Tara bağlı ömür
Milli musiqi sənətimizin inkişafında müstəsna
yer tutan çalğı alətlərindən biri, bəlkə
də birincisi tardır. Onu müqəddəs
çalğı aləti də adlandırmaq olar.
Çünki çox çətinliklərdən keçib,
çox məhrumiyyətlərə sinə gərib ulu
tarımız. Vaxt olub ki, deyiblər:
Oxuma tar, oxuma tar,
Səni sevmir proletar.
Amma ölməz Müşfiq
öz cəsarətinə arxalanaraq və ulu tarın əbədiliyinə
inanaraq
Oxu tar, oxu tar,
Səni kim unudar? - dedi.
Bu misralar tarın dünənini, bu gününü və gələcəyini özündə ehtiva edir. Çünki tara olan böyük sevgi onun əbədiyaşarlığından soraq verir. Bu da tarı məharətlə dinləndirən ifaçıların peşəkarlığından irəli gəlir. Azərbaycan tar ifaçılığında adı hörmətlə çəkilən sənətkarlarımız çoxdur. Milli tar məktəbimizin Mirzə Sadıq Əsədullayev (Sadıqcan), Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Musa Şuşinski, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Əhsən Dadaşov, Hacı Məmmədov kimi böyük ustadları olub. Bu böyük ustadların yolunu layiqincə davam etdirən, özlərindən sonra yeni ardıcıllar yetişdirən sənətkarlarımız var. Onlardan birinin - Xalq artisti Zamiq Əliyevin
Zamiq Balarza oğlu Əliyev
1950-ci il mayın 25-də Bakıda anadan olub.
Zamiq müəllimlə söhbətimizdə o, həmin illəri belə xatırlayır:
“Ötən əsrin 70-ci illərini Azərbaycan musiqi mədəniyyətinin qızıl dövrü adlandırmaq olar. Çünki bu illərdə çox görkəmli musiqiçilərimiz yaşayıb-yaradıblar. Mənim də professional səhnəyə gəlişim həmin illərə təsadüf edir. O dövrdə gənc bir tarzənin ustadlarla çıxış etməsi çox məsuliyyətli və çətin idi. Çünki onlar əsl sənət bilicisiydilər. Mən ustad tarzən Hacı Məmmədovdan dərs almışdım. Amma Filarmoniyada məşhur sənətkarlarla birgə işləməyimin əsas səbəbkarı daha bir hörmətli sənətkarımız, Əməkdar incəsənət xadimi Ağası Məşədibəyov oldu. Bütün müəllimlərimə, o cümlədən Ağası Məşədibəyova hər zaman minnətdaram, daim onun ruhuna duaçıyam. Çünki o mənə əsl atalıq qayğısı göstərib, demək olar ki, sənət yollarında əlimdən tutaraq məni düzgün yola istiqamətləndirib”.
Filarmoniyada çıxışlarına
paralel olaraq Zamiq Əliyev 1974-cü ildə unudulmaz sənətkarımız,
Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın
rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında da
çalışır. Məhz ilk dəfə
bu ansamblda o, xarici ölkələrdə qastrol səfərlərində olur. Zamiq müəllimin dediyinə
görə, Gülarə xanımla yaradıcılıq ünsiyyəti onun sənətində xüsusi bir mərhələdir: “Təbii ki, xalq çalğı alətləri ansamblı ilə “Dan ulduzu” instrumental ansamblının ifaları fərqlənir. Odur ki, mən bu ansamblda bir az da püxtələşdim. Ən başlıcası ona görə ki, Gülarə
xanım xüsusi fitri istedada malik bir sənətkar idi. Onun tələbləri çox idi. Bunun üçün də biz daim axtarışda olmalı idik. Bir mən deyil,
ansamblın bütün üzvləri Gülarə xanımın bu ciddi tələblərinə hörmətlə yanaşır və yeni musiqi çalarları, yeni üslublar üzərində işləyirdik ki, ifamız peşəkar olsun. Gülarə xanım bəstəkarları da bu işə cəlb etmişdi. Onlar ansambl üçün əsərlər yazırdılar. Emin Sabitoğlunun,
Oqtay Kazıminin, Gülarə xanımın öz əsərlərini də solo ifa etmişəm. Həmin çıxışlarımız Azərbaycan Televiziya və Radiosunun fondunda qorunub saxlanılır. Onlar mənim
üçün
çox qiymətli lent yazılarıdır”.
