Görkəmli rəssam Rüstəm Mustafayevin qəbirüstü abidəsi
açılıb
Bu il görkəmli rəssam,
Azərbaycanda realist teatr-dekorasiya sənətinin
yaradıcılarından biri Rüstəm Mustafayevin anadan
olmasının 100 illiyidir. Yubiley tədbirləri çərçivəsində
mayın 19-da rəssamın Fəxri xiyabandakı məzarı
üstündə büstünün
açılışı olub.
Azərbaycan mədəniyyətinin
tanınmış nümayəndələrinin iştirak
etdikləri mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Rüstəm
Mustafayevin mədəni irsindən, cəmi 30 il yaşamış
sənətkarın qısa ömründə rəssamlıq
sənətimizin inkişafı üçün böyük
işlər gördüyündən danışıb.
Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
R.Mustafayevin dərin biliyə malik, incə zövqlü,
orijinal düşüncəli bir sənətkar olduğunu
qeyd edib, fitri istedadlı rəssamın çoxşaxəli
yaradıcılığından söz açıb. Xalq rəssamı
Nazim Bəykişiyev R.Mustafayevin Milli Dram Teatrının
baş rəssamı olduğu illərdə bir çox
tamaşalara bədii tərtibat verməsindən, Azərbaycan
teatrında orijinal səhnələrin qurulmasının onun
adı ilə bağlı olmasından danışıb.
Sonra mərhum sənətkarın
məzarı üstünə gül dəstələri
düzülüb, ruhuna dualar oxunub.
Mədəniyyət.- 2010.- 21 may.- S. 3.