Laləzar Mustafayeva: “Səhnə orta həddi sevmir”

 

Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Laləzar Mustafayevadır.

O, özünə güvənən və inanan aktrisadır. Odur ki, tamaşaçı onun istənilən rolunun axarına düşüb gedir... Müsbət enerjisini səhnədən, efirdən tamaşaçıya ötürməyi bacarır. Onun səs tembri fərqli, danışığı aydın və mükəmməldir. Odur ki, obrazın daxili dünyasını olduğu kimi yarada bilir. Bütün bunlarla yanaşı, o, sadə bir insandır. İstedadın ilk göstəricisi isə elə sadəlikdir.

 

- Laləzar xanım, gəlin illəri geriyə vərəqləyib uşaqlığınıza qayıdaq. O illərə ki, Balakən rayonunun Qullar kəndi böyük şəhərdən çox-çox uzaqlardaydı. Amma siz adamların gözündən yayınıb xəyalın qanadlarında sirli bir dünyaya doğru uçurdunuz...

- Mən o sirli dünyanın səhnə olduğunu bilmirdim, amma qanadlanmaq, uçmaq həvəsi vardı, başqa bir dünya axtarırdım. Bu gün də deyirəm, nə yaxşı teatr var. Səhnədə biz başqa insanların həyatını yaşayırıq. Müəllif obrazlarını görmək istədiyi kimi yazır, biz də rejissorların köməyi ilə o obrazları canlandıranda tamam başqa bir dünyada oluruq.

Mənim teatra, sənətə gəlməyimin kökündə ədəbiyyat dayanır. Kəndimizdə klub vardı, hərdən hind filmləri göstərilirdi. Televiziyalar kütləvi şəkildə evlərimizə qədəm qoyanda 6-7-ci sinifdə oxuyurdum. Kinolar çox az göstərilirdi. Ona görə də bədii əsərlər oxuyurdum, oradakı səhnələri gözümün qarşısında canlandırırdım, hadisələr xoşuma gəlməyəndə istiqamətini dəyişirdim, sonu kədərlə qurtaranda da oturub ağlayırdım. Tamam başqa bir aləmdə, ədəbiyyat dünyasında yaşayırdım. Oxuduğum kitablar, oradakı hadisələr məni öz qanadına alıb sonda teatra, səhnəyə gətirdi…

 

Səhnə üçün doğulmuş insan kitabxanaçı ola bilməzdi

 

- Orta məktəbi bitirəndə ürəyimdən aktrisa olmaq keçsə də, ailədə bunu heç açıb-ağartmadım da. Bilirdim ki, valideynlərim icazə verməyəcəklər. Ucqar bir kənddə kim istəyər, qızı gedib aktrisa olsun. Odur ki, başqa bir ali məktəbə sənəd versəm də, qəbul ola bilmədim. Qardaşımın məsləhəti ilə sənədlərimi Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumuna apardıq. Stolun üstünə nümunə üçün ərizə qoyulmuşdu. Ani olaraq ərizədə nə varsa, onu köçürmüşəm. Kitabxanaçılıq fakültəsi əvəzinə, mədəni-maarif şöbəsinin klub tədbirləri rejissorluğu fakültəsini yazmışam.

Birinci imtahana gələndə dedilər qabiliyyət imtahanıdır. Şeir, təmsil deməlisiz, etüd göstərməlisiz. Etüd hazırlamamışdım, axı xəbərim yox idi, amma kifayət qədər şeir bilirdim. Hüseyn Arifdən bir şeir, Hikmət Ziyadan bir təmsil söylədim. Dedilər, iki alırsan. Qapını açıb çıxmaq istəyəndə, imtahan komissiyasının üzvləri otağa daxil oldular. Komissiya üzvlərindən bir nəfər (sonra bildim ki, texnikumun direktor müavinidir) soruşdu ki, bu qəşəng qız neçə aldı? Dedilər iki.

Komissiyanın üzvlərinin təklifi ilə yenidən imtahan verdim, şeir, təmsil söylədim, dörd yazdılar. Sonrakı imtahanları da verib qəbul oldum, texnikumu qırmızı diplomla bitirdim, ailə qurdum. Sonra sənədlərimi İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) verdim...

