Sazın sehri
Əvvəlcə onu belə tanıdılar: sazda “Cəlili” ifa edən qız. İndi onun barəsində belə deyirlər: sənətdə
ustadı olmasa da, özü ustad oldu. Özü
isə belə deyir: sazın yolu haqq yoludur...
Aşıq Sevil Xıdırova haqq yolunu seçdi. Sazın
yolunda cəfalar çəkdi, saz da borclu qalmadı.
İllər sonra sazının sorağı
türkdilli ölkələrin
söz-sənət yarışmalarından
gəldi. Qardaş Türkiyənin Ankara, İstanbul, Konya, Bursa, Sivas şəhərlərində
sazının, səsinin
sehrinə düşənlər
az olmadı. Sənəti ona “Mövlanə”, Qaracaoğlan,
Atatürk qızıl
medalı mükafatlarını
qazandırdı.
Aşıq Sevil Xıdırova saz sənətini təkcə səhnələrdə,
məclislərdə yaşatmır,
sazın ruhundan öyrəndiklərini, yaddaşına
köçürdüklərini, böyük məhəbbətlə,
özünün dediyi
kimi, “xalqın balalarına” öyrədir. Onun
çoxsaylı şagirdləri
var. Bakı şəhərində məskunlaşmış
Şuşa Musiqi Texnikumunda və Şuşa Xəlfəli kənd uşaq musiqi məktəbində saz ixtisası üzrə dərs deyir. Bəlkə nə vaxtsa aşıq sənətində
“Sevil aşıq məktəbi” də olacaq. Kim bilir?
Həyat dastanı
Uşaq olanda sazı sevməzdi. Çünki radioda, televiziyada saz çalınanda anası ağlayardı. Anasının
göz yaşlarına
dözməzdi, öz-özünə
soruşardı ki, görəsən bu alətin sirri nədədir?
İllər keçdikcə
anasının göz
yaşlarının səbəbini
anladı. Anladı ki, anasının nakam qardaşları bir zamanlar məclislərdə
saz çalarmış,
odur ki, saz səsi gələndə
onun ürəyinə
toxunur, xatirələrini
oyadır. Sonra sazı sevdi. Həmişəlik...
Sevil Xıdırova öz həyatını dastan diliylə danışır. Sakit, rəvan, maraqlı...
Deyir ki, Yevlax rayonunun
Tanrıqulular kəndində
anadan olmuşam. Firudin
kişinin qızıyam.
Böyük külfət
idik. Gecə-gündüz
fikirləşirdim ki,
necə olsa da, özümə saz almalıyam. Amma saz almağa
imkanımız yox idi. 7-8-ci sinifdə oxuyanda bir gün
gördüm ki, kənd soveti idarəsinin qabağında
“Vilis” dayandı. Maşından buxara papaqlı, yaşlı bir kişi düşdü.
«Vid-fason»undan duydum ki, aşıqdır.
Yüyürüb getdim
maşının yanına,
soruşdum: «Aşıqsınız?».
Dedi, saz bağlayıram. Öyrəndim
ki, əslən kəlbəcərli olan bu adamın adı Əlişdir. Uşaq sadəlövhlüyü
ilə dedim, bizə qonaq gedərsiniz? Əliş baba sözümü yerə salmadı, dedi, niyə getmirəm, qızım, həyat yoldaşım qonşu Borçalı kəndindədir, gedim onu da götürüm,
birlikdə sizə qonaq gələrik. Evdə tez-tələsik süfrə açdıq.
Əliş baba xanımı ilə əlində saz gəlib çıxdı.
Arada fürsət tapıb ürkək-ürkək
əlimi saza toxundurdum. Təsəvvür
elədim ki, saz çalıram. Ürəyim çırpındı...
Əliş baba sazı köklədi, çaldı, oxudu. Qonşular səsi eşidib tökülüşüb
gəldilər. Əliş
baba saza marağımı, məhəbbətimi
görüb dedi ki, sənə yaxşı bir saz bağlayacam.
