Bənzərəm bir qocaman dağa ki...

 

Adil İsgəndərov – 100

 

I yazı

 

Həyatda hər birimizin pərəstiş etdiyimiz şəxsiyyətlər var. Biz bu şəxsiyyətlərlə fəxr edir, özümüzü onlara azca da olsa oxşatmağa çalışırıq. Mənim tanıdığım belə adamlar çox olub, elə indi də var. Onlardan biri görkəmli teatr və kino xadimi, pedaqoq Adil Rza oğlu İsgəndərovdur. Bu böyük insanı yaxından tanımaq və onunla işləmək xoşbəxtliyi mənə də nəsib olub.

 

Tərcümeyi-hal əvəzi

 

Adil İsgəndərov 1910-cu ildə Gəncədə dünyaya göz açmışdı. Hələ gimnaziyada oxuyarkən Gəncə Dram Teatrının səhnəsində çıxış etmiş, sonra Bakıya gələrək, burada Teatr Texnikumunda oxumuş, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdi.

1931-ci ilin yaz günlərinin birində məşqdən sonra böyük dramaturq Cəfər Cabbarlı Adili öz kabinetinə çağırır. Onunla sənət barədə, teatr haqqında söhbət edir və söhbətinin sonunda deyir: “Adil, sən təhsilini mütləq davam etdirməlisən, özü də Moskvada. Çünki teatrımızın inkişafı üçün savadlı, istedadlı milli rejissorlara ehtiyacımız böyükdür. Mən şəxsən sənin gələcəyinə inanıram...”

Şəxsiyyətinə və yaradıcılığına böyük hörmət etdiyi dramaturqun məsləhəti ilə A.İsgəndərov Moskvaya gedir və A.V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda oxuyur, Nemiroviç-Dançenko, Y.Zavadski kimi görkəmli sənətkarlardan dərs alır. Təhsil aldığı illərdə Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçir.

Bakıya qayıdan gənc rejissor 1936-cı ildə Akademik Dram Teatrında rejissor, 1937-ci ildə baş rejissor və teatrın direktoru təyin edilir. A.İsgəndərov təxminən 30 il Akademik Dram Teatrına rəhbərlik edir, bu illər ərzində 80-dən artıq tamaşaya quruluş verir, teatrda səhnə ustalarının bütöv bir nəsli yetişir.

Onun müxtəlif illərdə hazırladığı tamaşalar - “Həyat”, “Vaqif” (1977-ci ildə Adil İsgəndərovun quruluşunda pyesin 1000-ci tamaşası göstərilmişdi), “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello”, “Türkiyədə”, “Cavanşir” və sair tamaşalar Azərbaycan teatr tarixində özünəməxsus yer tutur. Azərbaycan teatr sənətinin inkişafındakı böyük xidmətlərinə görə A.İsgəndərov respublikanın Əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR Xalq artisti (1943), SSRİ Dövlət mükafatı laureatı (1948), SSRİ Xalq artisti (1959) fəxri adlarına layiq görülür.

 

* * *

 

Adil müəllim görkəmli teatr rejissoru olmaqla yanaşı, həm də milli koloritə malik kinoaktyor idi. Hələ teatrda işləyərkən filmlərə çəkilməyə başlamışdı. “O olmasın, bu olsun” (Qoçu), “Qara daşlar” (Xəlilov), “Bir məhəllədən iki nəfər” (məhkəmə sədri), “Uzaq sahillərdə” (Rosselini), “26-lar” (Xaçaturov), “Qanun naminə” (Kamilov), “Romeo mənim qonşumdur” (Quliyev), “Axırıncı aşırım” (Kərbəlayı İsmayıl), “Ulduzlar sönmür” (Nəsib bəy Yusifbəyov) - Adil müəllimin çəkildiyi filmlərin tam olmayan siyahısıdır bu.

O, “Azərbaycanfilm” kinostudiyasına da məhz aktyor kimi gəlmişdi. Yazıçı və kinodramaturq İsa Hüseynov onunla bağlı müsahibələrinin birində deyib: “60-cı illərin əvvəllərində kinostudiyanın vəziyyəti çox ağır idi. Ssenarilər bir-birindən zəif gəlirdi. Çəkilən filmlər də əsasən ortabab olurdu.

Adil müəllimlə məni Mərkəzi Komitəyə çağırdılar. O vaxt mən kinostudiyada baş redaktor vəzifəsində çalışırdım. Amma hələ təsdiq olunmamışdım. Onu direktor, məni isə baş redaktor vəzifəsinə təsdiq etdilər. Oradan gəldik kinostudiyaya. Adil müəllim iclas keçirdi. İclasda üzünü camaata tutub dedi ki, mən sizdən yaradıcı iş tələb eyləyəcəyəm. İşə nə vaxt gəlirsiz-gəlin, amma bütün qüvvənizi işə sərf etməlisiniz”.

