Amerika gündəliyi
Əvvəli ötən sayımızda
Mayın 5-i saat 16-da bizim üçün yer ayrımış “Embassu
Suites” mehmanxanasına çatırıq. Mehmanxanada
xidmətin səviyyəsi
çox yüksəkdir.
Hər yerdə insan əllərilə yaradılmış gözəlliyə
heyran qalırsan. Həyətdəki hovuzda rəngli balıqlar üzür. Ləngimədən
nömrələrimizin açarlarını
alıb otaqlarımıza
qalxırıq. Bir qədər istirahət etdikdən, yuyunub rahatlandıqdan sonra otaq yoldaşım - Lənkəran Şəhər
Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Vasif Fərzullayevlə mehmanxananın
foyesinə düşürük.
Sonrakı günlərdə
boş vaxtımızın
az olacağını
nəzərə alaraq
axşamüstü şəhəri
gəzməyə çıxırıq.
Vaşinqton ilk baxışdan sakit şəhər təəssüratı
bağışlayır. Maşınların
siqnal səsi demək olar ki eşidilmir. Amerikanın digər şəhərlərindən fərqli
olaraq, Vaşinqtonda çoxmərtəbəli binalar
- «göydələnlər» yoxdur. Şəhərdə
30 metrdən hündür
binanın tikintisi qadağandır. Amerika Konqresinin binası - ağ günbəzli Kapitolinin hündürlüyü
məhz bu qədərdir. Odur ki, Vaşinqton şəhərində Amerika
parlamentinin - Senat və Nümayəndələr
Palatasının yerləşdiyi
bu binadan hündür tikilinin inşasına yol verilmir.
Vaşinqtonun köhnə
- Corciya adlanan hissəsi olduğu kimi qorunub saxlanılıb.
Şəhərin bu hissəsi XVIII əsrin sonlarında salınıb.
Binaların əksəriyyəti
qırmızı kərpicdəndir.
Şəhərdə başqa ölkələrin
avtomobil markaları da barmaqla sayılacaq
qədər azdır. Öyrənirik ki, bu hal
təkcə Vaşinqtonda
belədir, ABŞ-ın
digər böyük şəhərlərində yapon
və Avropa avtomaşınları çoxdur.
Ayaqlarımız yorulana qədər şəhəri
gəzirik. Uzaqdan okean görünür. Yorulduğumuz üçün
və gec olduğundan sahilə getmək həvəsindən
vaz keçərək
geri qayıdırıq.
Bu gəzintidən xatirə olaraq fotoşəkillər çəkdiririk.
Mehmanxanaya gəlib şam edir, sonra Vasif müəllimlə
nömrəyə qayıdırıq.
Nömrədə hər
şey var: ütü, qəhvədan,
2 televizor və yüksək tələblərə
cavab verən xidmətlər. Hər şey əvvəldən hazırlanıb.
Mən isə yatmaq barədə hələ düşünmürəm, yol
qeydlərimi qələmə
alıram. Hiss edirəm ki, bu səfər zamanı yazmaq üçün çoxlu
material var. Odur ki, bu
yazıların yarımbaşlıqlarını
gündəliyimə qeyd
edir və geniş yazıları sonraya saxlayıram.
* * *
Səfər boyu Vaşinqtonu gəzib-görmək
vaxtımız az olsa da,
təəssüratım çox
zəngindir. Şəhərin
küçələrini gəzərkən
bu ölkədə hər şeyin dəqiqliklə idarə olunduğunu dərhal hiss edirsən. Küçələrdə avtomobillərin
hərəkəti elə
də sıx deyil, səkilərdə maşın saxlamaq qadağandır. Odur ki, bütün maşınlar üç
və daha çoxmərtəbəli avtomobil
dayanacaqlarında saxlanılır.
Bu xidmət pulludur. Xidmət haqları xüsusi avtomatlar vasitəsilə ödənilir. ABŞ-ın
digər ştatlarında,
hətta kiçik şəhərlərdə də
bu xidmətə rast gəlmək olur.
Vaşinqtonda, eləcə də Amerikada olduğumuz digər şəhərlərdə
ətrafa diqqət yetirdikdə ilk baxışda
adama elə gəlir ki, bu ölkədə heç kimin qayğısı, dərdi,
problemi yoxdur. Barların,
restoranların, mağazaların
parıldayan reklamları
göz qamaşdırır.
Ticarət mərkəzlərində
axşamüstü çox
tünlük olur. Bunu həmin ticarət obyektlərinin qarşısındakı növbələr
də göstərir.
Vaşinqtonda qaradərili insanlara çox rast gəlmək olur. Sanki onlar
bu şəhərin əhalisinin çoxunu təşkil edirlər. Baş çəkdiyimiz tarixi yerlərdə, küçə və meydanlarda də rast gəldiyimiz qaradərili insanlar çox şən görünürlər. Ümumiyyətlə,
Amerika əhalisi çox gülərüz,
mehriban görünür.
