Kino, ilk sevgi və ağ qarpız

 

Həmidə Ömərova: “Mədəniyyət xalqın simasıdır,onu qorumaq lazımdır”

 

Əvvəl istədim söhbətimizə birbaşa kinodan başlayım. Sonra fikrimi dəyişdim. Axı o kinodan əvvəl, birinci sinifdə ilk dəfə gördüyü oğlanı sevmişdi... Sonra böyüdü, sevdiyi sənət yolunu seçdi. Kinoda sevə-sevə yaratdığı rolları ilə tamaşaçı rəğbəti qazandı, milyonların sevimlisinə çevrildi. Ulduz oldu. Günlərin birində köhnə bir xatirəni xatırlayıb güldü də... Hələ bağçada bambalaca qız olanda yolda gördüyü və böyük çətinliklə bağçaya gətirdiyi qarpız ağ çıxmışdı. Qeyri-adilik qarpızın ağ çıxması deyil, ağ qarpızın şirin çıxması idi. O da ağ qarpızı şirin qisməti kimi yemişdi...

Xalq artisti Həmidə Ömərova ilə budəfəki söhbətimiz ağ qarpız, ilk sevgi və kino barədə olacaq. Üçüncüdən başlasaq yaxşıdır...

 

- “Balıq üçün su nədirsə, aktyor üçün filmə çəkilmək o deməkdir”. Müsahibələrinizin birində belə demisiniz. Ötən əsrin 80-ci illərində ən çox filmə çəkilən aktrisa Həmidə Ömərova 90-cı illərdə milli kinomuzun ağır günlərinin də şahidi oldu. Artıq XXI əsrin onuncu ilini yaşayırıq. Son on ildə neçə filmə çəkilmisiniz?

- Bu sualı mənə heç kim verməmişdi... Son on ildə “Aztelefilm”in istehsalı olan “Tənha durna uçuşu”, “Dədə Qorqud”, Rusiyada “Dronqo” seriallarına, “Qafqaz yuxuları” ikiseriyalı bədii filminə, yenə Rusiyada, NTV studiyasında “Silah” filminə çəkilmişəm. İnişil Oqtay Mirqasımovun “Günaydın, mələyim” filminə çəkildim. İndi də “Xəzər TV”-də nümayiş olunan “Susmuş vicdan” serialında çəkilirəm. Yadıma düşən bunlardır. Əsas NTV studiyasının seriallarına dəvət alıram. Düzdür, buna tam yaradıcılıq demək olmaz, çünki hər bir aktyor öz potensialını, öz imkanlarını bilir. Vaxtilə ildə 4-5 filmə çəkilən aktrisa üçün bunlar kifayət deyil. Mən o mühitə alışmışam ki, bir gün çəkilişim Bakıda olurdu, bir gün Tacikistanda, o biri gün Moskvada. Çalışıram o boşluğu doldurum. Odur ki, indi özüm də ssenari yazıram.

 

“İndi serial zəmanəsidir”

 

- Özünüzü incəsənətin bir çox sahələrində sınamısız - kinoaktrisa, kinoşünas, müəllif və teleaparıcı, müəllim, jurnalist, dublyajda filmlərin səsləndirilməsi... İndi də məşhur qadınların həyatından bəhs edən kinossenari yazırsınız. Bu ideya hansı zərurətdən yarandı və işlər nə yerdədir?

- Yenə də bayaqkı fikrimə qayıdıram: kino aktyoru üçün başlıca məsələ filmə çəkilmək, teatr aktyoru üçün isə səhnədə rollar yaratmaqdır. Hər bir aktyor çalışır ki, özünü realizə eləsin. Aktyorun həmişə formada olması üçün onun yaradıcılıqla məşğul olması vacib şərtdir. Boşluqdan istifadə edib tanıdığım aktrisaların həyatından ssenari yazmaq qərarına gəldim. Əlbəttə ki, o həyat olduğu kimi ssenaridə əks olunmayıb. Heç bir aktrisa istəməz ki, öz həyatını olduğu kimi oynasın. Amma onların xarakteri, münasibətləri, həyatda qarşılaşdıqları problemlər hamısı ssenaridə əksini tapıb. Obrazların adları da eynən qalır. Əslində mən yazmağa başlayanda qarşıma serial yazmaq məqsədi qoymamışdım. Sadəcə, böyük bir əsər alındı. Obrazları yaxından tanımaq üçün bu ssenari serial formasında çəkilməlidir. Çox arzu edirəm ki, nə qədər aktrisalar sağdırlar, öz obrazlarını özləri yaratsınlar. Çünki heç kim onların obrazlarını özləri kimi oynaya bilməz.

