Görkəmli alim, unudulmaz müəllim
Azərbaycan musiqi tarixinin öyrənilməsində
müxtəlif dövrlərdə
yaşamış alim
və mütəfəkkirlərin
mühüm xidmətləri
olub. Onlardan Səfiəddin ibn Yusif ibn Mömün
əl Ürməvi, Əbdülqadir Marağayi,
Mirzə bəy, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli kimi görkəmli simaların
adlarını çəkə
bilərik. Bu şəxsiyyətlərin sırasında
Üzeyir bəyin layiqli davamçısı,
alim və pedaqoq, əməkdar incəsənət xadimi, professor Məmmədsaleh İsmayılovun da adı hörmətlə yad edilir. Milli
musiqişünaslıq elminin
təşəkkül tapmasına
öz töhfəsini
vermiş görkəmli
alim xüsusilə xalq musiqisinin tədqiqi sahəsində dəyərli tədqiqat işlərinin müəllifidir.
Xalq musiqisini mükəmməl
öyrənərək Azərbaycan
milli lad nəzəriyyəsinin
yeni, təkmilləşmiş
sistemini yaratmaq onun elmi tədqiqatlarının
başlıca qayəsi
idi. M.İsmayılovun tədqiqat işləri
təkrarsızlığı, orijinal dəst-xətti, lakonik yazı manerası ilə seçilir.
Musiqişünas ötən əsrin 30-cu illərindən xalq musiqimizi, folklorumuzu tədqiq etməyə başlayıb. Vokal sənətimizin banisi professor Bülbülün
rəhbərliyi ilə
təşkil olunan ekspedisiyaların onun bu sahədəki tədqiqatlarına mühüm
təsiri olub. Bu qiymətli məxəzlərdən qidalanaraq
o, sonralar xalq musiqi sənətinin
qanunauyğunluqlarının nəzəri təhlilindən
ibarət "Azərbaycan
xalq musiqisinin janrları" elmi konsepsiyasını işləyib
hazırlayıb.
M.İsmayılov xalq musiqisini müxtəlif - tarixi, nəzəri, elmi-məntiqi,
ədəbi-poetik aspektlərdən
tədqiq edib. O, bu
mövzuda ilk monoqrafiyanın müəllifidir.
Ü.Hacıbəylinin lad
konsepsiyasının davamı
M.İsmayılovun lad
nəzəriyyəsinə dair
elmi-tədqiqat işlərində
öz əksini tapıb. Bu tədqiqat işlərinin
bir qismi Azərbaycan Dövlət Konservatoriyasının elmi
məqalələr məcmuələrində
dərc olunmuş, bütövlükdə isə
1981-ci ildə nəşr
edilən “Azərbaycan
xalq musiqisinin muğam nəzəriyyəsinə
dair elmi-metodik oçerklər"də
əksini tapmışdı.
Məmmədsaleh müəllimin
lad nəzəriyyəsində
novator meyillər özünü göstərir.
O, Ü.Hacıbəylinin Azərbaycan
xalq musiqisi sahəsində elmi-nəzəri
ənənələrinə istinad edərək, bu ənənələri daha da dərinləşdirib,
lad problemi ilə bağlı müxtəlif məsələləri
yeniləşdirib. Bir
faktı da qeyd edək ki, Ü.Hacıbəylinin
rus dilində yazdığı "Azərbaycan
xalq musiqisinin əsasları" fundamental
işini Azərbaycan dilinə məhz Məmmədsaleh müəllim
tərcümə edib.
M.İsmayılovun yaradıcılığının bir hissəsi də onun pedaqoji
fəaliyyəti ilə
bağlıdır. O, uzun
müddət Dövlət
Konservatoriyasının müəllimi
olaraq çoxlu sayda tələbələr
yetişdirib, yeni musiqişünaslar nəslinin
hazırlanmasında mühüm
xidmətlər göstərib.
