Oksigen adasında
Öncə bir az tarix
Bir vaxtlar məşhur
Bakı milyonçusu Murtuza Muxtarova məxsus olmuş bağ
indi Mərdəkan Dendrarisi adlanır. Dendrari
1926-cı ildə akademik Nikolay Vavilov tərəfindən
Ümumittifaq Tətbiqi Botanika və Becərilən Bitkilər
İnstitutunun Şərqi Qafqaz filialı kimi təşkil
olunub. 1930-cu ildə bu filial həmin
institutun şöbəsinə çevrilib, 1936-cı ildən
isə quru subtropiklərin Təcrübə Stansiyası kimi fəaliyyət
göstərib. 1945-1964-cü illərdə
burada Bağçılıq, Üzümçülük və
Subtropik Bitkilər İnstitutunun Mərdəkan elmi eksperimental
bazası yerləşib.
Fəaliyyət
göstərdiyi ilk illərdə ərazidə subtropik mənşəli
ağac və kol bitkilərinin 700 növü toplanıb. Onların əksəriyyəti
iqlim dəyişkənliyi ilə bağlı sınaq müddətini
çox uğurla keçib.
Sonrakı dövrlərdə
akademik N.Vavilovun təşəbbüsü ilə
dünyanın müxtəlif yerlərindən alınaraq gətirilən
15 min növdən çox olan rəngarəng bitkilərdən
dekorativ ağac və kolların 400 növü, subtropik meyvə
ağaclarının (nar, əncir, innab, zeytun, püstə və
s.) isə 868 növü iqlim dəyişkənliyinə
uyğunlaşdırılıb. Dendrari
1941-1945-ci illər müharibəsində fəaliyyətini
müvəqqəti dayandırıb.
Təəssüf
ki, həmin illərdə buradakı bitkilərin
hamısını qoruyub saxlamaq mümkün olmayıb.
1945-1963-cü
illərdə improduksiya işləri geniş vüsət
almış, hətta Azərbaycanın digər rayonlarına
da gedib çıxmışdır. Bu isə subtropik
bitkibecərmənin elmi əsasda inkişafına, narın,
zeytunun, əncirin, Şərq xurmasının növlərinin
seçilməsinə və daha da təkmilləşdirilməsinə
kömək edib. Dendrari 1963-1965-ci illərdə
respublika Səhiyyə Nazirliyi sistemində fəaliyyət
göstərib. Böyük elmi gücə
malik olduğu üçün 1966-cı ildə Azərbaycan
Elmlər Akademiyasının Botanika İnstitutunun tərkibinə
verilib. Bundan sonra subtropik bitkilərin daha
perspektivli və zəngin növlərinin yetişdirilməsi
ilə birgə dendrarinin mərkəzi hissəsində park
salınıb. Ekzotik, qeyri-adi bitkilərin
çoxaldılması və onların
yaşıllaşdırmada istifadəsi üçün
dekorativ bitkilər şitilliyi təşkil edilib.
Təəssürat
Səyahət
başlanır. Elə qapıdaca ilk olaraq dendraridə
olan quşların adını göstərən yazı
lövhəsi diqqətimi çəkir. Ətraf
müxtəlif ağaclar, rəngarəng bitkilərlə
doludur. Buraya gələn hər bir kəs
özünü “oksigen adası”na
düşmüş kimi hiss edə bilər. Şəhərin
tüstü qarışıq havasından sonra buradakı təmiz
havanı acgözlüklə ciyərlərə çəkməmək
mümkünsüzdür.
Dendraridə Avropa, Asiya,
Amerika, Aralıq dənizi sahillərində bitən ərgüdə,
alçaqboy xamerops, neştəryarpaq sumaq, oida odorata və s.
müxtəlif növ maraqlı bitkilər var.
Eldar şamına tamaşa
edərək bir az irəli gedirəm ki,
yandırılan ağac və zibillərin tüstüsü
gözümə sataşır. Bu mənzərəni
dendraridə seyr etmək acınacaqlıdır. Ən
azından havanı korlayıb təbiətə ziyan
vurduğu üçün...
Bitkilərə
qulluq işi də ürəkaçan deyil. Ağacların
gövdəsini basmış mamır, yarpaqlarda olan qurdlar,
susuzluqdan saralıb məhv olmuş nərgiz gülləri bizə
onların diqqətdən kənarda qalmasını deməyə
əsas verir.
İsti havalarda dincəlmək
üçün təbiətin qoynundan başqa gözəl
yer ola bilməz. Yay fəslinə
sayılı günlər qaldığından dendrariyə gələnlərin
sayı da çoxdur. Hər
addımbaşı qarşıya çıxan sevgili
cütlüklər isə adamda belə təəssürat
yaradır ki, bura dendrari yox, «sevgililər bağı»dır.
Bu yalnız bizim ağlımıza gələ bilərdi...
1895-1920-ci illərdə
neft milyonçusu Murtuza Muxtarov xanımı Liza ilə birgə
burada yaşayıb. Qotika üslubunda tikilmiş həmin evə
çatıram. Hər şeydən öncə onu qeyd
edim ki, burada olmayan hər bir kəs evin darvazasını
görərkən mütləq “Arşın mal alan” filmini xatırlayacaq. Satmağa
arşın malım olmasa da, filmdəki
arşınmalçı sayağı qapıdan içəri
keçirəm. Həyət müxtəlif
növ bitkilərlə dolu olduğundan darısqal
görünür.
Bolşeviklər
dövründə ev tamamilə
yandırıldığından mülk yenidən bərpa
edilib. Binanın dörd tərəfində pilləkənlər
var. Bu evdə “Arşın mal alan” filmindən savayı, “Dərviş
Parisi partladır”, “Qorxma, mən səninləyəm” və s.
filmlər çəkilib.
Bir məqamı
qeyd etmək istərdim. Darvazanın önündə “Maldili”
adlanan kaktus bitkisi əkilib. Həmin bitkinin gövdəsinə
böyük hərflərlə maşın nömrələri,
adam adlarının baş hərfləri
«həkk olunub». «Bu cür hərəkətləri
yalnız bizlər edə bilərik» deyib həyəti tərk
edirəm.
Onu da deyim ki,
buraya gəzintiyə gələnlər üçün
otaqlar, qotika üslubu ilə tikilmiş binalar, qeyri-adi şəkildə
inşa edilmiş dərin su quyusu, qayıqla gəzinti
üçün düzəldilmiş göl, kiçik parklar
səyahətçilərin mənalı istirahəti
üçün nəzərdə tutulub.
Kiçik səyahətim
bitdiyi üçün bağdan ayrılıb evə tələsirəm. Bu “ada”nı
hələ çox xatırlayacağam...
Yeganə Cansail
Mədəniyyət.- 2010.- 21 may.- S. 15.