Əsərlərindən neft iyi gələn rəssam
Onun əsərləri
ölkəmizin və
dünyanın bir çox muzeylərində,
ABŞ, Belçika, İran,
Türkiyə, Britaniya
və digər ölkələrdə sənətsevərlərin
şəxsi kolleksiyalarında
saxlanılır. Sabir
Çopuroğlunun əsərləri
özünəməxsusluğu, fərqli işlənmə
texnikası ilə hər kəsi heyrətə gətirir. Çünki o, rəsm əsərlərini
adi rəng, boya ilə deyil,
neftlə çəkir.
Əslən Borçalıdandır,
1956-cı ildə Gürcüstanın
Başkeçid bölgəsində
anadan olub. Bakıda Ə.Əzimzadə
adına Rəssamlıq
Texnikumunda, Gürcüstan
Rəssamlıq Akademiyasında
təhsil alıb. Əsərləri 1980-ci ildən
müxtəlif beynəlxalq
sərgilərdə, o
cümlədən Türkiyə,
Britaniya, Yaponiya, Avstraliya və İtaliyada nümayiş olunub.
İncəsənətə fərqli maraq
Rəssamlığa uşaqlıqdan
maraq göstərib. “Uşaq vaxtı nənəmin tapşırığı
ilə həyətimizdə
tüstü bacalarının
borularındakı hisdən
istifadə edib nəsə çəkmək
istəyirdim. Barmaqlarımla
divarlara cızma-qara edəndə evdəkilər,
əsas da nənəm çox əsəbiləşərdi. O vaxtdan tədricən bu istiqamətdə beynimdə müxtəlif ideyaların yarandığını
hiss edirdim. O zaman qələmlə, fırça ilə də hərdən rəsm çəkərdim.
Amma fikirlərimdə
heç kimə izah edə bilmədiyim
ideyalar yaşayır,
daha da inkişaf
edirdi”.
Neft gölməçələrindən
yaranan boya
Sabir Çopuroğlu
1989-cu ildə Bakıya
gəlir. Burada onun həyatında yeni səhifə açılır: “Neftdən
boya kimi istifadə edib nəsə çəkmək,
xəyalımda canlanan
ideyaları reallaşdırmaq
istəyirdim. Günlərin
birində neft buruqlarının yanına
getdim. Gölməçələrdə
yığılıb qalan
neftdən bir az özümlə evə gətirdim. Bu, neft texnikası
ilə tablo çəkmək istiqamətində
başlanğıc oldu.
Tədricən işlənmə
texnikasını təkmilləşdirdim
və bu istiqamətdə yaradıcılığı
davam etdirdim”.
Rəssam əsərlərini
əlləri və dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi isə tək neft deyil. Neftlə
qarışıqdan aldığı
boya məhsulunu da özü hazırlayıb. Hazırladığı
boya maddəsi Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
tərəfindən patentə
layiq görülüb.
“Tarixi mövzularda
rəsmlərə daha
çox üstünlük
verirəm”
Əsərlərinin mövzu
dairəsi rəngarəng
olsa da, daha çox tarixi mövzulara üstünlük verir.
600-dən artıq tablonun
müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında
xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini
tanıdır dünyaya.
Əsərlərində Qarabağ
mövzusu, Azərbaycanın
yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bugünü
ilə bağlı Abşeron silsiləsindən
olan əsərlər
yaradıb.
Söhbət zamanı
neftlə çəkilmiş
rəsmin adi rənglərlə çəkilmiş
rəsmlərdən nə
ilə fərqləndiyini
soruşuram. ”Rəngli
boyalarda hər cür rəng var, amma neft
belədir ki, o bir rəngdədir. Ancaq bizə elə gəlir ki, neftdə bir rəng var,
əslində isə neftin bir neçə
rəngi, çaları
var, sadəcə olaraq onları almaq lazımdır. Əsas odur ki, iş yaxşı
olsun, rəng rəssamlıqda elə də böyük rol oynamır”.
2006-cı ildə
Sabir Çopuroğlu
neftlə çəkdiyi
rəsmlərə görə
Almaniyaya dəvət olunur. "İncəsənətdə
sülh" II Beynəlxalq
Simpoziumda Azərbaycanı
uğurla təmsil edən istedadlı rəsam 16 dövlətin
32 nümayəndəsi arasında
birinci yeri tutur. Ayrı-ayrı ölkələrdə keçirilən
sərgilərdə mükafatlara
layiq görülüb.
Daim yeni-yeni yaradıcılıq axtarışlarında
olan rəssam yaxın gələcəkdə
Almaniyada, Qazaxıstanda,
Fransada, Birləşmiş
Ərəb Əmirliklərində
fərdi sərgilərinin
təşkilini də
planlaşdırır.
Neftlə çəkilən rəsmlərə
daha çox əcnəbilər maraq göstərir
Sabir Çopuroğlunun
yaradıcılığında, onun hər bir
əsərində Azərbaycanın
keçmişi, tarixi,
mədəniyyəti əks
olunur. Bu gün fəxrlə demək olar ki, neftlə
rəsm çəkən
yeganə sənətkar
olan Sabir Çopuroğlunun əsərləri
bütün dünyada
qəbul olunur. Sənətkarın əl
işlərinə daha
çox əcnəbilər
maraq göstərir. Sərgilərinin təşkilatçıları,
onu tanıdanlar əsasən əcnəbilərdir.
Amma fərqli yaradıcılığa malik
istedadlı rəssam Sabir Çopuroğlu həmişə azərbaycanlı
olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı
ilə fəxr edir. Sənətkar bu gün də
yaradıcılıq axtarışındadır.
Daima işləmə
texnikasını zənginləşdirən
rəssam öz məktəbini yaratmaqdadır.
Təsviri-incəsənət ixtisası üzrə təhsil alan övladını da bu yolda yetişdirir
- sənətinin, neft
texnikası ilə işləmə məktəbinin
davamçısı kimi...
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2010.- 19 may.- S. 15.