Bəstəkar ömrünün
naxışları
Uşaqlar üçün
müxtəlif musiqi əsərləri yazan bəstəkarlar çoxdur. Sözsüz ki,
bəstəkarlıq məktəbində
onların hər birinin öz yeri, öz dəst-xətti
var. Ustad bəstəkar, pedaqoq və musiqişünas, Əməkdar incəsənət
xadimi Rəşid Şəfəq də belə sənətkarlardandır.
O, 1940-cı ildə
Bakıda anadan olub. Əslən Goranboy rayonunun
Şəfəq kəndindəndir.
Ailəsində musiqiçi olmasa
da, musiqiyə marağı erkən yaşından yaranıb.
Dediyinə görə,
xalasının həyat
yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o, Rəşidi
Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən
sonra Rəşiddə
özümə inam artıb. İki il bəstəkar
Midhəd Əhmədovdan
bu sənətin əsaslarını öyrənib.
Paralel olaraq violençel sinfində də təhsil alıb. Sonra peşəkar bəstəkarlıq
fəaliyyəti başlayıb.
Bəstəkar həmin
illəri belə xatırlayır:
- 1967-1974-cü illərdə Bakının
190 saylı məktəbində
məktəbli filarmoniyası
yaratdıq. Filarmoniyanın nəzdində uşaq
opera studiyası təşkil
etdik. “Tülkü
həccə gedir” komik-alleqorik opera-nağılını
da o vaxt yazdım. Bu əsər balaca aktyorların ifasında böyük uğur qazandı. Onu da deyim ki, 60-70-ci illərdə respublikamızda çoxsaylı
mədəni-kütləvi tədbirlər keçirilirdi.
Həmin
tədbirlərdən bir
çoxunda birləşmiş
xor repertuarını işləmişəm.
Rəşid Şəfəq 1920-1970-ci illərdə
müxtəlif bəstəkarlar
tərəfindən yazılan
uşaq mahnılarının
da bir qismini
xor üçün işləyib. “Beynəlxalq uşaq ili “
(1979) münasibətilə “Göyərçinik biz” adlı
mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar
və yeniyetmələr
üçün “Məktəblinin
musiqi aləmi” (1986 ) adlı kitabı işıq üzü görüb. Kitaba ön sözü böyük bəstəkar
Fikrət Əmirov yazıb. İki il sonra (1988
) xor almanaxı şəklində “Məktəbli
mahnıları” adlı
yeni əsəri çap olunub. Bu xor məcmuəsinə
o dövrün görkəmli
bəstəkarı D.B.Kabalevski
ön söz yazıb.
Bəstəkar qeyd edir ki, əsərləri
keçmiş SSRİ-nin
musiqi nəşrlərində
dərc olunub:
- 1985-ci ilin
yayında Moskvada idim. Dahi bəstəkar Üzeyir
Hacıbəylinin 100 illik
yubileyinə hazırlıq
gedirdi. Bu münasibətlə onun “Ey Vətən” mahnısını qadın
xoru üçün işləmişdim. Şair V.Dubrovinlə
mətni rus dilinə tərcümə
etdik. “Ey
Vətən” xor əsəri “Sovetskaya muzıka” və “Muzıkalnaya jizn” jurnallarında çap olundu.
Rəşid Şəfəq
80-ci illərdə tanınmış
rus şairi S.Marşakın poemaları
əsasında “Səfeh
siçan balası”,
“Ağıllı siçan
balası” nağıllarını
musiqi dilinə çevirərək maraqlı
uşaq operaları yaradıb. Bəstəkarın Moskvada nəşr
olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər
üçün nəğmələri,
“Cəngavərlər” vokal-xor
silsiləsindən miniatürləri
keçmiş SSRİ miqyasında
geniş yayılıb.
Bəstəkarın əsərləri
SSRİ-nin Mərkəzi
Teleradiosunun uşaq xorunun, keçmiş sovet respublikalarının,
eləcə də Türkiyə, Bolqarıstan,
Almaniya və s. ölkələrin uşaq
xor kollektivlərinin repertuarında özünə
layiqli yer tutub.
Onun mahnıları “Qaya” vokal kvarteti, “Sevil” vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları
tərəfindən radio, televiziya
efirində səsləndirilib. Uşaq
xor kollektivlərinin,
o cümlədən AzTV-nin
«Bənövşə» uşaq
xorunun, «Qız qalası» uşaq xor kapellasının, «Mələklər», «Bəri
bax» vokal ansambllarının ifasında
mahnıları bu gün də səslənməkdədir.
Rəşid Şəfəqin yaradıcılığı
çoxşaxəlidir. Onun uşaqlar üçün
yazdığı əsərlərindən
“Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyasını, “Tülkü, Tülkü,
Tünbəki...” komik
folklor nağıl-operasını,
“Bayquşların söhbəti”
uşaq nağıl-operasını,
üçpərdəli operanı,
həmçinin kamera-instrumental
və vokal-xor əsərlərindən “Balaca
Elnurun musiqi albomu”, “Cəngavərlər”
vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Azərbaycan avazları” və s. əsərlərini
göstərmək olar.
Bəstəkar mətbuatda maraqlı yazılarla da çıxış edir. Görkəmli musiqi xadimləri haqqında onlarca məqalə və resenziyaları dövri mətbuatda dərc olunub.
İnanırıq ki, ustad sənətkar
gələcək yaradıcılıq
işlərində dinləyiciləri,
xüsusilə kiçikyaşlı
musiqisevərləri yeni-yeni
əsərləri ilə
sevindirəcək.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 28 may.- S. 11.