Xalq artisti Yaqub Məmmədovun 80 illik yubileyi qeyd olunub
Ağcabədi şəhərindəki Qarabağ
Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin
görkəmli nümayəndəsi, Xalq artisti Yaqub Məmmədovun
80 illik yubileyi qeyd olunub.
Tədbirdə Milli Məclisin
deputatı Tahir Rzayev, Xalq artisti Qəndab Quliyeva, müğənni
Süleyman Abdullayev, rayon icra hakimiyyəti
başçısının müavini Əbülfət
Tapdıqov və başqaları çıxış edərək
Y.Məmmədovun həyat və
yaradıcılığından, muğamımızın
inkişafı naminə gördüyü işlərdən
danışıblar. Qarabağ muğam ifaçıları məktəbinin
parlaq nümayəndələrindən olan Y.Məmmədov
1930-cu ildə Ağcabədi rayonunun Xəlfərəddin kəndində
anadan olub. Ağcabədidə ustad xanəndə Mütəllim
Mütəllimovdan bir neçə muğam və xalq
mahnıları öyrənib, A.Zeynallı adına musiqi məktəbində
məşhur xanəndə Seyid Şuşinskidən dərs
alıb, müxtəlif illərdə Azərbaycan Dövlət
Filarmoniyasında, Dövlət Konsert Birliyində
çalışıb.
Azərbaycan
ifaçılıq sənətinin görkəmli
simalarından olan Yaqub Məmmədov sələflərinin
yolunu layiqincə davam etdirib. Yüksək mədəniyyətə,
təbii fitri istedada, ifaçılıq qabiliyyətinə
malik olan Y.Məmmədov bütün muğam dəstgahlarının,
habelə klassik Azərbaycan poeziyasının mahir bilicisi idi. Klassik
muğam ifaçılığı çərçivəsindən
kənara çıxmayan xanəndə məlahətli səsi
ilə muğama yeni xallar, zəngulələr gətirib. Tədbirdə tanınmış
muğam ifaçılarının
çıxışları olub.
Mədəniyyət.- 2010.- 21 may.- S. 3.