib. Bayramı giriş sözü ilə açan Gədəbəy rayon MKS-nin direktoru Duman Nağıyev qeyd edib ki, «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq bu il rayonun Mərkəzi Kitabxanasında elektron kataloqun quraşdırılıb, kitabxananın veb-saytı yaradılıb.

   Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev bayram iştirakçılarını təbrik edərək, respublikada, habelə Gədəbəy rayonunda gedən iqtisadi inkişaf, mədəni quruculuq işlərindən danışıb. Kitab bayramında Gədəbəy şəhər 3 saylı orta məktəbin şagirdlərinin ifasında vətənə, anaya, dilimizə həsr olunmuş şeirlər səsləndi. Kitab bayramında müxtəlif mövzulara həsr olunmuş kitab sərgiləri, istedadlı uşaqların əl işlərindən ibarət sərgi, balaca fidanların nağıl qəhrəmanlarını canlandırması xüsusi maraqla qarşılanıb.

   Kitab bayramında rayonda yaşayan uzunömürlülər haqqındaGədəbəyin 100 yaşlılarısərgisi, habelə rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlar nümayiş etdirilib.

  

   * * *

 

   Qobustan rayonunda da Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Kitab bayramı təşkil edilib. Kitab bayramında müxtəlif adlı sərgilərdə 500 nüsxədən çox kitab nümayiş etdirilib.

   Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr edilmişAzərbaycanın sönməz günəşi”, “Yeni kitablar”, “Xarici ölkə ədəbiyyatı”, “Qədim, doğma Qobustanım”, “Ən maraqlı kitablar”, “Uşaqlar bizim gələcəyimizdir”, “Qadın yazıçılarımız”, “Qobustanın gənc yazarları”, “2010-cu il Ekologiya ilidirbaşlıqlı sərgilər nümayiş etdirilib. Nümayiş etdirilmiş nəşrlər ictimaiyyətin geniş marağına səbəb olub. Tədbirdə həmçinin rayonun gənc, istedadlı şairi Şəmsinin yeni çapdan çıxmışGözlərin güləndəkitabının təqdimatı keçirilib.

   Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək bildirib ki, tarixin ən qədim dövrlərdən başlayaraq insanlar kitabla sıx bağlı olub məhz bu ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək təkmilləşib. O, qeyd edib ki, oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nüfuzunu qaldırmaq üçün tədbirlərin müxtəlif formalarından biri Kitab bayramıdır.

   Tədbirdə məktəblilər arasında şeir müsabiqəsi keçirilib. Qobustan şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçılarının marağına səbəb olub.

 

 

   Mədəniyyət.- 2010.- 14 may.- S. 2.