Tərcümə ədəbiyyatımızın
iftixarı
Azərbaycan poeziyasının dünya miqyasına
çıxmasında onun əvəzsiz xidmətləri var
Bizimlə qonşu binada yaşadığı
üçün onunla tez-tez rastlaşırdım. Həmişə
düşüncəli görünürdü, elə bil ki, fikri
hardasa uzaqlarda idi. Bəlkə yol gedərkən də min illər
əvvəl yazılmış hansısa sözün
çalarını axtarırdı. Sonralar hər gün onu
işlədiyim “Azərbaycan” nəşriyyatında
görürdüm...
Əməkdar incəsənət
xadimi Vladimir Qafarovun ədəbi redaktor işlədiyi sonuncu iş
yerində - “Bakinski raboçi” qəzetində hamıya “canlı
klassik” kimi təqdim edirdilər. Tərcümə ədəbiyyatımızın
iftixarı olan Volodya 10 il öncə vəfat edib.
Yaşasaydı, mayın 19-da 75 yaşını qeyd edəcəkdi.
40-dan çox tərcümə
kitabının (o cümlədən vaxtilə Moskvada 100 minlik
tirajla çap edilərək ittifaq miqyasında yayılan
“İncilər mücrüsü” (1968), “Bayatı mahnılar”
(1978), “Azərbaycan xalqının poeziyası” (1978)
kitabları) müəllifi V.Qafarovu dostları tərcümə
ədəbiyyatının canlı klassiki
adlandırırdılar. O, M.Füzuli, M.P.Vaqif, S.Vurğun, Ə.Vahid,
R.Rza, Ə.Kərim, M.Araz, S.Rüstəm, Ə.Kürçaylı,
B.Vahabzadə, X.R.Ulutürk və s. müəlliflərin əsərlərini
rus dilinə tərcümə etmişdir.
Akif Şahverdiyev:
- “Dədə Qorqud”dan
tutmuş Azərbaycan aşıq şeirinin rus dilinə tərcüməsi,
Məhsəti rübailərinin, Füzuli qəzəllərinin,
Yunis Əmrə və digər klassiklərin əsərlərinin
rusdilli oxucular arasında əldən-ələ gəzməsi
onun əvəzsiz xidmətidir. O, etdiyi tərcümələrdə
təkcə Azərbaycanın ədəbiyyat nümunələrini
tanıtmaqla kifayətlənmirdi. Həmişə
çalışırdı ki, tərcümə etdiyi əsərlərdə
xalqımızın tarixini, adət-ənənəsini, Şərq
poeziyasının ritmini, formasını, janr və başqa
orijinal xüsusiyyətlərini oxucuya olduğu kimi
çatdırsın. Bir dəfə stolunun üstündə
kağızlara sancılmış xeyli pul gördüm.
Başa düşdüm ki, bunu nəyisə tərcümə
etmək üçün gətirib veriblər. Məvacibin
azlığına eyham vuraraq dedim: “Pul deyil, ustad, niyə
götürmürsən?”. Volodya gülümsünərək
bildirdi: “Pul olmağına puldu, amma şeir şeir deyil...”
Heç vaxt ürəyinə
yatmayan, milli ruhda olmayan, onu cəzb etməyən şeirləri
tərcümə etməzdi. Özü də kimin
şeirini tərcümə edirdisə həmin müəllif
mütləq məşhurlaşırdı - əvvəlcə
ittifaq səviyyəsində, sonra da beynəlxalq miqyasda. Bir
neçə dəfə onunla dostlarının məclisində
olmuşdum. Hamı ona “ustad” deyə müraciət edirdi. Xalq
şairi Bəxtiyar Vahabzadə deyirdi ki, mənim əsərlərimin
dünyada tanınmasının səbəbkarı
Volodyadır. Bir də Bəxtiyar müəllim zarafatla
danışırdı:
- Volodyanın Şüvəlanda
bağı vardı, yazıçıların
yaradıcılıq evinin yanında. Biz orada istirahətdə
olanda Qafarovun bağına gəlib deyirdik ki, burda nə iş
görmək lazımdırsa de, biz yerinə yetirək, sən
isə vaxtı fövtə vermə, oturub bizim şeirləri
tərcümə elə.