Bu gün Azərbaycan musiqişünaslıq məktəbinin
görkəmli nümayəndələri,
Bakı Musiqi Akademiyasının müəllim
və professorları olan Ramiz Zöhrabov,
Elxan Babayev, Səadət Seyidova, Babək Qurbanov, Aydın Ziyatlı, Rauf İsmayılzadə, Hafiz Kərimov, Səadət Abdullayeva, Zemfira Qafarova, İmruz Əfəndiyeva və digərləri Məmmədsaleh
müəllimin tələbələri
olub, onun dəyərli məsləhətlərindən
qidalanaraq sənət
yollarında uğurlar
qazanıblar. O, daim tələbələrinə öz
elmi baxışlarını,
qənaətlərini, mülahizələrini
yaradıcı surətdə
aşılayıb. Onun
elmi və pedaqoji fəaliyyəti bir-birilə sıx vəhdətdədir.
1994-cü il idi. Bakı
Musiqi Akademiyasının
II kursunda təhsil alırdım. Bir mövzu ilə bağlı Məmmədsaleh
müəllimlə görüşdüm.
O, məni mehribanlıqla
qarşıladı. 82 yaşlı
qocaman alim elmi tədqiqatlarının
ilk dövründən
sənət xatirələrini
və musiqi sənəti tariximiz haqqında maraqlı faktları danışdı.
Sözünün əvvəli
də, sonu da Üzeyir bəylə bağlı idi. Sonda isə dedi: "Mən həyatım boyu Üzeyir bəyə borcluyam və daim onun
ruhu qarşısında
baş əyirəm".
Bu, tələbənin öz böyük müəlliminə verdiyi
ən ali qiymət idi. Bu gün Məmmədsaleh
müəllimə də
öz tələbələri
məhz bu qiyməti verirlər. Xalq musiqimizin, xüsusən muğamlarımızın
öyrənilməsində, folklor nümunələrinin
toplanıb tədqiq edilməsində, mühüm
xidmətləri olan
M.İsmayılov özünün
elmi-tədqiqat məktəbini
yaradıb. Onun yetişdirdiyi musiqişünas
alimlər bu gün həmin məktəbin ənənələrini
layiqincə davam etdirirlər. 1994-cü ildə
vəfat edən bu görkəmli şəxsiyyətin işıqlı
xatirəsi və əməlləri onun tələbələrinin sayəsində
gələcək nəslə
də örnək
olacaq.
* * *
Bu günlərdə Bəstəkarlar
İttifaqında görkəmli
alim və pedaqoq Məmmədsaleh İsmayılovun yaradıcılığına
həsr olunmuş elmi konfrans keçirildi. Konfransda çıxış
edən tanınmış
musiqişünaslar öz
müəllimləri barədə
dəyərli fikirlər
söylədilər.
Sənətşünaslıq namizədi,
professor Səadət Seyidova
“Məmmədsaleh İsmayılov
Üzeyir Hacıbəylinin
davamçısı kimi”,
Azərbaycan Milli Konservatoriyasının professoru
Fəttah Xalıqzadə
“Məmmədsaleh İsmayılovun
musiqi ekspedisiyalarında
iştirakı”, Bakı
Musiqi Akademiyasının
professoru Cəmilə
Həsənova “Məmmədsaleh
İsmayılovun tədqiqatlarında
ladların qohumluğu
məsələsi”, dosent
Ellada Hüseynova “Məmmədsaleh İsmayılovun
“Azərbaycan xalq musiqisinin janrları” əsərində təsnifat
məsələsi”, professor Ceyran Mahmudova “Məmmədsaleh İsmayılovun
pedaqoji metodları” mövzularında çıxış
etdilər.
Azərbaycan Bəstəkarlar
İttifaqının məsul
katibi, sənətşünaslıq
namizədi Lalə Hüseynova, professorlar Sevil Fərhadova, Rəna Məmmədova, Səadət Abdullayeva, gənc musiqişünas Leyla Zöhrabovanın da çıxışlarında
böyük alimin elmi yaradıcılığından
bəhs olundu. Konfransda M.İsmayılovun arxivində
əlyazma şəklində
saxlanılan elmi əsərlərin nəşrə
hazırlanması məsələsi
barədə müzakirələr
aparıldı. Yəqin
ki, yaxın zamanlarda musiqi ictimaiyyəti bu unudulmaz alimin indiyədək işıq
üzü görməmiş
əsərləri ilə
yaxından tanış
olacaqlar.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.- 2010.- 21 may.- S. 12.