- Dram və kino aktyorluğu fakültəsini bitirdiniz. Bu sənət ocağında kimlərdən dərs aldınız və sənətdə idealınız kim oldu?

- Mənim sənət müəllimim nəcib insan, böyük rejissor, həssas pedaqoq Fikrət Sultanov olub. Bu gün də bizim universitetin müəllimidir. Allahıma o qədər şükür edirəm ki, mənim qarşıma elə bir insanı çıxardı. Səhnə danışığından isə bizə Ənvər Vəliyev dərs deyirdi. Sənət müəllimlərimin hamısına minnətdaram. İndi universitetdə bir yerdə işləyirik. Ancaq hələ də onların yanında özümü tələbə hesab edirəm. Sənətdə ideala gəldikdə isə, şəxsiyyətinə və sənətinə çox hörmət etdiyim insanlar var, amma həyatımda heç vaxt heç kimə oxşamaq istəməmişəm.

 

Tamaşadan çox məşqdən zövq alıram

 

- Təyinatla Akademik Milli Dram Teatrına göndərildiniz. Səhv etmirəmsə, 1990-cı ildə. Böyük səhnədə ilk rolunuzu necə xatırlayırsız?

- Allah böyük sənətkarımız Həsən Turabova rəhmət eləsin, o vaxt Akademik Milli Dram Teatrının direktoru idi. Diplom işi üçün hazırladığımız Dürr Mattın “Xanımın təşrif buyurması” tamaşasına baxıb çox bəyənmişdi. O tamaşa yaxşı mənada böyük səs-küy saldı, hətta televiziyada nümayiş olundu. Tamaşaya baxandan sonra Həsən müəllimin mənim barəmdə ilk sözü bu olmuşdu ki, bu qızın nə sanballı səsi var. Beləliklə, məni sənət məbədimiz olan Akademik Milli Dram Teatrına işə götürdülər.

- Teatrda ilk rolunuz, ilk uğurunuz barədə nə deyərdiniz?

- Böyük teatrda ilk rolum Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya” tamaşasındakı Alya rolu oldu. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov idi. Tamaşa yüksək səviyyədə alındı, sonralar bu tamaşa ilə Türkiyədə, Şimali Kiprdə qastrol səfərlərində olduq.

- “Qısqanc ürəklər”də Leyla, “Dişi canavar”da Ameliya, “Anamın kitabı”nda Gülbahar, “Qarağaclar altında ehtiraslar”da Abbi Patnem, “Ana intiqamı”nda Qumru müəllimə kimi hərdən ziddiyyətli, hərdən sadə, hərdən də müəmmalı obrazlar yaradan Laləzar Mustafayeva hansı rolu ilə sənətdə möhürünü vurub?

- Mənə elə gəlir ki, bu obraz Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasındakı İçgen xatun obrazıdır. İçgen xatun obrazı istər tamaşaçılar, istərsə də teatr ictimaiyyəti tərəfindən çox sevildi. Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” əsərindəki Məlik Aydan obrazı da sevə-sevə oynadığım rollardan biridir.

- “Güllələnmə təxirə salınır” filmində Laləzar, “Gənc qadının əri”ndə Xalidə, “Uzun gecə”də Qadın, “Qəzəlxan” filmində Birinci arvad, “Qara volqa”da Pəncəli kimi kinoda yaratdığınız neçə-neçə rollar var. Kino, yoxsa teatr? Hansı sizin üçün daha əzizdir?

- Kinoda ürəyim istəyən obraz hələ ki mənə qismət olmayıb. Bəlkə gələcəkdə qismət olacaq, bilmirəm, amma teatr mənim üçün birinci yerdədir.

- Rolun uğurlu alınmasında tərəf-müqabilin rolu barədə nə deyərdiniz?

- İstər teatr, istər televiziya tamaşası, istərsə də film olsun, yaratdığın rolun uğurlu alınmasında tərəf-müqabilinin kim olması mühüm məsələdir. Onun baxışlarından, hərəkətindən enerji almasan, rol uğurlu alınmaz. Axı özün-özünə monoloq söyləmirsən, bu, tamaşadır.

- 20 ilə yaxındır ki, səhnədəsiniz. Şöhrət qadına nə verir?