- Ssenarinin film variantını necə görürsünüz?

- Orada eyni zamanda beş-altı qadının həyatından danışılır. Bu artıq serialın işidir. Açığı, bu ideyanın həyata keçəcəyinə elə də inanmıram. Çünki bizdə seriallara dəstək yoxdur. Seriallara maliyyə dəstəyi olmalıdır. Mən bir tamaşaçı kimi türklərin çəkdiyi “Aşqa sürgün”, “Yarpaq tökümü” seriallarına baxıram. Digər tərəfdən, onların müəllifləri Türkiyənin tanınmış yazıçılardır. Onların qaldırdığı problemlər bizim hər gün qarşılaşdığımız, üzləşdiyimiz problemlərdir. Daha yaxşı olmazmı ki, bizim tamaşaçılar necə ki, köhnə filmlərimiz üçün darıxırlar, eləcə də seriallarımız olsun, öz seriallarımıza baxsınlar. Belə hesab edirəm ki, indi zəmanə serial zəmanəsidir.

- Möcüzə baş versə, ssenarinin taleyini hansı rejissora həvalə edəcəksiniz?

- İcazə verin bunu hələlik sirr saxlayım (gülür). Nə isə gizli qalmalıdır axı...

- Telekanalların birində yeni layihə ilə çıxış edəcəyinizi də eşitmişik....

- Ola bilsin ki, yaxın vaxtda layihəni gerçəkləşdirməyim. Oğlum 10-cu sinifdə oxuyur, mən sənətə görə oğluma çox vaxt ayıra bilməmişəm. O, tez böyüdü, uşaqlıq görmədi. İndi müstəqil həyatın astanasındadır. Gələn il 11-də oxuyacaq. Mən bacardığım qədər ona çox vaxt ayırmalıyam.

 

“Sarkazmla gülürəm”

 

- Öz həyatına italyansayağı gülməyi bacaran Həmidə Ömərova sənətdə nəyə gülə bilir?

- O qədər şeylər var ki... Gülürəm, sarkazmla gülürəm, çünki gülməkdən başqa çarəm qalmır. Real həyatda qeyri-adi hadisələr çox olur. Məsələn, sürücü gəlib böyük bir müğənni olur. Səs var, Allah vergisidir. Və yaxud da görürsən ki, istedadı olan kölgədə qalır, istedadsız qabağa gedir. Bütün bunları başa düşürəm. Həyatın təcrübəsindən çıxmış aksiomadır ki, əgər sənin özünün bacarığın, qabiliyyətin yoxdursa, illərin ələyindən keçə bilməyəcəksən. Dünya kinosunda elə parlaq nümunələr var. Məsələn, ötən yüzilliyin ən yaxşı Amerika filmi kimi tanınan Orson Uellsin “Vətəndaş Keyn” filmi. Filmdəki sarı mətbuatın maqnatı Keyn obrazını həyatdakı prototipdən götürmüşdülər. O, səsi olmayan bir opera müğənnisini nə qədər məşhurlaşdırmağa çalışsa da, ulduz edə bilmir. Arzu başqadır, onu həyata keçirməyi bacarmaq başqa. Çoxumuz uşaqlıqda aktyor, aktrisa olmaq, kinoya çəkilmək istəmişik, amma buna istedad, bacarıq da lazımdır. Bacarıq, istedad, qabiliyyət olmayandan sonra o arzunu heç cür reallaşdırmaq mümkün deyil. Rusların belə bir məsəli var: istedadlıya kömək eləmək lazımdır, istedadsız onsuz da özünə yol tapacaq. O yolun müddəti uzun olmayacaq, amma zərbə istedadlıya dəyəcək. Belə hadisələrin şahidi olanda acı-acı gülürəm...

- Ömrünüzün bu anlarında hansı rolu böyük məmnuniyyətlə oynayardınız?

- Özümü, öz müasirimin qarşılaşdığı problemləri... Çünki bu mənə daha yaxındır. Həyata baxırsan, o qədər maraqlı qadın obrazları var ki... Yaşlı qadın obrazlarını, mərd, işgüzar, hətta kişilərin görə bilmədiyi, bacara bilmədiyi işləri bacaran, möhkəm xarakterli, oğlanlarını müharibədə itirən, amma heç nəyə baxmadan nəvələrini böyüdüb boya-başa çatdıran qadınların obrazını yaratmaq istərdim.