A.İsgəndərov istehsala buraxılan bütün filmlərin çəkilişinin başlanğıcında, aktyor sınaqlarında özü iştirak edirdi. Özü də ekranda sınaq çəkilişlərinə baxırdı. Ona görə də sınaqdan çıxan aktyorlar düzgün seçilirdi. Kinoda da aktyorun düzgün seçimi əsas məsələ idi, filmin uğurunun 50 faizini təşkil edirdi».

Rejissor Həsən Seyidbəyli “Nəsimi” filmini çəkməyə hazırlaşanda Teymurləng roluna Adil müəllimi nəzərdə tutmuşdu. Amma eyni zamanda gözəl aktyorumuz Yusif Vəliyevi də sınaq çəkilişlərinə dəvət etmişdi. Hər ikisinin sınaq çəkilişləri aparıldı. Kinolentlərə ekranda baxanda hamının fikri eyni idi: Teymurləngi A.İsgəndərov oynamalıdır. Amma yaradıcı qrup direktorun kabinetinə yığışanda Adil müəllim dedi: “Yoldaş Seyidbəyli, Teymurləng mən deyiləm, Teymurləng Yusif Vəliyevdir, odur, onu çəkin”.

Yazıçı İ.Hüseynovdan daha bir misal: “Axırıncı aşırım” filmi çəkiləndə Adil müəllim özü təklif elədi ki, mən Kərbalayı İsmayılın obrazında özümü görürəm. Rejissor Kamil Rüstəmbəyov dedi ki, Adil müəllim, istəyirsiniz sınaq çəkilişləri aparmadan çəkim sizi. A.İsgəndərov dedi: “Yox, sən sınaq çəkilişlərini elə. Bir də diqqətlə baxaq, arxayın olaq. Amma mən özümü bu rolda görürəm.

“Dərviş Parisi partladır” kinokomediyasında Adil İsgəndərov Hətəmxan ağa rolunu oynayır. Adil müəllim bu rola özünü təklif etmişdi. Buna hamı təəccüb edirdi, elə mən də. Hətəmxan ağa yarı komik obrazdır. Fikirləşirdik ki, ciddi adam olan aktyor bu rolu necə oynaya bilər. Çəkiliş vaxtı A.İsgəndərovun sifətində elə bir spesifik ifadə yarandı ki, bu, yalnız komik aktyorlara məxsus ola bilərdi. Amma biz bu ifadəni çəkiliş meydanına gələndə onun üzündə görürdük. Sən demə, Adil müəllim yolda gələndə artıq bu obrazı özününküləşdirirdi”.

A.İsgəndərovun amplua sözündən xoşu gəlmirdi. O, hesab edirdi ki, aktyor hər şeyi bilməlidir, bacarmalıdır.

Görkəmli rejissor K.Stanislavski deyirdi: “Böyük və kiçik rollar yoxdur, böyük və kiçik aktyorlar vardır”. A.İsgəndərov hansı rolu (baş və ya epizodik) oynayırsa-oynasın, onların hər birində biz sənətkarın yaradıcılıq fərdiyyətini, aktyor İsgəndərovu fərqləndirən cəhətləri - obrazın düşüncələri, hissləri ilə yaşamaq bacarığını görürük. Təsadüfi deyil ki, Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında A.İsgəndərov “Axırıncı aşırım” filmində ən yaxşı kişi roluna görə mükafat və diploma layiq görülmüşdü.

Kinoda yaratdığı obrazlar onun aktyor məharəti sayəsində bütövlüyü və bitkinliyi ilə öz ekran həyatını bu gün də yaşamaqdadır. O, müxtəlif taleli insanları - surətləri sevərək yaradırdı. Bu obrazlar əzəmətli, təsirli və yaddaqalandır.

 

* * *

 

Adil müəllim 1947-ci ildən Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dərs deyirdi, tükənməz istedadı və bacarığı ilə gənclərə sənətin sirlərini öyrədirdi. 1956-cı ildən professor idi. 1966-1974-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru olmuşdu.

Kinostudiyaya işləməyə gəlməmişdən əvvəl, yəni 1964-cü ildə “Azərbaycanfilm” və Respublika Kinematoqrafçılar İttifaqının nəzdində üçillik kinoaktyor studiyasını açmışdı. Adil müəllim bu studiyanın bədii rəhbəri idi. O, studiyada təhsil alan tələbələrə deyirdi: “Yaxşı kino aktyoru olmaq üçün təkcə istedad yetərli deyil. Kino sənətinin sirlərinə yiyələnməkdən ötrü gərgin əmək, yorulmaq bilmədən öz üzərində çalışmaq, daim yaradıcılıq axtarışları aparmaq lazımdır”.

