Korifey sənətkarlarımız:
Mehdi Məmmədov
Görkəmli rejissor, teatrşünas,
pedaqoq, tənqidçi,
tərcüməçi Mehdi
Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub. 1922-ci ildə
ailəsi Şuşadan
Bakıya köçüb.
1931-ci ildə Mehdi Məmmədov Teatr Texnikumuna daxil olmaq istəsə
də, çəlimsizliyini
səbəb gətirib
onu qəbul etmirlər.
Elə həmin
il səhnə
eşqiylə yanan gənc Mehdi İşçi Teatrının
yardımçı heyətinə
qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə
isə Mehdi Məmmədov təhsilini
davam etdirmək üçün Moskvaya gedir, Teatr Sənəti
İnstitutuna daxil
olur.
1940-cı ildə
Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə
Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işiylə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının,
1978-1982-ci illərdə S.Vurğun
adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.
«Azdrama»nın baş
rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə
quruluş verib. «On ikinci gecə», «Madrid», «Od gəlini», «Oqtay Eloğlu», «Şeyx Sənan», «İblis», «Hamlet», «Xəyyam»,
«Müfəttiş», «Canlı
meyit», «Romeo və Cülyetta», «Dəli yığıncağı» - bu
tamaşaların hər
biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdi.
Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri
arasında dünya səhnəsinə çıxarmağa
ən çox layiq bildiyi məhz
«Dəli yığıncağı»dır.
M.Məmmədov: «Bədii
bütövlüyünə, müasir fikir dərinliyinə görə
«Dəli yığıncağı»nı daha üstün
hesab edirəm».
Onun Opera və
Balet Teatrının səhnəsində quruluş
verdiyi «Toska», «Lakme», «Sevil», «Koroğlu», ilk dəfə
romantik və modernist üslubun vəhdətində
ərsəyə gətirdiyi
«Leyli və Məcnun» musiqili dramı, Rus Dram Teatrında hazırladığı
«Həyatın dibində»,
«Mənim Nadejdalarım»
tamaşaları rejissorun
təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.
Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində
yüksək intellektli,
universal dünyagörüşlü sənətkar nümunəsi
ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək
peşəkarlıq xüsusiyyətlərini
kamilliklə özündə
birləşdirən az sayda sənətkarlardan idi.
Belə bir fakt məlumdur
ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin
görkəmli nümayəndələri
Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını
təzimlə bildirirmişlər. Onun portreti
indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən
korifeylərin portretləri
ilə bir sıradadır.
Mehdi Məmmədovda bütün
böyük şəxsiyyətlərə
xas olan iddia və bu
iddianın arxasında
qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü
göstərməyə başlamışdı.
Ümumilikdə 60 səhnə əsərinə
bir-birindən mükəmməl
quruluş verən Mehdi Məmmədov dönə-dönə qeyd
edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq
duymayana qədər məşqlərə başlamır. Ciddi-cəhdlə diqqət ayırdığı
daha bir cəhət isə gələcək tamaşanın
forması idi. Mehdi Məmmədova görə,
bədii forma bədii
məzmun qədər
önəmlidir. Başqa
sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün
görünən və
görünməyən incəlikləri
ilə təsəvvür
etmirsə, onun məşq etməsi bir az qəribədir.
Mehdi Məmmədov ömrünün
sonuna qədər pedaqoji fəaliyyətlə
məşğul olub. M.Əliyev
adına İncəsənət İnstitutunda
(indiki Mədəniyyət
və İncəsənət
Universiteti) çalışmaqla
yanaşı, Azərbaycan
Dövlət Universititetində
(indiki Bakı Dövlət Universiteti) etika və estetikadan
dərs deyib.
Onun İncəsənət İnstitutunun
tələbə heyətinin
təşkilinə son dərəcə
tələbkarlıqla yanaşması
barədə isə əfsanələr də yaranmışdı.
Mehdi Məmmədovun Hökumə
Qurbanovaya həsr etdiyi «Onun sənət
ulduzu» araşdırma
və müşahidələr
toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun «Azərbaycan dramaturgiyasının
estetik problemləri» adlı doktorluq dissertasiyası sənətşünaslıq
elmində ən dəyərli tədqiqatlardandır.
Teatr tariximizdə
fəlsəfi-psixoloji üslubun
ustadı olan Mehdi Məmmədov bu barədə deyib: «İnsan, ümumiyyətlə, fəlsəfəyə
meyillidir. Fəlsəfə həyatın dərin
idrakıdır. Rejissor ciddi
düşünürsə, elə o da filosofdur.
Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək
məqsədi qoymamışam.
Fəlsəfəyə meyl özümdən
asılı deyil».
Teatr tariximizə
adını əbədi
həkk etmiş böyük sənətkar
Mehdi Məmmədov
1985-ci il yanvarın 28-də dünyasını
dəyişib.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 21 may.- S. 6.