V.Qafarov fəal
jurnalistlik fəaliyyəti ilə də məşğul olurdu.
“Günay”, “Bakinski raboçi” qəzetlərində də
işləyirdi, indiki Bakı Slavyan Universitetində xüsusi
tərcümə və “Azərbaycan ədəbiyyatı rus
dilində” fənnindən dərs deyirdi. Dostları S.Məmmədzadə,
M.Vəkilov özləri yaxşı tərcüməçi
olsalar belə, Qafarovu “tərcümənin Tanrısı”
sayır, onun dediklərini sözsüz qəbul edirdilər.
Bir dəfə V.Qafarova təklif
edilir ki, “Dədə Qorqud” dastanını tərcümə
etsin, amma boylardakı “mərə kafər” sözlərini
işlətməsin - bu, xristian qonşularımızın xətrinə
dəyə bilər. Volodya “Dədə Qorqud”u bir daha
diqqətlə oxuyub müqəddiməsini, “mərə kafər”in
işlənmədiyi “Dirsə xan oğlu Buğac xan boyu” və
“Duxa Qoca oğlu Dəli Domrul boyu”nu tərcümə edir.
Ondan nə üçün digər boyları tərcümə
etmədiyini soruşduqda bildirir ki, axı onlarda “mərə kafər”
sözləri vardı, siz isə dediniz ki...
Volodya əsərə onu dəyərdən
sala biləcək “düzəliş” etmək istəmədiyi
üçün dastanın o biri boylarına əl
vurmamışdı.
Xeyirxah insan idi Vladimir Qafarov.
Zərrə qədər xəsisliyi yox idi. Ondan nəsə
soruşanda elə ətraflı başa salırdı ki,
qaranlıq heç nə qalmırdı. İşçilərimizdən
birinin balaca uşaqları vardı. Hər gün evə gedəndə
Volodya öz qənddanından ona iki konfet verərdi ki,
uşaqlarına aparsın.
Xalqına, keçmişinə,
millətinə sadiq insan idi. Hər şeydə səliqə-sahmanı
sevirdi. Özü çox zövqlə, təmiz geyinirdi. Biz gənclər
ondan çox şey öyrənirdik.
Heydər Orucov, Bakı Slavyan Universitetinin dosenti,
filologiya elmləri namizədi:
- Mən Vladimir Qafarovla 28 il əvvəl
Ə.Şərif və
Ç.Hüseynovdan sonra 80-ci illərdə Volodya Azərbaycandan
Ümumittifaq Bədii Tərcümə Şurasına üzv
seçilmişdi. 1985-ci ildə onun 50 illik yubileyi Moskvada qeyd
olundu, həmin il işıq üzü görmüş
“Aşiqəm - sevirəm səni” kitabı SSRİ
Yazıçılar İttifaqında müzakirə olundu. Bu
tədbirlərdə iştirak etmək üçün mən
onunla Rusiyaya getmişdim. Onda özüm şahid oldum ki,
Qafarov Moskvada necə sayılıb-seçilən,
böyük hörmət göstərilən simadır. Biz
“Sovetski pisatel” nəşriyyatında olarkən bütün
şöbələrdən onun üstünə
axışıb məsləhət almağa gəlirdilər.
Dostluğa, sənətə,
insanlara, vətənə, xalqına çox sədaqətli
adam idi. Dəfələrlə Moskvada yüksək məvacibli
iş, ev, şərait təklif olunsa da, doğma Azərbaycanı
heç yerə, heç nəyə dəyişmədi.
“Oralarda bir az qalanda buradakı hər şey üçün
darıxıram” deyirdi.
Rusiyanın
tanınmış qələm sahibləri - Konstantin Simonov,
Yeqor İsayev, Sergey Vasilyev, Pavel Antokolski və
başqaları onun haqqında vaxtilə qiymətli sözlər
deyiblər. O, ədəbiyyatımızın dünyada
tanınması üçün müstəsna xidmətlər
göstərib. Volodya həm də yüksək səviyyəli
şair idi, əvvəllər özü də rübailər,
şeirlər yazırdı. Lakin bircə dənə də
özünün müəllif kitabını
çıxarmayıb. Özünü, şairliyini
bütövlüklə tərcüməyə həsr etdi.
