Üzeyir Hacıbəylinin
yaradıcılığına həsr olunmuş elmi simpozium
Bu il dahi bəstəkar, Azərbaycan peşəkar
musiqisinini banisi Üzeyir Hacıbəylinin 125, onun bəstələdiyi
ilk milli operetta olan «Ər və arvad» əsərinin isə 100
illiyidir. Üzeyir bəy həm də böyük
ziyalı və maarifçi idi. Xalqı
qarşısında üzərinə düşən vəzifəni
gözəl dərk edir, onu ən yüksək səviyyədə
yerinə yetirməyi bacarırdı. Onun «Ər və arvad»,
«Arşın mal alan», «O olmasın, bu olsun» operettaları,
«Leyli və Məcnun», «Əsli və Kərəm»,
«Koroğlu» operaları mədəniyyət tariximizə
bəxş etdiyi şanlı səhifələrdir.
Bu sırada Üzeyir bəyin
«Səhnənin tərbiyəvi əhəmiyyəti
haqqında», «Opera və dramın tərbiyəvi əhəmiyyəti
haqqında», «Türk operaları haqqında», «Leyli və Məcnun»dan
«Koroğlu»ya qədər», «Arşın mal alan» haqqında
qeydlərim», «Ərəblinski - teatr tariximizdə unudulmaz sənətkardır»
və s. məqalələrini, «Müalicə», «Öz məişətimizdən
bir dram», «4 may məclisi», «Moizə», «Müəllimlə
ictimai», «Politika komediyası», «Yuxuda», «Dərs», «Komediyalar», «Quyruqlu
ulduz», «Ata və oğul» və s. miniatür səhnə əsərlərini
də qeyd etmək olar.
Mayın 14-də
Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində
keçirilən elmi simpoziumda da dahi bəstəkar və
maarifçinin yaradıcılığının müxtəlif
istiqamətləri müzakirə mövzusu idi. Muzeyin
direktoru Sərdar Fərəcov «Azərbaycan teatrının
inkişafında Üzeyir Hacıbəylinin rolu» mövzusunda
çıxış etdi. Çıxışını əsasən
bəstəkarın «Şeyx Sənan» operası üzərində
quran natiq bu əsərin yalnız librettosunun bizə gəlib
çatdığını bildirdi.
S.Fərəcov
Üzeyir bəyin Məleykə Terequlova ilə nişanlı
olduğu dövrdə yazdığı məktubların
araşdırıldığını qeyd edərək
vurğuladı ki, bəstəkar bu mövzunu həvəslə
işləməyə başlayıb. Təəssüf ki,
bu əsərin notları, partiturası bizə gəlib
çatmayıb, çünki müəllif bizə bəlli
olmayan səbəblərdən onları məhv edib.
Bəstəkar, Xalq artisti Xəyyam
Mirzəzadə isə çıxışında Üzeyir bəyin
şəxsiyyətinə və
yaradıcılığına qiymət verərkən nə
mübaliğəyə, nə də təhrifə yol verməməyi
tövsiyə etdi: «Üzeyir bəy bizə bəxş
edilmiş bir sərvətdir. Onun haqqında
danışanda çox düşünüb-daşınmaq
lazımdır. Amma onun dahiliyi təkcə musiqi
yaradıcılığı ilə məhdudlaşmırdı.
Konservatoriya təzə açılanda Rusiyanın bir
çox musiqiçiləri Bakıya gəldilər. Üzeyir
bəy vaxtında anladı ki, bu mübadilə bəzi gənc
Azərbaycan bəstəkarlarının inkişafına mənfi
təsir edə bilər. Həmin gənclərin Rusiyadan
gəlmiş bəstəkarlara kömək üçün
müraciət edib, əslində isə onları təqlid etməsi
təhlükəsi böyük idi. Ona görə də hətta
Qliyer kimi böyük sənətkar da burdan getməli oldu.
Yalnız instrumentalçılar qaldılar, çünki
burda təqlid etmək mümkün deyildi. O ki qaldı
Üzeyir bəyin «Şeyx Sənan» operasının
partiturasını məhv etməyinə, bəstəkar
çox düzgün hərəkət edib. Çünki
Şeyx Sənan əhvalatı Leyli və Məcnun qədər
əks-səda doğurmayacaqdı...»
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 19 may.- S. 5