Kitaba məhəbbət,
təbiətə sevgi
Xaçmazda keçirilən kitab
bayramı bu məqsədə xidmət
edirdi
Mayın 21-də F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının
təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyilə Xaçmaz
rayonunda «2010 - Ekologiya
ili»nə həsr olunmuş kitab bayramı keçirildi. Tədbirdə
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin
kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova,
Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı
İlqar Ağabalayev,
Respublika Uşaq Kitabxanasının direktoru
Fizurə Quliyeva, uşaq yazıçı
və şairlərindən
Ələmdar Quluzadə,
Zahid Xəlil, Sevinc Nuruqızı, Qarabağ mövzusunda yazıların müəllifi
Nüşabə Məmmədli
və rayon ictimaiyyətinin
nümayəndələri iştirak
edirdilər.
Tədbir münasibətilə Xaçmaz
şəhərindəki istirahət
parkı bayram əhvalında bəzədilmişdi. Parkın
girişində Kitab bayramının emblemi qoyulmuş, park boyunca kitab və
rəsm sərgisi təşkil olunmuşdu. Bundan əlavə, Respublika Uşaq Kitabxanasının təşkilatçılığı
ilə üç gün əvvəl rayonda «Yurdumuzu gülüstana çevirək»
adlı maraqlı aksiya keçirilmişdi. Aksiyada Zərifə Əliyeva adına 8 saylı liseyin yuxarı sinif şagirdləri geniş ərazidə təmizlik-abadlıq
işləri görmüşdülər.
Kitab bayramında həmin işlərdən
bəhs edən fotosərgi də nümayiş olundu.
Azərbaycanda 12 mindən çox
kitabxana fəaliyyət
göstərir
Kitab bayramını Xaçmaz
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Nazim Ağayev açdı. O, bu
bayramın Xaçmazda
keçirilməsini rayon
ictimaiyyəti üçün
əlamətdar hadisə
adlandırdı: «Tərəqqi
və inkişaf yalnız elmdən keçir, elm isə kitab vasitəsilə insanlara çatdırılır. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyilə
belə tədbirlərin
respublikamızın bütün
rayonlarında keçirilməsi
təqdirəlayiq hadisədir».
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında
2008-ci ildən başlayaraq
hər il
ölkəmizin şəhər
və rayonlarında kitab bayramlarının keçirildiyini nəzərə
çatdırdı: «Kitabxanaya
münasibət cəmiyyətin
mədəni-intellektual səviyyəsinin
göstəricisidir. Azərbaycan
tarix boyu elmə yüksək münasibətilə seçilib.
Bu gün ölkəmizdə kitabxana
işinin inkişafına
böyük önəm
verilir. Son illər ölkə prezidenti tərəfindən
kitabxana işi sahəsində 6 sərəncam
verilib, kitabxanaların
inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Hazırda
Azərbaycanda 12 mindən
çox kitabxana fəaliyyət göstərir.
Kitabxana-informasiya mərkəzləri
yaradılır, mövcud
kitabxanaların fondu zənginləşdirilir. 2 milyondan
çox kitab latın qrafikası ilə nəşr edilib. 30-dan çox şəhər və rayon kitabxanalarında veb-saytlar yaradılıb».
Xaçmaz RİH-in başçısı
Şəmsəddin Xanbabayevin
sözlərinə görə,
son beş ildə rayonda 9 muzey və 3 orta məktəb tikilib: «Ölkəmizdə
mədəniyyət sahəsinin
inkişafına böyük
önəm verilir. Çünki mədəniyyət olmayan yerdə heç bir inkişafdan danışmaq
mümkün deyil.
Biz çalışmalıyıq
ki, uşaqlar kitabxanalara getsinlər, kitab oxumağa maraqlı olsunlar. Necə ki, Hüseyn
Cavid deyib: «Turana qılıncdan kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət...»
Ekologiya festivalı
keçiriləcək
Qeyd edək ki, Respublika
Uşaq Kitabxanası
«Ekologiya ili» çərçivəsində bir sıra maraqlı
tədbirlər həyata
keçirir. Kitabxananın
direktoru Fizurə Quliyeva bu barədə
bizə məlumat verdi: «2010-cu il «Ekologiya ili» elan edildikdən sonra Azərbaycanın bütün rayonlarında
ekologiyaya dair uşaq kitab bayramları keçirmək
qərarına gəldik.
Məqsədimiz uşaqlara
ekologiya, ətraf mühitin mühafizəsi,
ağaclara, güllərə
qayğıkeş münasibət
aşılamaqdır. Kitab
bayramları Xaçmaz
şəhəri ilə
yanaşı, Qusar (20
may), Oğuz (26 may), Ağcabədi (26 may), Şamaxı (27 may) rayonlarını da əhatə edir.
Digər rayonlarda da kitab
bayramlarını Bakının
müxtəlif kitabxanaları
təşkil edəcək. Sentyabr-oktyabrda
bu tədbirlərin yekunu olaraq ekologiya
festivalı keçirməyi
nəzərdə tuturuq.
Bununla bərabər, əksər rayonlarda «Günəşli körpü»,
«Təbiəti qoruyaq»,
«Təmiz hava», «Yurdumuzu gülüstana çevirək» adlı iməcilik xarakterli aksiyalar keçiririk. Bu aksiyaların sonunda isə fərqlənən uşaqlar
üçün hədiyyələr
nəzərdə tutmuşuq».
Kitablar təbiətlə
uşaqlar arasında bir körpüdür
Tədbirin ikinci hissəsi bayramın simvolik rəmzi olan göyərçinlər və
şarların havaya qalxması ilə başladı və uşaqların maraqlı çıxışları ilə
yadda qaldı. Respublika Uşaq
Kitabxanasının elmi
işlər üzrə
direktor müavini Zahirə Dadaşovanın
rəhbərliyi ilə
hazırlanan səhnəciklər iştirakçılar
tərəfindən böyük
maraqla qarşılandı.
Hər bir səhnəcik uşaqlarda
kitaba məhəbbət,
təbiətə sevgi
ilə yanaşma hissinin formalaşmasına
xidmət edirdi. Bu yerdə bizimlə
fikirlərini bölüşən
şair Ələmdar
Quluzadə uşaqları
təbiətə yaxınlaşdırmaq
üçün kitabın
böyük qüvvəyə
malik olduğunu bildirdi: «Kitablar təbiətlə uşaqların
arasında bir körpüdür. Bu səbəbdən də belə tədbirlərin əhəmiyyəti böyükdür».
Xaçmaz rayon Təhsil Şöbəsinin
müdiri Mədinə
Nurməmmədova da qəzetimizə açıqlamasında
tədbiri yüksək
dəyərləndirdi və
«Ekologiya ili» çərçivəsində belə tədbirlərin keçirilməsinin önəmini
vurğuladı.
Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin
direktoru Telnaz Adıgözəlova da belə kitab bayramlarının maarifləndirici
əhəmiyyət daşıdığını
qeyd etdi.
Tədbirin sonunda «Ekologiya və biz» adlı rəsm müsabiqəsinin
qalibləri diplom və hədiyyələrlə
mükafatlandırıldı.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 26 may.- S. 4.