Firəngiz Əlizadənin sənət dünyasına səyahət

 

O xalq xoşbəxtdir ki, onu dünyada tanıdan övladları var. Azərbaycan xalqı da dünya mədəniyyəti tarixində iz qoyan böyük dahilər, şəxsiyyətlər yetirib. Görkəmli bəstəkar Firəngiz Əlizadə dünya miqyasında tanınan və ölkəmizi dünyada tanıdan sənətkarlardandır. Təkcə bunu demək kifayətdir ki, hörmətli bəstəkarımız UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlıdır. Firəngiz xanımın yaradıcılığında uğurlar çoxdur. Bu, yalnız onun deyil, Azərbaycanın mədəniyyət tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. Bəstəkarın həyat və yaradıcılığına nəzər salaq.

 

Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. Erkən yaşlarında musiqiyə olan böyük sevgisi onu ömürlük bu sənətə bağlayıb. Fortepiano üzrə ilk musiqi təhsilini aldıqdan sonra kiçik əsərlər yazmağa başlayır. Get-gedə püxtələşən gənc musiqiçi artıq mükəmməl sənət aləminə qədəm qoyur. 1965-ci ildə Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsinə daxil olur. Lakin bəstəkarlığa da böyük həvəs göstərir. Cövdət Hacıyevin, daha sonra Qara Qarayevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Firəngiz xanım uzun illər konservatoriyada Qara müəllimin rəhbərliyi altında assistent kimi də çalışıb. Sonralar öz yaradıcılığında bu böyük bəstəkarın ənənələrini davam etdirib.

Firəngiz Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. Pianoçu, bəstəkar, pedaqoq, musiqi təbliğatçısı, ictimai xadim kimi müstəsna xidmətlərə malikdir. Firəngiz xanım pianoçu kimi hələ gənc yaşlarından öz ifa texnikası, peşəkarlığı ilə seçilib. Bir çox bəstəkarların əsərlərinin ilk ifaçısı məhz Firəngiz xanım olub. Xarici ölkələrdə keçirilən bir çox festivallarda da məhz mahir pianoçu kimi iştirak edib.

Firəngiz xanım ilk əsərlərini məhz fortepiano üçün yazıb. Ümumiyyətlə isə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. “Boş beşik” baleti, “Ağ atlı haqqında əfsanə” operası, N.Hikmətin sözlərinə yazılmış “Ölümsüzlüyə səyahət” oratoriyası, zərb alətləri və kamera orkestri üçün “Silk Road” («İpək Yolu») konserti, müxtəlif heyətlər üçün “Miraj”, “Oazis”, “Abşeron”, “Muğamsayağı” violonçel və fortepiano üçün “Habilsayağı” və s. əsərlərin adını çəkə bilərik. Bu yerdə onu da qeyd edək ki, Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox məşhur musiqiçilərinin - Yo-Yo-Ma Manigetti, Kronus Quartet və başqaları ifa ediblər. Bəstəkarın əsərləri daim dünya musiqiçilərinin repertuarına daxil edilir. Onun klassik zəmində və müasir üslubda yazdığı əsərləri dünya musiqiçiləri yaxşı mənimsəyir. Bu cəhət Firəngiz xanımı bir musiqi təbliğatçısı kimi də xarakterizə edir. O, Azərbaycanla müxtəlif ölkələr arasında musiqi körpüsü yarada bilib. Bu işdə Firəngiz xanımın uzun illər xarici ölkələrdə yaşayıb işləməsi də mühüm rol oynayır. Bəstəkar 1993-1998-ci illərdə Türkiyədə, 1999-2006-cı illərdə isə Almaniyanın İncəsənət Akademiyasının dəvəti ilə Berlində yaradıcılıq ezamiyyətində olub. Bu illər ərzində Firəngiz Əlizadə həm bəstəkar pianoçu, həm də lektor kimi fəaliyyət göstərərək Azərbaycan musiqi mədəniyyətinin gözəl incilərini təbliğ edib. Hazırda Firəngiz xanım işlərinin çox olmasına baxmayaraq bu yöndə öz fəaliyyətini davam etdirir. Xalqını, vətənini sevən bəstəkar onun mədəniyyətini təbliğ etməklə bərabər yaşayan tarixi şəraiti də öz əsərlərində əks etdirməyə çalışır. İlk dəfə 2007-cu ildə səhnəyə qoyulan “İntizar” operası da məhz bu qəbildəndir.

Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölüm, yaxın qonşuların xəyanəti, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir.