Biz küçə
ilə gedərkən
yerli sakinlər əcnəbi olduğumuzu hiss
edərək daha çox gülümsəyir
və bizi salamlayırlar. Lakin lütfkarlıqla edilən
bu hərəkətlərin
qarşısında səmimiyyətin
az olduğu
da hiss olunur. Çünki gülüş
daha çox zahiri bir əlamətdir.
Təbiilikdən uzaq olan təbəssümlərdə
bir şablonluq hiss olunur. Elə
bil burada hamıya eyni cür gülümsəməyi
tapşırıblar.
Mərkəzi küçədə
gedərkən qarşımıza
bir küçə musiqiçisi çıxır.
Əlində gitara tutmuş gənc musiqiçi küçədə
kiçik səsucaldan
qurğusunu quraşdırıb
şövqlə oxuyur.
Biz ona yaxınlaşarkən
o daha şövqlə,
daha ucadan oxumağa başlayır. Sanki barmaqları ilə tarıma çəkilmiş gitara simlərini qırmaq istəyir. Hiss edirik ki, yerli
sakinlər üçün
onun çıxışı
cəlbedici deyil. Hamı onun yanından soyuqqanlıqla keçib gedir.
Mina xanımla məni bu küçə musiqiçisinin yanında
qoyulmuş lövhədəki
yazının məzmunu
maraqlandırır. Səfər
yoldaşımız Şəhla
xanım ingilis dilini mükəmməl bildiyindən yazını
oxuyur və tərcümə edir. Lövhədə “yerli musiqiçiyə yardım
edin” yazılıbmış.
Bu lövhəyə, lövhənin yanında qoyulmuş balaca qaba nəzər salırıq. Qabda bir - iki dollar
kağız pul və xırda dəmir pullar diqqətimizi cəlb edir.
Yadıma Azərbaycan düşür. Sivil mədəniyyətlərin qovuşacağı
olan ölkəmizdə
mədəni dəyərlərə
verilən yüksək
qiymət, sənət
adamlarına göstərilən
qayğı haqqında
düşünürəm. Dövlət səviyyəsində
həyata keçirilən
mədəni tədbirlərin
hər birində mədəniyyətə sonsuz
sevgi və qayğı vardır. Azərbaycanda hər bir sənət adamına böyük qiymət verilir.
Bura isə Amerikadır.
Bu da amerikalıların
sənət adamına
qiyməti. Bu amerikalı musiqiçinin
pal-paltarı, döşəyi
də yanındadır.
Məlum olur ki, o elə
küçədəcə gecələyir, yaşamağa
evi - eşiyi yoxdur. Biz də
ani marağımızı
boğub həmin musiqiçinin yanından ötüb keçirik.
Bu ərazidə küçədə oturub
dilənən insanlara
da təsadüf edirik. Görkəmcə sağlam insan təsiri bağışlayan
bu dilənçilərin
hamısı qaradərili
sakinlərdir.
Onlardan bəzilərinin əllərində yazılı
plakatlar da görünür. Bu adamlardan çoxu elə küçədəcə
yatır. Öyrənirik
ki, bu adamlar
evi - eşiyi olmayanlardır və onların küçələrdə,
park və xiyabanlarda yatması elə də qəbahət hesab edilmir. Hətta şəhərin müxtəlif
yerlərində onların
yataq əşyaları
hesab olunan döşəklərin bükülüb
üst-üstə yığıldığı
da nəzərə çarpır. Küçədə
yatanların sayı çoxdur. Əlbəttə
bu bizim ilk baxışdan təəssüratımız idi.
Mağazalarda çox bahalıqdır. Ərzaq da, sənaye malları da yüksək qiymətə
satılır. Əksəriyyət
mallar, o cümlədən ərzaq
Amerika istehsalıdır.
Malların qiymətləri
Azərbaycanla müqayisəyəgəlməz
dərəcədə yüksəkdir.
Maraq xatirinə təbii sabunlar reklamı yazılmış
bir mağazaya daxil oluruq. Yeddi
nəfərin içəri
girdiyini görən satıcılardan biri bayaq təsvir etdiyim şablon gülüşlə bizi qarşılayır. Gülə-gülə
danışır. Şəhla
xanım onun dükanda olan malları təriflədiyini
və bütün malların təbii şəkildə istehsal olunması barədə məlumat verdiyini söyləyir.
Qiymətlərə baxırıq.
Bütün sabun qalaqlarının üstündə
qiymət yazılıb.
Qiymətlər doqquz dollardan başlayır. Burada hətta
52 dollara da sabun var. Təəccüb
bizi bürüyür.
Bir təəccüblü hal
da odur ki,
mağazada sabunlar açıq şəkildədir.
Amma satılanda xüsusi selafon qablara qoyulur, çox yüksək zövqlə
qablaşdırılır.
(Ardı var)
Vaqif Alıyev,
Kürdəmir rayon Mədəniyyət
və Turizm Şöbəsinin
müdiri
Mədəniyyət.-
2010.- 28 may.- S. 12.