O həm də ata idi...
27 may böyük şair
Səməd Vurğunun
xatirə günüdür
Bütün uşaqlara elə
gəlir ki, onun atası dünyada ən qüvvətli, ən ağıllı, ən gözəl insandır. Mən də bütün övladlar kimi düşünmüşəm. İndi bəzən ürəyimdə deyirəm
- kaş, atam adi adam olaydı, ən
adi adam, amma ölməyəydi, sağ qalaydı, bizimlə olaydı, qocalaydı, səhərdən
axşama kimi ona qulluq eləyərdim.
... Lakin bilirəm
ki bu mümkün
deyil. Azərbaycandan
Xəzəri, Muğanı,
Kürü, Arazı,
Kəpəzi, Göygölü
ayırmaq olarmı? Səməd Vurğunu da bizim xalqdan, bizim torpaqdan ayırmaq olmaz. O, təkcə bizim - öz ailəmizinki deyil...
Atam öləndə mənim
18 yaşım var idi. Ömrümün bu
18 ili - əvvəlindən
axırına kimi hər anı, hər saatı onunla bağlı olan bütöv bir xatirədir.
İndi ən şad, ən məzəli xatirə belə ürəyimdə xəfif
bir kövrəklik dumanına bürünür. Bu dumanda onu - şair
atamı görürəm.
Nəfəsi üzümə
dəyən kimi duman seyrəlir, çəkilib gedir, onun səsini eşidirəm:
- Daha böyümüsən, qızım,
anan icazə versə, səni indən belə ova da aparacağam. Yusifdən, Vaqifdən sənin nəyin əskikdir?
Bu sözləri
atam mənə deputatı olduğu Quba rayonundan Bakıya gəldiyimiz vaxt dedi. 1953-cü
ildə. Bu səfərdə ilk dəfə
atamı xalqın gözü ilə görmüşdüm. Seçicilərlə birgə onun çıxışlarına qulaq
asmışdım. Ürəyim qürurla dolmuşdu.
Lakin elə oldu ki, o il atam məni
ova yox, Moskvaya apardı. Bir gün onun dostu və tərcüməçisi
Pavel Antokolskinin qonağı olduq. Ukraynadan Mikola Bajan, Gürcüstandan Georgi Leonidze, Moskva yazıçı və şairlərindən
Aleksandr Fadeyev, Nikolay Tixonov və Konstantin Simonov orada idilər.
Mən P.Antokolskinin həyat yoldaşı Zoya Konstantinovnanın yanında
oturmuşdum. Atam danışdıqca
qadın heyrətindən
bilmirdi neyləsin.
Səməd Vurğun ədəbiyyatda
romantik qəhrəman
problemindən söhbət
açmışdı. Özünəməxsus səmimiyyət, ehtiras, yumorla danışırdı. Məclisdəkilər susub diqqətlə ona qulaq asırdılar.
Atam sözünü
qurtardıqdan sonra bir müddət heç kim
danışmadı, araya
sükut çökdü.
Hamı məhəbbət
dolu nəzərlərlə
atama baxırdı…
Birdən Zoya xala yerindən sıçrayıb dedi:
- Pavel, sən məni öldürsən də mən Səmədi öpəcəyəm!
Qonaqlar hamısı ayağa qalxıb atamı qucaqlayıb öpdülər. Sevincimdən yerə - göyə sığmırdım. Kaş
ki atamın o axşam dediyi sözləri qələmə
alardım... Ancaq neyləmək olar, gənclik ölümə
inanmır, övlad isə ata ölümünü
heç təsəvvürünə
belə gətirmir...
Atam həmişə
yeni yazdığı
əsərləri hamıdan
əvvəl anama, Yusifə, Vaqifə , mənə oxuyardı. “Aygün”
poemasının ilk dinləyicisi
mən olmuşam.
Bununla fəxr edirəm. O, mənə poemanı hissə - hissə yazdıqca oxuyardı. Özü də çox ciddi, fikrimi bilmək istəyərdi.
Nə üçün
poemanı məhz mənə oxuduğunu sonradan, bu misralardan
başa düşdüm:
Mən bu sətirləri yazdığım
zaman
Aybəniz yanımda xəyala
vardı.
Mənalar süzüldü
baxışlarından,
Hələ gözləri
də bir az yaşardı.
Sinəmdə dil
açıb danışdı
ilham:
Ömrümdə ən
əziz bir gün olaydı -
Mənim Aybənizim,
mənim qız balam
Hünərdə, namusda Aygün
olaydı.
O, həm
Aygün haqda yaşca qəhrəmanına
yaxın olan oxucunun fikrini bilmək istəyirmiş,
həm də mənə - qızına
Aygünü bir nümunə kimi göstərib ata nəsihəti verirmiş...
1955-ci ilin yay aylarını
uzun, unudulmaz bir səfərdə keçirdik. Şamxor, Gəncə, Qazax, Dilican, Ağdam,
- Düşün,
balalarım, buralarda doyunca gəzin. Abıqız (çox vaxt məni belə çağırardı),
gözəlliyin yanından
ötüb keçmək
olmaz, gərək ayaq saxlayıb onunla görüşəsən,
ona salam
verəsən!
Belə anlarda bizimlə gəzərdi. Zarafat edər, bizə
otların, çiçəklərin,
ağacların, quşların
adını deyərdi.
Elə bil bizi - övladlarını
təbiətlə
Ancaq bəzən baxıb görərdim ki, atam tək-tənha bir ağaca söykənib, ya da şehli daş,
kötük üstündə
oturub nə isə düşünür. Onu belə görmək istəməzdim, tez onun yanına yüyürüb arxadan boynunu bərk - bərk qucaqlayıb soruşardım...
- Ata, niyə
belə fikirlisən?
Mənə o zaman -
1955-ci ilin yayında elə gəlirdi ki, atam fikrində
nə isə yazır, beş-on gündən sonra bizi başına
yığıb həmişəki
kimi təzə şeirlərini oxuyacaq... Lakin illər keçib getdikdən sonra başa düşdüm ki, tək-tənha ağaca söykənib uzaqdakı dağlara baxan insan Azərbaycanla
vidalaşan Səməd
Vurğun imiş.
Necə deyərlər,
sinə dolu, söz çox, vaxt az...
Yəqin ki, oxucuları Səməd Vurğunun necə ata, ailə başçısı
olması da maraqlandırar. Bu baxımdan onun uzaq Çindən
anama yazdığı
məktub diqqətəlayiqdir:
“Əzizim, gözümün
işığı Xavər! Oktyabrın 28-də təyyarə ilə Çinin paytaxtı
Onu deyim ki, ömrümdə
bu qədər sizi xatırlamamışdım. Ürəyinə başqa şey gəlməsin, kefim yaxşıdır. Çin torpağından
zəngin xatirələrlə
qayıdacağam, yəqin
ki yenə tərlan təbim aşıb daşacaqdır.
Buradan məktub və teleqram göndərmək
çox çətindir.
Öpürəm səni, Mehdixanı, uşaqları. Məndən hamıya salam
de.
Sənin S.Vurğunun.
Aybəniz! Gələn kimi
səni qucaqlayıb bir saat öpəcəyəm.
Vaqif inciməsin deyə onu da bir
saat öpəcəyəm.
Qurban olum sizə, ananızı incitməyin,
dərslərə fikir
verin.
31.X.1955.
Aybəniz Vəkilova,
1976-cı il
Mədəniyyət.- 2010.- 26 may.- S. 14.