- Açığı, bu barədə düşünməmişəm. Sənətimə olan məhəbbətimin şöhrətlə heç bir əlaqəsi yoxdur. Allahıma hər gün şükür edirəm ki, çox sevdiyim bir işlə məşğul oluram, bu sənətdəyəm, səhnə ilə nəfəs alıram. Bir obrazın üzərində aylarla işləyirik. Mən tamaşadan çox məşqdən zövq alıram. Məşq mənim üçün hədsiz dərəcədə enerji qaynağıdır. Bəlkə də o enerjini məşqdə yığıb, sonra tamaşaçılarıma paylayıram.

 

Teatrı əl işinə bənzədirəm

 

- Özünüzə ən çox hansı sualı verirsiniz?

- Mən özümlə harmoniyada yaşayıram. Çox suallar verib özümü incitmirəm.

- Yer üzündə bütün insanlar qəribdir. Bəs səhnədə necə?

- Sizin aforizminizlə götürsək onda qəribin qəribidir (gülür). Çünki tamaşaçı ilə bizim aramızda şəffaf bir divar var. Boz rəngli obrazlar səhnəyə yol tapmır, səhnə orta həddi sevmir. Səhnəyə yol tapan rollar faciəsi ilə də, məhəbbəti ilə də parlaq olmalıdır. Ona görə də səhnədəkilər qəribliyin ən yüksək nöqtəsindədirlər. Qərib olmasaydılar o qədər faciə və xoşbəxtlik yaşamazdılar. Adi adamlara bu qismət olmur.

- Əslində teatr nədir? Özümüzə kənardan baxmaqmı?

- Teatr mənim üçün hər şeydir. Hər hansı bir küncə, kənara çəkilib başqa bir sənətlə məşğul olsaydım, həyatımı tam hesab eləməzdim.

- Pərəstişkarlarınızı hansı yeniliklər gözləyir?

- Cənab prezidentin sərəncamı ilə bir çox teatrlar, o cümlədən Akademik Milli Dram Teatrı təmirə dayanıb. İnşallah sentyabrda teatrımız qapılarını tamaşaçıların üzünə açacaq. Eşitdiyimə görə, çox yüksək səviyyədə təmir işləri aparılır, yeni teatr mövsümündə tamaşaçılarımızı sürprizlər gözləyir.

- Dərs dediyiniz tələbələrə ən çox nəyi tövsiyə edirsiniz?

- Mən istəmirəm, onlar kimə isə bənzəsinlər. Çünki hər bir insan təkdir, hər bir insan təkrarsızdır. İstəyirəm onlar özlərində olan potensialı ortaya çıxara bilsinlər.

- Avtobioqrafiyanızla tanış olandan sonra mənə elə gəldi ki, şanslı aktrisasınız. Sənətə qədəm qoyandan 8 il sonra Əməkdar artist, 12 il sonra Xalq artisti adına layiq görülmüsünüz.

- Mən səhnəyə qarşı o qədər təmənnasızam ki, başımı aşağı salıb işləmişəm, həvəslə işləmişəm və heç vaxt onun qarşılığını gözləməmişəm. Əvəzində əməyimi də, sənətimi də qiymətləndiriblər.

- Deyirlər, səhnə sirli bir yerdir. Siz o sirri necə qəbul edirsiz?

- Səhnəni olduğu kimi qəbul edirəm, sirrini açmağa çalışmıram. Çünki səhnəni necə var, o şəkildə sevirəm. Müsbəti, mənfisi, ucaltmağı, incitməyi, ürək ağrısı, alqışları, göz yaşları ilə bir yerdə. O sirri açmağa çalışsam, maraqsız olar.

- Bu gün “ teatr öz ömrünü başa vurdu” - deyənlər az deyil. Siz necə düşünürsüz?

- Fərqli bir dövrdə yaşayırıq. Amma teatr tamam başqa bir dünyadır. Teatrı əl işinə bənzədirəm. Fabrik malı ilə əl işinin fərqi yerlə göy qədərdir. İnsanlar televiziyadan, filmlərdən, şoulardan yorulanda, düşünmək və dincəlmək üçün teatra gələcəklər.

 

 

Söhbətləşdi: Təranə Məmmədova

 

Mədəniyyət.- 2010.- 21 may.- S. 7.