O işığın və
günəşin adı məhəbbətdir...
26 may Xalq yazıçısı İlyas Əfəndiyevin
doğum günüdür
Elə sənətkar var ki, bütün
yaradıcılığı boyu nə yazırsa, həyatın
hansı problemlərinə müraciət edirsə, həmişə
öz sənətkar təbiətinə, yaradıcılıq
prinsiplərinə sadiq qalır. Buna
yaradıcılıqda ÖZÜNƏMƏXSUSLUQ deyirlər və
bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat
aləmində bir kimsə ilə eyniləşdirməyə
imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və
dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır.
İlyas Əfəndiyev
haqqında düşünəndə bir də, quruyub xəzəl
olsa belə öz ətrini, rayihəsini itirməyən, elə
bil yenicə dərilən BOY ÇİÇƏYİNİ
xatırlayırsan. İnsanlar arasında ən zərif,
ən kövrək, ən bakirə hissləri də həmin
boy çiçəyinin ətri ilə müqayisə eləmək
olar. Bir da ona görə ki, İ.Əfəndiyevin nəsri və
dramaturgiyası bütünlükdə bu incə hissləri
şairanə bir dillə tərənnüm edir.
Bir
anlığa təsəvvür edək ki, XX əsrin nəsri
və dramaturgiyasında İlyas Əfəndiyev adlı bir
şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız
nələr itirərdi? Nəsrimizdə və dramaturgiyamızda
lirik-psixoloji təmayülün, C.Cabbarlıdan sonra yeni və
orijinal teatr məktəbinin adı və ünvanı
itirilmiş olardı.
Bu bir həqiqətdir
ki, onun yaradıcılığı təkcə ədəbiyyat
hadisəsi olub qalmır - bu ədəbiyyatın nəsr və
dramaturgiya kimi iki möhtəşəm sarayının
memarlarından sayılan İ.Əfəndiyev həm də Azərbaycan
mənəviyyatının və mentalitetinin qoruyucularından
biridir. Xalqımızın
ötən əsrdə keçdiyi böyük tarixi yol - bu
yolun uğurundan, qələbəsindən çox
ağrı-acıları, bu yolu keçən insanların əzab
və sarsıntıları onun
yaradıcılığında bir tarix kimi yaşamaqdadır.
Heç şübhəsiz, indiki və gələcək nəsillər
üçün XX əsr azərbaycanlı obrazı ilə
tanışlıq, bu obrazın mənəvi dünyasına
yol İlyas Əfəndiyevin nəsr və dram əsərlərindən
başlayacaq. Bu bədii əsərlər bəlkə hər
dövrdə konsepsiyası dəyişən, istiqamətini
ideoloji küləklərin müəyyənləşdirdiyi
tarix kitablarından daha qiymətlidir, etibarlıdır. Tarix
dedim, görkəmli tənqidçi Yaşar Qarayevin sözlərini
xatırladım: "Azərbaycan tarixi barədə klassik sənədlər
- yeddi "Qarabağnamə" var. Bütünlükdə
İlyas Əfəndiyevin yaradıcılığını mən
səkkizinci "Qarabağnamə" hesab edirəm".
Bu, həqiqətdir.
Və doğrudan da bir hissəsini itirdiyimiz
maddi-coğrafi Qarabağı və itirmədiyimiz mənəvi
Qarabağımızı daha dərinliklə duymaq və sevmək
üçün İ.Əfəndiyevin bədii əsərləri
ən etibarlı qaynaqlardan biridir. Çünki Qarabağ
dünyası İ.Əfəndiyevin
yaradıcılığında həm qədimlikdir, ululuqdur,
zəngin tarixi keçmişdir, həm bənzərsiz
etnoqrafik dünyadır; səsdir, musiqidir,
şeiriyyət aləmidir, həm Azərbaycan bəyliyinin,
ağa-xan-tacir görümünün mücəssəməsidir,
simvoludur, həm GÖZƏLLİYİN bütün əlvanlığı
və rəngarəngliyi ilə göz oxşayır, həm də
ən başlıcası, milli-mənəvi dəyərlərimizin göstəricisidir. İlyas Əfəndiyevin
"Qarabağnamə"sində Xurşidbanu Natəvan,
Qaçaq Süleyman, Sadıqcan, İbrahim xan və onun
qızı, "Mahnı dağlarda qaldı"nın qəhrəmanları,
yazıçının xəyalından, yaddaşından
silinib getməyən ata-babası, yaxın-uzaq qohumları
sanki eyni usta əli ilə toxunulan zərif xalçanın
müxtəlif rənglərini, çeşidlərini
xatırladır.