O, milli kadrlara münasibətini belə bildirirdi: “İstedadları öz aramızda axtarmalı, kino sənətimizin inkişafına kömək edə bilən bacarıqlı gəncləri studiyamızın ətrafında toplamalıyıq. Gözümüzü başqa studiyalara dikib, aktyor axtarmağımızın vaxtı keçib.”

Adil müəllimin yaradıcılıq planları geniş idi. O, böyük arzularla yaşayırdı: S.Vurğunun “Vaqif” pyesini ekranlaşdırmağa hazırlaşırdı, M.S.Ordubadinin “Qılınc və qələm” romanı əsasında çoxseriyalı televiziya filmini çəkmək istəyirdi. Bu filmlərdə doğma xalqını, onun ruhunu, məğrur və əzəmətli gücünü baş qəhrəman timsalında görmək istəyirdi. Amma o, bu arzularını həyata keçirə bilmədi...

 

Görkəmli sənətkarın yeganə filmi

 

Adil müəllimlə ilk dəfə 1963-cü ildə çəkiliş meydançasında tanış oldum. Bakının S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişdiyi yerdə ucalan binanın qarşısında “Əhməd haradadır?” kinokomediyasının növbəti səhnəsini lentə alırdı. İyul ayı olduğu üçün hava çox isti idi. İstidən nəfəs kəsilirdi. Çəkiliş zamanı tez-tez qısa tənəffüs elan edilirdi.

“Əhməd haradadır?” filmi görkəmli sənətkarın kinoda yeganə filmidir. A.İsgəndərov filmin çəkilişi ilə bağlı təşkilati işdən tutmuş yaradıcılıq məsələlərinə qədər ortaya çıxan hər şeyə özü nəzarət edirdi.

Bəli, teatrda özünəməxsus yeri olan, milli teatr tariximizə qiymətli töhfələr vermiş bu böyük sənətkar üçün kino istehsalı yeni sahə idi. Düzdür, bundan əvvəl o bir sıra filmlərdə aktyor kimi maraqlı obrazlar yaratmış, kinoda öz sözünü demişdi. Amma kino çəkilişi onun üçün yeni bir sınaq meydanı idi. Adil müəllim filmi həm real, həm də komik aspektdə çəkirdi. Ona görə də filmdə komizmlə reallıq üzvi surətdə bir-birini tamamlayır.

Çəkilişdə fasilə elan olunanda mən Adil müəllimdən “Kino” qəzeti üçün müsahibə aldım. O, söhbətimizin sonunda mənə dedi:

- Bilirsənmi, filmin əsasını onun dramaturgiyası təşkil edir. O nə qədər qüvvətli olsa rejissor üçün də bir o qədər işləmək maraqlı olar. Biz də imkan daxilində çalışırıq ki, ortaya yaxşı bir şey çıxaraq. Əvvəlcədən hər şeyi demək olmur. Söhbətimizin mabədi qalsın film ekranlara çıxandan sonraya...

Nəhayət film ekranlara çıxdıı. Ancaq onun çox qəribə taleyi oldu. O vaxtlar SSRİ Kino Komitəsinin kinolentlərin ekrana çıxarılması ilə məşğul olan idarəsinin rəhbərləri “Əhməd haradadır?” filmi üçün “zəifdir” deyib, çox az tirajla ümumittifaq ekranlarına buraxılmasına icazə verdilər. Respublikamızda isə bunun əksinə oldu. Elə bir şəhər, elə bir kənd tapılmadı ki, bu filmə maraq göstərməsin. Özü də necə!

“Əhməd haradadır?” filmi nəinki respublikamızda, Sovet İttifaqının bir çox şəhələrində ən çox tamaşaçı toplayan kinolentlərdən oldu. Azərbaycan Kinoprokat İdarəsi filmin tirajını dönə-dönə artırdı, hər dəfə də film ekranlarda müvəffəqiyyətlə nümayiş etdirildi.

Moskvanın isə bu filmi belə aşağı qiymətlə qəbul etməsi quruluşçu rejissor A.İsgəndərova bərk təsir etmişdi. O, bunu üzə vurmasa da, əhval-ruhiyyəsindən hiss olunurdu.

Amma Azərbaycan kino tamaşaçısının bu filmi maraqla qarşılaması Adil müəllim üçün bir təskinlik oldu. Çox-çox sonralar biz bir-birimizi daha yaxından tanıyandan sonra bir dəfə söhbət əsnasında o özü bunu etiraf etdi.

 

 

Aydın Kazımzadə,

Kinoşünas

 

Mədəniyyət.- 2010.- 21 may.- S. 10.