 

“Sevgini illərlə yaşatmaq sevməkdən də çətindir”

 

- Həmidə xanım, gəlin söhbətimizin səmtini bir az dəyişək. Birinci sinifdə gördüyünüz oğlanı sevmisiniz. Mümkünsə, o əhvalatı danışın, sonra keçid edin verəcəyim sualın cavabına. Doğrudanmı sevgi yalnız kitablarda və kinolarda qalıb?

- Sualınızın ikinci hissəsindən başlayaq. Həyatda sevgi anlayışı yavaş-yavaş ilkin mənasını, mahiyyətini itirir. Mən həmişə demişəm ki, Romeo və Cülyetta, Leyli və Məcnun bir-birinə qovuşsaydılar, bilmək olmazdı ki, onlar həyatın problemləri ilə toqquşandan sonra o sevgidən əsr-əlamət qalacaqdı, ya yox. Onların sevgisi ona görə əbədi məhəbbətə çevrildi ki, bir-birlərinə qismət olmadılar. Sevmək, o sevgini illərlə yaşatmaq sevməkdən də çətindir. Sevməyi hamı bacarır, amma onu illərlə əbədiləşdirmək, illərlə qoruyub saxlamaq çətindir, çox çətindir...

O ki qaldı birinci sinif məhəbbətinə, qəribə bir məhəbbət idi. Yadıma gəlir, sinif yoldaşım ağappaq bir oğlan idi. Dayım oğlanlarının arasında böyümüşdüm deyə, məndə oğlan hərəkətləri vardı. Onun yanaqlarını tutub sıxmaqdan, dartmaqdan xoşum gəlirdi. Bir gün məktəbdən evə gəldim, nənəm namaz qılırdı. İmkan vermədim ki, yazıq arvad düz-əməlli namaz qılsın. Qışqırdım ki, nənə mən ərə gedirəm (gülür). Nənəm də sakit-sakit dedi ki, yaxşı, qoy anan gəlsin məsləhətləşək. Üçüncü sinifdə oxuyanda həmin oğlanın ailəsi başqa yerə köçdü.…

Söhbət ki, sevgidən düşdü sizə maraqlı bir əhvalat da danışım. Heç yerdə yazılmayıb. Biz Şəkidə Tofiq Tağızadənin “Babamızın babasının babası” filminə çəkilirdik. Texniki avadanlıqda problem olduğundan bizə istirahət vermişdilər. Mənim Marqarita adlı geyim üzrə rəssamım vardı, biz onu “Marqo” deyə çağırırdıq. Mehmanxanada bir otaqda qalırdıq. Fürsətdən istifadə edib dedik ki, gedib bazardan meyvə alaq. Yayın cırhacır vaxtı idi. Gedirdik ki, gördük dalımca bir oğlan düşüb. Hara getdiksə, o da gəldi. Bir dükan belə, iki dükan belə, axırı dedim ki, gəl qaçaq. Biz qaçırıq, o da qaçır, bu nə işdir düşmüşük... Çox çətinliklə izi itirdik. Qaça-qaça gəlib mehmanxananın ikinci mərtəbəsindəki otağımıza çatdıq. Elə təzəcə dərindən nəfəs alıb Allaha şükür edirdik ki, qapı döyüldü. Dedim Marqo, get qapını aç. Marqo getdi, əlüstü də geri qayıtdı ki, səni çağırırlar. Getdim, gördüm həmin oğlan qapıda dayanıb. Acıqlı-acıqlı dedim ki, nə istəyirsən? Dedi bir manat ver də... (gülür). Mən də elə bilmişdim ki, xoşuna gəlmişəm.

- Ağ qarpız da hamının qismətinə çıxmır...

- Mənim ömrüm boyu bəxtimə ağ qarpızlar çıxıb. Hər barədə. Necə istəyirsiniz, başa düşün...

- Aktyor, aktrisa nə vaxt xoşbəxt olur?

- Aktyor, aktrisa o zaman xoşbəxt olur ki, kinoteatrda film nümayiş olunur, tamaşaçılar ayağa qalxıb onu alqışlayırlar

- Bir cümlə ilə mədəniyyətə necə tərif verərdiniz?

- Mədəniyyət xalqın simasıdır. Xalq öz simasını qorumaq üçün mədəniyyətini qorumalı, inkişaf etdirməlidir.

 

 

Söhbətləşdi: Təranə Məmmədova

 

Mədəniyyət.- 2010.- 19 may.- S. 7.