Hər bir əsərin yaradıcısı ilk növbədə layiqli vətəndaş olmalıdır ki, o, öz xalqının yaşantılarını sənətin dili ilə ifadə edə bilsin. Çünki sənət əsəri tarixin yaddaşına yazılır. Odur ki, burada tarixi dönüşlər də öz əksini tapmalıdır. Bu mənada Firəngiz Əlizadənin Nərgiz xanımla birgə yazdıqları “İntizar” operası yüksək bədii təfəkkürün məhsuludur. Əsərin məzmununa keçməzdən öncə Firəngiz xanımla olan söhbətimdən bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Firəngiz xanım Azərbaycan operasının dünəni və bu gününü belə xarakterizə edir: “Avropa musiqisinin ən mürəkkəb və möhtəşəm janrı operadır. Azərbaycan professional musiqisinin, yəni bəstəkar yaradıcılığının məhz operadan başlanması da bizim üçün çox yüksək əhəmiyyət kəsb edir. Yaxşı xatırlayıram, 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 5-ci qurultayında ulu öndər Heydər Əliyev böyük bir məruzə ilə çıxış edərək musiqinin müxtəlif janrlarından ayrı-ayrılıqda geniş söhbət açdı. O, dəfələrlə vurğuladı ki, irihəcmli janrları, xüsusən də operanı inkişaf etdirmək lazımdır. Bu dahi şəxsiyyətin musiqi sənətimiz üçün gərəkli olan tövsiyələri sayəsində professional musiqimiz daha da inkişaf etdi. Amma, təəssüf ki, opera janrı, bir qədər geridə qaldı. O vaxtdan indiyə qədər çox az opera yazılıb. Bunlardan M.Quliyevin “Aldanmış ulduzlar”, S.Ələsgərovun “Solğun çiçəklər”, V.Adıgözəlovun “Natəvan” operasının adını çəkə bilərəm. Mən bəstəkarlarımızı yaxşı başa düşürəm. Opera mürəkkəb və böyük zəhmət, axtarışlar tələb edən bir janr olduğundan ona müraciət etmək nə qədər çətin olsa da çalışmaq lazımdır ki, bu janr inkişaf etsin”.

Bu sözlərə qüvvət olaraq biz də bəstəkarlarımıza opera janrına müraciət edərək dolğun əsərlər yaratmağı arzulayırıq. Firəngiz xanımın özünə gəlincə, onun “İntizar” operası müasir tələblərə cavab verən milli və Qərb musiqisinin sintezindən yaranan bir əsərdir. Bədii məzmun tam mənada bugünümüzlə səsləşir. Əsərdə Azərbaycan tarixinin yaxın keçmişində baş vermiş faciəli hadisələrdən bəhs olunur. Müqəddəs torpaqlarımıza xəyanət və hiylə ilə ayaq basan bədxah qonşular səfalı bir diyarı viran qoyaraq, orada yaşayan dinc sakinləri amansızlıqla qətlə yetirib, onların arzu və istəklərini məhv etdilər. Bu dəhşətli hadisə bir ailənin faciəli yaşantıları ilə təqdim olunur.

Firəngiz xanım operada zəngin musiqi dilindən istifadə edib. Operada bədii məzmun və musiqi dili bir-biri ilə vəhdət təşkil edir. Hələ ilk tamaşadan sənətsevərlər bu operaya böyük qiymət verərək onu dünya musiqi xəzinəsinin incisi adlandırdılar. Bu yüksək rəyi operaya tamaşa edən xarici qonaqlar söyləmişdi.

Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən beynəlxalq musiqi layihəsi çərçivəsində “İntizar” operasının yeni quruluşda premyerası oldu. Firəngiz xanımla bu yeni quruluş barədə söhbət edəndə o, əsərinə sanki yeni prizmadan yanaşaraq bəzi etiraflar etdi:

“Düzdür, operanın ilk tamaşası çox uğurlu olmuşdu. Burada rejissor Cənnət Səlimova, dirijor, Xalq artisti Cavanşir Cəfərov və digər yaradıcı heyət ciddi çalışaraq əsərin dolğun təqdim olunmasını təmin etdilər. Amma birinci tamaşa öz həyəcanı ilə mükəmməl ola bilməz. Odur ki, ilk tamaşadan sonra mən yenə də öz axtarışlarımı davam etdirdim. Bu yeni quruluşda, zənnimcə, tam mənada əsərdə görmək istədiklərimə nail oldum. Beynəlxalq bədii heyət tərəfindən hazırlanmış yeni quruluş müasir Avropa teatr prinsiplərinə əsaslanır. Tamaşanın tərtibatında ən müasir bədii-texnoloji vasitələr, yeni hərəkətli səhnə, videoinstallasiya, mürəkkəb işıq partiturası tətbiq olunur. Bu da yaradıcı heyətlə birgə razılaşmalarımıza əsaslanır ki, həm mən, həm də Nərgiz xanım bu quruluşdan çox məmnun qaldıq. Odur ki, tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, professor Dmitri Bertmana, dirijor Vladimir Ponkinə, xoreoqraf Edvald Smirnova və əsərin digər yaradıcı heyətinə öz dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə xormeystr, Xalq artisti Gülbacı İmanovanın və operada bütün partiyaları ifa edən musiqiçilərin hamısının zəhmətini çox yüksək qiymətləndirirəm".

Xalq artisti, “Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmır. Firəngiz xanımın bir ictimai xadim kimi də mədəniyyət tariximizdə layiqli yeri var. Firəngiz xanım 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildə isə bu təşkilatın sədri seçilib. Son vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələr məhz Firəngiz xanımın ideyalarına əsaslanır.

O, bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi “Hüdudsuz muğam aləmi” sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Yalnız böyük arzularla yaşayan insan xarüqələr yarada bilər. Bu da Vətən sevgisi, xalq məhəbbətindən irəli gəlir. Hörmətli sənətkarımız Firəngiz Əlizadənin yaradıcılığı bu amillərdə ehtiva olunur. Bu yazıda Firəngiz Əlizadənin sənət dünyasına səyahət edərək onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açdıq. Əminəm ki, bu zəngin yaradıcılığa yeni-yeni səhifələr əlavə olunacaq.

Firəngiz xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona həyat və yaradıcılıq yollarında uğurlar arzulayırıq.

 

 

Səadət Təhmirazqızı,

Musiqişünas

 

Mədəniyyət.- 2010.- 28 may.- S. 6.