Azərbaycan teatrının
banisi
M.F.Axundzadə
- 200
1812-ci il. Bu, bizim ilk dramaturqumuzun, xalqın ictimai durum, fəlsəfi düşüncə
tərzi-hərəkətini, milli dərd-sər «ərizə»sini qələmlə ərz edən ilk mirzəmizin və bir az fərqlə, milli dramaturgiyamızın
təvəllüd tarixçəsidir.
Elə bir milli-önəmli tarixçə
ki, xalqımız onu ənənəvi «yubiley formatı»na nisbətdə
daha üstün statusla - qarşıdakı
2 il boyunca qutlayacaq. Məhz bu məqsədlə
bu yaxınlarda dövlət başçısı
Mirzə Fətəli
Axundzadənin 200 illik
yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.
Teatr tariximiz haqda «monoloq»
Tarixən bu xalqın əliqələmlisi
az olmasa
da, ədəbiyyat tarixmizdə özünə
əbədilik qazanmış
üç «Mirzə»
var: Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə
Cəlil. Bütün istedad
və vaxtlarını
«ahu-zari yar»a sərf edib,
qələmlərini gül-bülbül
ağaclarına çevirənlərə
öz həyati məntiqiylə «dur!» deyən ilk Mirzəmiz «Kəmalüddövlə
məktubları» ilə
dünyaya Azərbaycanın
fəlsəfi və bəşəri-dramaturji düşüncə
tərzi haqda da mesaj verdi.
Ondan sonrakı Mirzəmizin timsalında bu sayaq mesajlar
elə bizdən-bizə
gəlirdi: «... hələ
avtomobil minməyiriz»,
amma həm də «Çırmanırıq
keçməyə çay
gəlməmiş». Hələlik
sonuncu Mirzəmiz isə, tutalım, növbəti şedevrinə
(xristian Qoqola müsəlmani rəhmət
diləyəndən sonra)
ustad bir təvazökarlıqla belə
bir epiqraf verirdi: «Biz də
öz dağarcığımızı
çəkək çuvallar
cərgəsinə»...
Bir sözlə, bu dahi üçlük Azərbaycanın ədəbi-bədii,
ictimai-fəlsəfi, milli-mənəvi
bəyan mədəniyyətinin
təkrarsız təmsilçisi,
özgürlük avtoqrafıdır. Onların
hər biri ilkinlik, banilik məqamına qalxıb, öz xalqını çoxdan bəri sivilizasiya səfərinə
çıxmış dünya
karvanına qoşandır.
Mirzə Fətəli
baniliyilə - dramaturgiyamızla
bağlı tarix göstərimiz az
müddət deyil. Amma heç çox da deyil;
o çağadək,
artıq, dünya səhnələri «Olum, ya ölüm?!» xitab-nidalı monoloqlar söyləyir, «Homer, yoxsa Axilles? - Homer qələbənin sözü, Axilles isə özüdür!» dialoqları qurur, «Görəsən, ölüm
Taleyranın nəyinə
gərəkmiş?..» kimi
fəlsəfi frazalar toxuyurdu.
Amma...
Elə həmin
o dramatik dünyanın
(xüsusən də Şərqin) sənət
tarixi dekorasiyasına yaxşı nəzər etdikdə bu da görsənir ki, əsrlərlə həyatdan çox həyət səhnələrinə
cəlb edilmiş Azərbaycan xalqı teatral səhnəyəçıxma
aktına geciksə də, sənətin bu ən diri,
dinamik meydanı üçün çoxlarından
çox faktlara, həyati-psixoloji, fəlsəfi-kulturoloji
materiallara malikdir. Amma o vaxtadək məhəlli «qaravəlli»lərə, «kos-kosa»lardan başqa heç nəyə baxmağa macal tapmamış bir xalqın xüsusi intellekt, etik-estetik hazırlıq təmrinləri
tələb edən teatra maraq göstərib-göstərməyəcəyi
ehtimalına bir ipucu görsənmədiyi
halda səhnə əsəri yazmaq asanmı milli-məcnunluq idi? Böyük Mirzə Fətəli bu çətinliyin üstündən xətt
çəkib, düz
beş möhtəşəm
pyes qələmə aldı. Hamısını
da, dəftər-qələmdən
uzaq salınmış
bir xalqın nitqinə bab adlandırdı. Onlardan üçü - bu qədər dramatik nüvəyə malik ola-ola, tam nəqli
bir ifadə («hekayəti...») ilə başlayır ki, bu da bizə
bir işarəti yarımbaşlıq bəxş
etdi:
Hekayəti-Mirzə - 1
Mirzə Fətəlinin
həyatı heç
də onun pyeslərindən az dramatik, kəşməkəşli olmayıb.