Yüksək səviyyəli şairliyi, Azərbaycan, rus dillərinin
incəliklərini dərindən bilməsi onun tərcümələrinə
böyük uğur gətirirdi.
Mikayıl Müşfiqin
atasının da şair olduğunu çox az adam bilir. Qafarov
Müşfiqin şeirlərini tərcümə etməklə
bərabər, onun atasının da bir şeirini tərcümə
edib kitabda vermişdi ki, oxucu bu faktı da bilsin. Onu başqa tərcüməçilərdən
fərqləndirən əsas cəhət həm də o idi
ki, sifarişlə işləmirdi. Şeiri özü sevib
seçirdi, məzmuna üstünlük verərək
orijinala yaxın tərcümə edirdi. Qafarovun
sağlığında tərcüməyə qazanc kimi
yanaşmaq mümkün deyildi. Onun ədəbiyyatda
mövcudluğu tərcümədə meyar idi. Lap gənc
şairlərdən kiminsə 3-5 şeirini çevirəndə
o, daha tez tanınırdı. Bütün arxaik sözlərimizi
də, onun məna çalarlarını da gözəl
bilirdi. Öz rübailərinin birində yazırdı:
Məni nə zərə tut, nə də ki, şala,
Bircə mənə qarşı olma karsala.
Az qala müqəddəs deyirsən mənə,
Bəli, müqəddəsəm, amma az qala.
Volodya 1400 il tarixi olan müqəddəs
“Qurani-Kərim”i də rus dilinə şeirlə tərcümə
edib. Bu, elə bir tərcümədir ki, insanı sehirləyir,
sanki başqa bir aləmə düşürsən.
Sadə, uşaq kimi səmimi
olan ustadımız mütaliə etməyi sevirdi,
ömrünün son günlərinə kimi klassikləri
oxuyurdu. Humanist insan idi Volodya, hər kəs ondan kömək
istəyə bilərdi. Ürəyi təmiz idi,
hamının uğuruna sevinirdi. Amma ona həsəd aparanlar,
paxıllıq edənlər az deyildi. Mən bu gün tərcümə
sənətində olduğum üçün, bütün
uğurlarıma görə Vladimir Qafarova borcluyam.
Bu yaxınlarda ailəsi
Qafarovun Ə.Vahid, M.Müşfiqdən tərcümə
etdiyi, amma indiyə kimi çap olunmayan şeirlərindən
ibarət iki kitabını nəşr etdirib. Arzum budur ki,
ustadın digər tərcümələri də kitab
halında (o cümlədən ruscaya tərcümə etdiyi
“Koroğlu” dastanı, Qarabağ folklor ədəbiyyatı)
işıq üzü görsün.
Kəmalə Ağayeva, şair-dramaturq, Əməkdar
incəsənət xadimi:
- Vladimir Qafarov çox
böyük tərcüməçi, səmimi, təmənnasız
insan idi. O, mənim xeyli şeirimi, “Məhsəti” pyesimi tərcümə
edib. Rus mətbuatında şeirlərimin
çıxdığını əksər hallarda
başqalarından eşidərdim. Ona zəng edib minnətdarlığımı
bildirmək istəyəndə deyirdi ki, şeirin məni
tutdu, özümü saxlaya bilməyib qələmi işə
saldım. Bəzən də onu axtaranda deyirdilər ki, cəbhə
xəttinə gedib. Hər şeyə macal tapırdı, bircə
özünün bədii yaradıcılığından
başqa. Onu sonraya - təqaüd vaxtına
saxlamışdı. Heyif, bu, ona qismət olmadı. Amma
Volodyanın ruhu tərcümə etdiyi bütün şeirlərdə,
kitablarda yaşayır. O, möhtəşəm Azərbaycan və
rus ədəbiyyatını bir-birinə qovuşdura
bilmişdi. Kaş bundan sonra da ədəbiyyatımızda belə
tərcüməçilər olsun.
İradə Əsədova
Mədəniyyət.- 2010.- 19 may.- S. 13.