Mədəni turizm: ilin bütün mövsümlərində
Tarixi mədəniyyət abidələri turizmin
inkişafına təsir göstərən, ölkənin
turistlər üçün cəlbedici olmasını şərtləndirən
mühüm faktorlardandır. Çünki istənilən ölkəyə
səyahət edən
turist həmin ölkənin tarixinə, yaşayış tərzini
əks etdirən maddi-mədəniyyət nümunələrinə
maraq göstərir. Öz növbəsində
hər bir ölkə də qədimliyini, bəşər
sivilizasiyasının formalaşmasındakı
rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış
olur. Deməli, turizm də öz növbəsində
ölkənin mədəni
irsinin dünyaya tanıdılmasında vasitə
rolu oynayır.
Ərazisində qədim
yaşayış məskənlərinın, abidələrin
olduğu Azərbaycanda son dövrlər turizmin digər
növləri ilə yanaşı, mədəni turizmin
inkişafına xüsusi önəm verilir. 2008-ci ildə Heydər
Əliyev Fondu tərəfindən bərpa
edilərək istifadəyə
verilən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici
turistlərin axışdığı
məkanlardandır. Ötən
il “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunun
cəlbedici turizm obyektinə çevrilməsi
məqsədilə ölkə rəhbərliyi
tərəfindən bir
milyon manat vəsait ayrıldı. Bundan əlavə, təbiətin başqa bir möcüzəsi olan Yanar dağda
təbiət və dövlət qoruğunun yaradılması ilə əlaqədar iki il öncə sərəncam imzalanıb.
Bu ilin aprelində
ölkə başçısı tərəfindən təsdiq
edilən 2010-2014-cü illərdə turizmin inkişafına
dair Dövlət Proqramında da tarixi-memarlıq və mədəniyyət
qoruqlarının ərazilərində müasir turizm
infrastrukturunun yaradılmasına xüsusi yer ayrılıb.
Turizmin inkişafında mədəni turizmin rolu
böyükdür
Turizm üzrə mütəxəssis,
«Sevgün Travel» şirkətinin rəhbəri Bahadur Bilalovun
sözlərinə görə, ilin bütün fəsillərində
turistləri cəlb etmək istəyən ölkələrdə
mədəni turizmin inkişafına xüsusi önəm verirlər:
«Çünki mədəni turizm mövsümlə əlaqəli
deyil. Ölkəmizdə də turizmin bu növünün inkişaf etdirilməsi üçün böyük
işlər görülür.
Hazırda statistikaya əsasən, respublikamızın
ərazisində 6500-dən çox tarixi abidə var. Təəssüflər olsun
ki, bəzi abidələrimiz haqqında
nəinki xaricilər,
hətta yerli mütəxəssislər də
az məlumata malikdir. Bu abidələrin pasportlaşdırılması,
yerləşdikləri ərazilərə
turizm marşrutunun müəyyən edilməsi
mühüm önəm
kəsb edir. Əgər biz ölkəmizdəki abidələrdən
turizm məqsədi üçün lazımi
səviyyədə istifadə
etsək, xeyli sayda turist cəlbinə
nail ola bilərik».
Mütəxəssis
deyir ki, mədəni turizmin də müxtəlif istiqamətləri
var: «Turistlərin bir qismi teatrla, bəziləri
tarixi-memarlıq abidələri ilə maraqlanırlar. Ölkəmizə gələn
turistlərin əksər
hissəsini daha çox tarixi mədəniyyət nümunələrimiz
maraqlandırır. Azərbaycanın ən böyük mədəni turizm marşrutlarından biri «İpək yolu» marşrutudur. Ölkəmizə
gələn mədəni
turizm həvəskarlarını
Qobustan qayaüstü
rəsmləri, İçərişəhər,
Şirvanşahlar sarayı,
Qız qalası da çox maraqlandırır.
Maraqlıdır ki, biz Qız qalasını
turistlərə müdafiə
istehkamı kimi təbliğ ediriksə, yaponlar onu bir
astrofizik obyekt kimi dəyərləndirirlər.