Açıq etiraf etməsə
də, əsərlərindəki
bəzi nüanslardan,
haqqında yazılmış
monoqrafiya və məqalələrdən belə
bir motiv də keçir ki, o, çar
Rusiyasının paqonunu
çiyinlərində bir
rütbə göstəricisindən
əlavə, bir etnik sıxıntı göstərisi kimi də daşıyırmış. Hələ
bu da var
ki, bu rütbə
- polkovnik çini ona 59 yaşında, 40 il xidmət etdikdən sonra verilmişdi. Böyük yazıçı-dramaturqun ictimai-siyasi, milli-mənəvi
gərginliklərlə dolu
qəlbinə dalbadal vəfat edən səkkiz uşağının
kədər-qəmini də
əlavə etsək,
onun əli ilə yazılası daha neçə-neçə
gözəl əsərlərdən
məhrum olduğumuz haqda xəyali qənaətlərimizi reallaşdırmış
olardıq...
1812-ci ildə Şəkidə anadan olmuş Mirzə Fətəlinin ailəsi 1814-cü ildə
Təbriz yaxınlığındakı
Xamnə qəsəbəsinə
köçür. Dolanışıq
çətinlikləri bu
ailəni Güney Azərbaycanın müxtəlif
bölgələrini gəzib-dolanmağa
məcbur edir. Atası Mirzə Məhəmmədtağının vaxtsız vəfatı Fətəlinin xeyli dərəcədə təbii
həyat axarını
dəyişdirir. O, anası
(Nanə xanım) ilə 1825-ci ildə - 13 yaşında ikən Şəkiyə qayıdır.
Anasının əmisi
Axund Hacı Ələsgərin qayğı
və nəzarəti altına keçir. Fətəlinin ruhani olmasını istəyən
Hacı Ələsgər
1832-ci ildə onu Gəncəyə aparır.
Gələcəyin materialist filosofu, ictimai xadimi, yazıçı-dramaturqu
- gənc Fətəli
qədim Gəncədə
məntiq və fiqh elmlərini, habelə ünlü Azərbaycan şair və filosofu M.Ş.Vazehdən xəttatlıq
sənətini öyrənir. Əslində,
gənc Mirzə Fətəli ilə müdrik Mirzə Şəfi münasibətləri
yalnız xəttatlıq
sənətini öyrənib-öyrətmə
dairəsilə məhdudlaşmır.
Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, bir mütəfəkkir kimi yetişib-formalaşmasına
çox önəmli
təsir göstərir.
Fəal zehni qabiliyyət və müasir elm, bilik üfüqləri. Birincinin daşıyıcısı
olan Mirzə Fətəli ikinciyə çox dərin maraq göstərdiyindən,
1833-cü ildə Şəkidə
açılmış rus
məktəbinə daxil
olur. Burada bir il təhsil
aldıqdan sonra -
1834-cü ildə Tbilisiyə
gedir. Tale onu
Qafqaz canişinliyinə
gətirib çıxarır
və baş dəftərxanada mülki
işlər sahəsində
Şərq dilləri
mütərcimi təyin
olunur. Ömrünün
sonunadək (1878) bu vəzifədə çalışan
Mirzə Fətəli
Axundzadəyə ölümündən
beş il
əvvəl polkovnik rütbəsi verilir.
...132 il sonra isə
xalqımız onu ədəbiyyatımızın, dramaturgiyamızın generalı
kimi qutlayır. Şöhrətli teatrlarımız, adlı-sanlı rejissorlarımız
onun əsərlərini
yeni-yeni quruluşlarda,
müasir traktovkalarda tamaşaçılara təqdim
edir. Ölkə
başçısı onun
200 illik yubiley təntənəsi haqda 2 il öncədən
sərəncam verir...
Deməli, bizim böyük və ilk milli Mirzəmizə «ölümündən
əvvəl», «ölümündən
sonra» kimi təyin-tamamlıqlar uyğun
gəlmir. Necə ki, onun bünövrəsini qoyduğu
azad düşüncə
tərzi bugünümüzün
ən aktual ideoloji elementlərindəndir.
Necə ki, onun da
ciddi məqalələrlə
çıxış etdiyi
«Əkinçi» qəzeti
bugünkü mətbuatımızın
ulu soy-kökü kimi qiymətləndirilir.
Necə ki, bizim universitet (ADU-BDU) müəllimimiz, rəhmətlik
Firudin Hüseynov bir gün auditoriyaya
daxil olub, Mirzə Fətəli Axundzadə haqda mühazirəsinə belə
başlamışdı: «Həyatda
elə qanunsuzluqlar, cinayətlər, qüsurlar
var ki, onların
islahı, cəzalandırılması
üçün hüquq-mühafizə
orqanlarına, məhkəməyə
müraciət etmək
olmur. Məsələn,
öz xəsisliyi ilə arvad-uşağına,
qohum-əqrəbasına olmazın
əziyyətlər verən
Hacı Qaranı ancaq və ancaq
öz istedad və sənətkarlıq
«qılıncı» ilə
Mirzə Fətəli
Axundzadələr islah
edə bilər. Yusif Sərraca, Hacı Qaraya, Molla İbrahim Xəlilə, Müsyö
Jordan və dərviş
Məstəli şaha,
Lənkəran xanının
vəzirinə və başqa «bədii insanlar»a əbədi ömür bəxş etmiş sənətkar heç vaxt ölə bilməz...»
Tahir Abbaslı
Mədəniyyət.- 2010.- 21 may.- S. 13.