İlyas Əfəndiyev
ədəbiyyata keçən əsrin 30-cu illərinin
sonlarında gəlib. Ancaq böyük sənətə gələnə
qədər o, bir sıra məhrumiyyətlərlə,
dövrün, zamanın çətin sınaqları ilə
üzləşib. Orta məktəbi əla qiymətlərlə
bitirən, bu müddət ərzində yalnız müəllimlərin
verdiyi biliklərlə kifayətlənməyən İ.Əfəndiyevin
ən böyük arzusu Bakıya gəlib Pedaqoji İnstitutun ədəbiyyat
fakültəsinə daxil olmaq idi. 1934-cü ildə
o, arzusuna çatır. Özünün yazdığına görə,
"varlı" hesab edildiyi üçün səs
hüququndan məhrum edilmişdi, buna görə işsiz idi,
vaxtilə tikdirdikləri böyük evlərini əllərindən
almışdılar, doqquz nəfər ailəyə isə
onların öz evinin ikinci mərtəbəsində iki balaca
otaq vermişdilər. Ancaq bütün bunlara baxmayaraq,
İ.Əfəndiyev institutda verilən qəpik-quruş
stipendiya və talonla, gündə 400 qram çörəklə
kifayətlənib böyük bir həvəslə təhsilə
girişmişdi. Ailəsinin belə yoxsul vəziyyətə
salınması, sinfi mübarizə adı altında onlara edilən
sitəmlər gələcəyin yazıçısında
haqlı narazılıq doğursa da, nikbinliyini, inamını
öldürməmişdi. Ancaq "sən
saydığını say, gör fələk nə
sayır" - deyiblər. Bir müddət keçir, İ.Əfəndiyevi
atasının səsi alındığına görə
institutdan xaric edirlər. Çovğunlu bir qış
günündə isə onların ailəsini
sığındıqları o iki otaqdan da
çıxarırlar.
Yaddaşında
möhkəm iz salan bu hadisələr, təbii ki, onun əsərlərində
bu və ya digər dərəcədə öz əksini
tapacaqdı. Çətinliklə də olsa, o, institutun
coğrafiya fakültəsini qiyabi bitirir, bir müddət kənddə
müəllim işləyir. Atası Məhəmməd
kişi isə çəkdiyi əzablara, yeddi körpə
uşağının onunla birlikdə sürülmək
qorxusuna, tez-tez gəlib hətta yastıqlarının
içini də axtaran inzibati işçilərin təhqiramiz
hərəkətlərinə dözə bilməyib vəfat
edir.
İ.Əfəndiyevin
ilk kitabı 1939-cu ildə çap olunub. "Kənddən məktublar"
adlanan kitabda onun eyni adlı povesti və bir neçə hekayəsi
toplanmışdı. Adətən ilk kitabı ilə az
müəllif diqqəti cəlb edə bilir. Axı birinci kitab
hələ istedadın püxtələşməsindən,
müəllifin fərdi üslubunun müəyyənləşməsindən
soraq vermir. Ancaq İ.Əfəndiyevin "Kənddən məktublar"ı
onun bütün sonrakı yaradıcılığı
üçün səciyyəvi olan aydın, səlis poetik
dili və üslubu, həyat hadisələrinin real təsviri,
obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb
etdi. Elə ilk hekayələrində hiss olunurdu ki, İ.Əfəndiyev
ədəbiyyata kitablardan yox, həyatdan gəlib. O, nəsrində
lirikaya meyl edir, lövhə və surət çəkməyi
bacarırdı.