Bundan başqa, biz mədəni turizm həvəskarlarına Atəşgahı,
Yanardağı, Ramana
və Mərdəkan qalalarını, yeni yaradılmış Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini təqdim edirik. Ölkəmizə gələn
yapon turistləri Şəkiyə də böyük maraq göstərirlər. Yolüstü
onlara Diri baba məqbərəsi, Şamaxıda Cümə
məscidi və Yeddi Günbəz məqbərə-kompleksi göstərilir».
Mədəni turizm marşrutlarımız xariciləri
daha çox cəlb edir
Qala Arxeoloji Etnoqrafik
Muzey Kompleksinin direktoru Fikrət Abdullayevin dediyinə görə,
qoruğa gələn xarici turistlərin sayı hər ay
artır: «Hazırda ölkəmizdə olan xarici ölkə səfirlərinin
hamısı muzeydə olublar. Maraqlıdır
ki, indi də səfirliklər öz qonaqları ilə, ailə üzvləri ilə tez-tez buraya gəlirlər. Kompleksdə müasir muzey
texnologiyalarından istifadə
olunması və muzeyin açıq səma altında yerləşməsi seyrçilərin
xüsusi marağına
səbəb olur. Ötən il kompleksi 11 minədək insan ziyarət edib ki, bunun
da təxminən 10 faizi xarici turistlər
olub.
“Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid
Babayi deyir ki, prezidentimizin ötən il imzaladığı sərəncama
əsasən, ərazinin maraqlı turizm obyektinə
çevrilməsi üçün burada konservasiya işləri
həyata keçiriləcək. Məbəd
hazırda turistlərin
ən çox sevdiyi məkanlardan biridir. 2009-cu il ərzində bu tarixi abidəni 14 700 nəfər turist ziyarət edib. Bunların təxminən yarısı xarici ölkə vətəndaşları
olub. 2010-cu il ilk dörd ayında
isə Atəşgahı
6 min nəfər ziyarət edib ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
xeyli artıqdır.
Abidələrin bərpasına böyük maliyyə
vəsaiti ayrılır
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəni irs şöbəsinin əməkdaşı,
sənətşünaslıq namizədi Fazil Məmmədov
müstəqillik əldə edildikdən sonra ölkədə
maddi-mədəni irsin qorunmasına xüsusi önəm
verildiyini qeyd etdi: «Sevindirici haldır ki, son vaxtlar abidələrimizin
təbliği ilə bağlı çoxlu iş
aparılır: bukletlər hazırlanır, filmlər çəkilir.
Bundan əlavə, 10 il ərzində turizm marşrutlarına
daxil olan abidələr müəyyənləşdirilib,
dövlət tərəfindən onların bərpasına
böyük maliyyə vəsaiti ayrılır».
Nazirlik rəsmisi bu
gün Azərbaycanda UNESCO-nun Maddi-Mədəni İrs
siyahısına düşən İçərişəhər,
Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qoruğu
kimi abidələrin dünyaya daha yüksək səviyyədə
tanıdılmasının zəruriliyini vurğulayır:
«Respublikamızın bölgələrində turizm nümunəsi
kimi təqdim edilə bilən gözəl abidələrimiz
var. Məsələn, Qaxda Samuxqala qalası, Naxçıvanda
Möminəxatun türbəsi,
Qarabağlar türbəsi,
Salyanda Cümə məscidi, Ordubad bir qoruq şəhəri
kimi, Basqal və digərləri dünya turistlərinin diqqətini cəlb edən abidələrdir. Bundan başqa, iştirak etdiyimiz beynəlxalq sərgilərdə
tarixi abidələrimizi
təbliğ edən filmlər, kliplər nümayiş etdirilməlidir.
Hazırda bu sahədə ilk mərhələdəyik».
«İçərişəhər»
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
mətbuat xidmətinin
rəhbəri Rahib Azəri bildirdi ki, Dövlət Proqramı yeni qəbul olunduğundan müvafiq şöbələrə
təkliflərin hazırlanması
ilə bağlı tapşırıqlar verilib,
yaxın günlərdə
həmin təkliflər
əsasında görüləcək
işlər müəyyənləşəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 19 may.- S. 9.