Azərbaycan-Qazaxıstan mədəni
əlaqələri inkişaf
edir
Mayın 20-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə
olan Qazaxıstanın Manqestau vilayətinin mərkəzi Aktau
şəhərinin akimi (İcra Hakimiyyətinin
başçısı) Krımbek Kuşarbayevin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib. Danışıqlarda
iki ölkə arasında mədəniyyət və turizm sahəsində
əlaqələr və gələcək münasibətlər
müzakirə olunub. Qeyd edək ki, hər il Aktau şəhərində
«Xəzər - dostluq dənizi» adlı mədəniyyət tədbiri
keçirilir. K. Kuşarbayev avqustda keçirilməsi nəzərdə
tutulan növbəti tədbirə nazir Ə.Qarayevi də dəvət
etdi.
Söhbət əsnasında
nazir qonağa konkret təkliflər də verdi. Azərbaycanın
turizm potensialından danışan nazir bildirdi ki, Azərbaycanda
turizm sahəsində yeganə təhsil müəssisəsi
olan Turizm İnstitutu fəaliyyət göstərir. Yaxın gələcəkdə
Azərbaycanla Manqestau vilayəti arasında tələbə
mübadiləsinin həyata keçirilməsi bu vilayətlə
ölkəmiz arasında turizm sahəsində
qarşılıqlı əməkdaşlığın
yaranmasına zəmin yaradar.
Nazir Azərbaycanda həyata
keçirilən turizm layihələri, xüsusilə də
Şahdağ yay-qış turizm kompleksi haqqında qonağa məlumat
verdi. Ə.Qarayev bildirdi ki, gələcəkdə Manqestau
vilayətində fəaliyyət göstərən turizm
şirkətləri də bu layihələrdə iştirak edə
bilərlər. Bütün bunlar isə ölkələrimiz
arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın
hərtərəfli inkişafına gətirib
çıxarar.
Mədəniyyət.- 2010.- 21 may.- S. 2.