Şübhəsiz,
İ.Əfəndiyev o dövrdə Azərbaycan nəsrinin
tematikasına yaxşı bələd idi. Yeniləşən,
özünü "quran" insan, həyatda baş verən
hadisələrə ayıq baxan ictimailəşmiş fərd,
onun həyatı və mübarizəsi, qadın
azadlığı, əməyin romantikası, yeni ailə
münasibətləri və s. 30-cu illər nəsrinin səciyyəvi
mövzuları idi. İ.Əfəndiyev də müəyyən
mənada bu tematikaya sadiq qaldı. "Kənddən məktublar"da
bəy qızı öz sinfindən, ailəsindən,
mühitindən imtina edir, "yeni cəmiyyət
qurucuları" sırasına keçir.
İ.Əfəndiyev
müharibə illərində "Durna", "Kiçik
bir poema", "Yarımçıq qalmış portret
haqqında mahnı", "Tar", "Apardı sellər
Saranı", "Qəhrəman və bülbülün
nağılı" və s. hekayələrini yazdı,
döyüş səngərlərindən uzaqda yaşayan
insanların mənəvi dünyasını qələmə
aldı, onların daxili aləmindəki
çırpıntıları, hiss və həyəcanları
təsvir etdi. İndi bu hekayələri
oxuyarkən qətiyyən onları dövrün
"sifarişi" olan yazılar kimi qəbul eləmirsən.
Çünki həmin hekayələrdə dövr şərtidir,
onlarda təsvir olunan ölməz məhəbbət
ideyası, mənəvi qəhrəmanlıq isə əbədidir.
İ.Əfəndiyevin
oxucusu və tədqiqatçısı kimi belə bir məsələ
həmişə məni düşündürüb. O, yazıçı
kimi qadın psixologiyasını necə də incəliklə
bilirdi, bunu öz əsərlərində necə də məharətlə
əks etdirirdi. Bu baxımdan heç bir Azərbaycan
yazıçısı onunla müqayisəyə gəlməz!
Adını çəkdiyimiz hekayələrdə İ.Əfəndiyev
insan qəlbinin dramalarını yaradır. Bu isə o
zamankı nəsrimizdə yeni hadisə idi.
Çox-çox
sonralar da İ.Əfəndiyev hekayə
yaradıcılığını davam etdirdi. İlk
hekayələrindəki təbiiliyi, yığcam bir süjet
daxilində maraqlı, düşündürücü mətləb
ifadə etməyi, ən başlıcası, yaddaqalan obrazlar
yaratmaq istəyini sonrakı hekayələrində də
görə bilərik. "Xəncər",
"Görüş", "Su dəyirmanı",
"Yaylaq qonşumuz", "Şəhərdən gələn
ovçu", "Yun şal", "Qırçı və
qırmızı çiçək" hekayələri
müxtəlif illərdə yazılıb. Ola
bilsin, bu hekayələrdə yazıldığı
dövrün ab-havası duyulsun, dövrün ictimai
çaları hiss edilsin, ancaq yenə təkrar etməyə dəyər
ki, İ.Əfəndiyev mümkün qədər bu
şablondan - "dövrün həqiqətlərini realistcəsinə
əks etdirmək" stereotipindən qaçırdı. O,
insan qəlbini, insan mənəviyyatını əks
etdirməyə çalışırdı.
İ.Əfəndiyev
ilk romanını bir qədər gec yazdı, amma bu roman -
"Söyüdlü arx" Azərbaycan nəsrində bir
hadisə kimi qiymətləndirildi. 50-ci illərin
sonlarında işıq üzü görən roman həm ədəbiyyatda,
həm də İ.Əfəndiyev yaradıcılığında
dönüşün başlandığından xəbər
verirdi. Ölkədə demokratik ab-hava, ictimai-siyasi atmosferdə
mülayimləşmə hiss olunurdu və heç
şübhəsiz, İ.Əfəndiyev yenilikçi bir
yazıçı kimi bunu vaxtında hiss edirdi. O, əsərdə
Azərbaycan kəndinin mənəvi problemlərini
işıqlandırdı. Cəmiyyətin ictimai-siyasi mənzərəsini
deyil, yenə də insan qəlbinin dialektikasını ön
plana çəkdi. Hörmətli ədibimiz Mir Cəlal
Paşayev o vaxt bu əsər haqqında yazmışdı:
"Söyüdlü arx" həm manerası, həm də
yazı mədəniyyəti etibarilə çoxlarına
oxşamayan, memuar stilində yazılmış şirin,
oxunaqlı bir əsərdir".