Qonaqları yola salanda Əliş baba Mingəçevirdəki sexinin ünvanını verdi, dedi ki, gələrsən sexdə hansı saz xoşuna gəlsə, onu sənə verəcəm. Bir müddətdən sonra onun sexinə getdim. Bir saz seçdim, indiki kimi yadımdadır, o sazın 150 dollara yaxın qiyməti vardı. Desə də, belə bahalı sazı pulsuz götürə bilməzdim. Beh verdim, dedim gəlib götürəcəm.
Bir müddətdən sonra sazı almağa getdim.
Əliş baba saza bu qədər
bağlandığımı görüb məni bir də sınamaq
istədi. Dedi, əgər bu sazların içində həmin sazı tanısan, pulun qalanını almayacam. 20-30 saz vardı.
Hamısına baxıb «o saz
burada yoxdur” dedim. Dedi, get pərdəni çək.
Pərdəni çəkdim, gördüm
ki, saz oradadı.
Dedi, halal xoşun olsun. Şad-xürrəm kəndə
qayıtdım...”
Həyatın sərt
sınaqlarından keçdikcə
Sevildə saza məhəbbət bir az da artır. Orta məktəbi əla
qiymətlərlə bitirsə
də, qızıl medalı ona yox, başqasına verirlər. Ali məktəbdə
ilk imtahandan beş
alsa da, sonrakı imtahandan kəsilir. Bütün bu haqsızlıqlar
onun iradəsini qıra bilmir. M.Ə.Sabir adına
Bakı Pedaqoji Texnikumunda təhsil alır. Doğma məktəblərində kargüzar və müəllim işləyir.
Amma saza olan sevgisi günü-gündən
azalmır ki, çoxalır...
Bir görüşün
tarixçəsi
Onun həyatında yaddaqalan hadisələr çox olsa da, bir
hadisə ömürlük
hafizəsinə həkk
olunub. O, bu görüşü belə
xatırlayır: “1998-ci ildə
xalqımızın böyük
oğlu Heydər Əliyev Yevlax zəhmətkeşləri ilə
görüşə gələndə
az qala bütün
yevlaxlılar onu qarşılamağa çıxmışdılar.
Mən də “Heydər baba” adlı şeir yazmışdım,
rayon rəhbərliyinin xoşuna
gəlmişdi. Sazla o şeiri
oxumalı idim. Prezident gəldi, insanları salamladı. Bizə yaxınlaşanda
ilk dəfə o böyük
insanı yaxından gördüm. “Müxəmməs” havası
üstə sazı çalmağa başladım.
Yaxınlaşıb əlini çiynimə
qoydu, üç bənd şeiri sona kimi dinlədi,
gülümsədi. O anda elə bil
dünyanı mənə
verdilər. Bu kadrlar televiziyada nümayiş olunub, şəkilləri o günün
əziz xatirəsi kimi saxlayıram”.
O gündən
həm də Sevilin həyatında yeni bir mərhələ
başladı. Sevil doğma
kəndlərində saz
musiqisi kursu açdı. 1999-cu ildə
Mingəçevir şəhər
Fəxrəddin Qasımov
adına 3 saylı Uşaq Musiqi Məktəbinə saz müəllimi təyin olundu. Eyni zamanda, Mingəçevirdə
məskunlaşmış Şuşa
Xanalı kənd musiqi məktəbində saz dərsləri keçir. “7 ildə 60-70 şagirdim oldu. Yaxşı müəllim
kimi tanındım”.
2002-ci ildə ilk dəfə Şəmkirdə keçirilən
gənc aşıqların
respublika müsabiqəsində
Sevil xanım 19 şagirdi ilə iştirak edib 3-cü yerə layiq görülür. Sonra Türkiyənin Bursa şəhərində aşıq
və şairlərin
yarışmasında 100 aşıq
arasında 2-ci yeri qazanır.
Azərbaycan Aşıqlar Birliyinin Mingəçevir şəhəri
üzrə sədri Sevil Xıdırovanın sənət hekayətinə
bu yerdə nöqtə qoymuruq. O saz sənətinin vurğunlarını
hələ çox heyran edəcək, saza, sənətinə olan sevgisiylə...
Təranə Məmmədova
Mədəniyyət.- 2010.- 28 may.- S. 11.