Zamiq Əliyevin yaradıcılığının bir hissəsi də hörmətli sənətkarımız, Xalq artsti Zeynəb Xanlarovanın ansamblı ilə bağlıdır. Doğrudan da hər bir təsadüfün insan həyatında bəzən böyük rolu olur. Elə Zamiq müəllimin Zeynəb xanımla yaradıcılıq ünsiyyəti də bir təsadüflə bağlıdır. Sənətkar özü bu barədə belə deyir:
“Bir gün Zeynəb xanım Filarmoniyada çıxış edirdi. Belə bir sənətkarı müşayiət etmək bizim üçün böyük şərəf idi. Bu hadisə mənim sənət taleyimdə xoş bir təsadüf və sonrakı uğurlarımın başlanğıcı oldu. Belə ki, o gündən mən bir neçə il Zeynəb xanımla birgə işləyərək onun ansamblında konsertmeystr və musiqi rəhbəri kimi çalışmışam. Bu illər ərzində həmin ansamblla çoxlu qastrol səfərlərində olmuşam. Ümumiyyətlə, mən özümü xoşbəxt sayıram ki, belə sənətkarlarla yaradıcılıq ünsiyyətim olub və onlardan çox şey öyrənmişəm”.
Haqlıdır Zamiq müəllim. Sənətkar həmişə öyrənməyə can atmalı və həmişə axtarışda olmalıdır. Mən isə bu yerdə Z.Əliyevin qastrol səfərlərində olduğu ölkələrdən bir neçəsinin adını çəkmək istərdim - Fransa, ABŞ, Suriya, Livan, Əlcəzair, Yəmən və s. Təbii ki, Zamiq müəllim doğma Azərbaycanımızın şəhər və rayonlarında, hətta kənd və qəsəbələrində çoxsaylı çıxışlarla öz sənətini nümayiş etdirib.
1992-ci ildən Z.Əliyev hörmətli sənətkarımız, mərhum Ədalət Vəzirov və Xalq artisti Ağaxan Abdullayevlə birgə üçlük təşkil ediblər və muğam üçlüyünə ustad xanəndə Zülfü Adıgözəlovun adını veriblər. Bu trio ilə onlar respublikamızda və xarici ölkələrdə çıxış ediblər. Bu mənada ölməz Füzulinin 500 illiyi ilə bağlı UNESCO tərəfindən İraqda keçirilən tədbiri qeyd etmək olar. Daha sonra trio gənc xanəndə Simarə İmanova ilə 1997-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında çıxış edərək Qran-pri mükafatına layiq görülüb.
Zamiq Əliyevin yaradıcılığı
bax beləcə solo və müşayiət ifalarından ibarətdir.
Onun ifasında “Şur”, “Bayatı-Şiraz”, “Çahargah” və
başqa muğamların da daxil olduğu “Azərbaycan muğamı”
adlı disk buraxılıb.
Sənətkarın yaradıcılığına onun pedaqoji fəaliyyəti də daxildir. Mədəniyyət və İncəsənt Universitetinin dosenti Z.Əliyev burada tələbələrə xalq çalğı alətlərimizin, o cümlədən ulu tarımızın sirlərini öyrədir.
Bütün bunlarla yanaşı,
Zamiq müəllim ürəyindən keçən melodiyaları
nəğməyə də çevirir, bir sıra mahnıların
müəllifidir. Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Dadaş
Mehdi və başqa şairlərin sözlərinə bəstələnən
bu mahnılar bir çox müğənnilərin repertuarına
daxil edilib.
Zamiq Əliyevin yaradıcılığından danışarkən onun ümummilli lider Heydər Əliyevin sənətkarlarla olan söhbətlərindən bəhs edən “Səhnə arxası görüşlər” kitabını xüsusi qeyd etməliyik. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə nəşr olunan kitab mədəniyyət tariximiz üçün də bir töhfədir. Kitabda dahi şəxsiyyətin sənətkarlarla görüşlərini əks etdirən söhbətləri, bu gün də aktual olan tövsiyələri öz əksini tapıb.
Əlbəttə, belə sənətkarlarımızı alqışlayırıq ki, onlar daim öz yaradıcılıqları ilə xalqımızın mədəniyyətinin inkişafına xidmət ediblər və edirlər. Onlara dövlət tərəfindən də yüksək qiymət verilir. Z.Əliyev 2007-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Sənətkarı yaşadan
ən ümdə amillərdən biri də ona olan böyük
xalq məhəbbətidir. Bu məhəbbətin bariz nümunəsi
kimi Zamiq Əliyev haqqında bir neçə sənətkar sözü
və dost arzularına nəzər salaq:
“O sədaqətli dost və gözəl insandır. Uzun illərdir ki, bir yerdə çalıb-oxuyuruq. Bir xanəndə kimi mən onun müşayiətindən həmişə razı qalıram. Çünki xanəndəni yaxşı izləyə bilir. Bu da tarzən üçün çox vacibdir. Mən əziz dostuma, sevimli sənətkarımıza ömrünün 60-cı baharında daim bahar təravəti, uzun ömür, cansağlığı, sənətdə və həyatda uğurlar arzulayıram”.
Ağaxan Abdullayev,
Xalq artisti.
Mədəniyyət.- 2010.- 26 may.- S. 14.