Nuriyyə və
Muradın sevgisi əsərdə o qədər təbii təsvir
olunmuşdu ki, bu, həmin dövr üçün bəlkə
də inanılmaz idi. Ancaq İ.Əfəndiyev bu sevgi dastanının
sonunu "Leyli və Məcnun" süjetilə bitirmir. Kimsənin
intiharına, faciəsinə ehtiyac qalmır. Sevgililər
qovuşmasalar da, sevgi yaşayır.
İ.Əfəndiyev mahir roman ustası idi. Təkcə müasir dövrün həqiqətləri
deyil, tarixi keçmiş də onun bir çox
romanlarının ("Geriyə baxma, qoca",
"Üçatılan", "Xan çinar")
mövzusuna çevrilmişdi. Yazıçı bu
tarixi romanlarında da müasirlik duyğusuna sadiq
qalırdı. Keçmişdə, tarixdə
səhv və yanlış meyillər axtarmırdı. Keçmişi və tarixi ideallaşdırmaqdan da
çəkinirdi. Sadəcə olaraq, bu
gün bizi düşündürən bir çox sualların
cavabını axtarırdı.
İ.Əfəndiyevin
nəsri ilə onun dramaturgiyası bütöv bir
yaradıcılığın iki qoşa qanadıdır. Onun nəsri
dramatik elementlərlə zəngin olduğu kimi, pyesləri də
nəsrə xas olan dolğun xarakterlərə, kəskin
konfliktlərə, maraqlı süjet xəttinə malikdir.
O, M.F.Axundov, C.Cabbarlı,
H.Cavid kimi ustad dramaturqlardan sonra ədəbiyyat tariximizdə
öz yolu və məktəbi olan bir sənətkardır. Artıq əlli ilə yaxındır Azərbaycan
teatrı İ.Əfəndiyevin dramaturgiyası ilə qoşa
addımlayır.
İlyas müəllimin
pyesləri teatrımızın inkişafının
bütün istiqamətlərinə öz təsirini göstərib. Mərhum
rejissor Tofiq Kazımov məhz onun pyesləri ilə rejissura sənətində
lirik-psixoloji təmayülü təsbit edə bildi. Həsənağa
Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər
Rzayev, Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal
kimi sənətçilərimiz İlyas Əfəndiyevin
pyeslərində oynadıqları rollarla məşhurlaşdılar.
"Bahar suları",
"Sən həmişə mənimləsən",
"Atayevlər ailəsi", "Unuda bilmirəm",
"Məhv olmuş gündəliklər", "Mənim
günahım", "Mahnı dağlarda qaldı",
"Qəribə oğlan", "Xurşidbanu Natəvan",
"Büllur sarayda", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Şeyx Məhəmməd Xiyabani"
- bu pyeslər dramaturgiyamızda və teatr tariximizdə iz
salan əsərlərdir...
İ.Əfəndiyev
haqqında qeydlərimi başa çatdıranda onun öz
obrazı gözlərim qabağına gəldi. 90-cı illərin
əvvəllərində İlyas müəllimlə qəzet
üçün müsahibə aparmışam. Yazımda belə bir cümlə işlətmişdim
ki, onun səsi də diri idi, insanı cəzb edirdi, bu səsdə
tarixlə bu günün çalarları birləşmişdi.
O SƏS İNDİ DƏ YAŞAYIR, ədəbi fikrimizdə,
ondan sonra gələn nəsillərin
yaradıcılığında, İlyas Əfəndiyev teatr
məktəbində...
Vaqif Yusifli,
filologiya elmləri namizədi
Mədəniyyət.- 2010.- 26 may.- S. 7.