Kitab sevinci
Mayın 26-da M.Maqomayev adına Dövlət
Filarmoniyasının qarşısındakı
bağda Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkil
etdiyi Kitab bayramı keçirildi. Açılış mərasimində çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin
əhəmiyyətini qeyd
etdi.
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Əlikram Əliyev ənənəvi
olaraq keçirilən
Kitab bayramı barədə məlumat verdi. Qeyd
etdi ki, tədbirə 84 kitabxana,
10-dan çox nəşriyyat
cəlb olunub: «Kitab bayramında 18 mövzunu əhatə edən 2056 adda, 30 min nüsxə kitab sərgilənir».
Tədbir iki hissədən ibarət idi. Birinci hissədə
Bakı şəhəri
kitabxanalarının (84 kitabxana)
kitabları təqdim edilir, ikinci hissədə isə Bakıdakı müxtəlif
kitab nəşriyyatlarının,
mağazalarının satış-sərgisi
təşkil olunmuşdu.
Sərgiyə gələn insanlar istədikləri kitabla maraqlanır və öz seçimlərini edirdilər. Onlardan biri tələbə Lalə Zeynalova Kitab bayramı ilə bağlı öz təəssüratlarını
bizimlə bölüşdü:
“Uşaq yaşlarımdan
kitaba çox böyük marağım
var. Bu gün keçirilən
tədbirin əhəmiyyəti
böyükdür. Burada təqdim
edilən kitablar o qədər çoxdur ki, oxucu olaraq
seçim etmək çətindir. Belə tədbirlərin
ildə bir neçə dəfə keçirilməsini istərdim”.
M.Qorki adına Mərkəzi
Şəhər Səyyar
Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova da son illər “Kitab bayramı”nın ənənə
halını aldığını
qeyd edərək, belə tədbirlərin keçirilməsinin önəmini
vurğuladı.
Qeyd edək
ki, “Kitabla dünyanı fəth et” devizi altında keçirilən tədbirdə
nümayiş olunan kitablar BŞMTİ-nin şəbəkəsinə daxil
olan kitabxanalarla yanaşı, Bakı Kartoqrafiya Fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Kitab klubu,
“Qanun”, “Global Publishing”, “Nurlar”,
“Beşik”, “Şərq-Qərb”,
“Xəzər” və “Çinar-çap” nəşriyyatlarının
məhsulları idi.
“Şərq-Qərb”
nəşriyyatının direktoru
Anar Namazov kitabın intellektual səviyyənin inkişafına
təsir etdiyini bildirərək tədbirdə
sərgilədikləri kitablar
haqqında danışdı:
“500 adda kitab, xəritələr, uşaq
kitabları və s. çıxarmışıq. Alıcılar da çoxdur. Tədbirin əhəmiyyəti kitabın
oxucular arasında təbliğ olunmasıdır”.
Kitab mağazaları içində
məşhur “Əli və Nino” kitab evini gözdən qaçırmaq mümkünsüz
idi. Həmişəki kimi müxtəlif
mövzularda həm xarici, həm də öz ədəbiyyatımızı əhatə
edən kitablar satış sərgisindəydi.
Kitab mağazasının
müdiri Nigar Köçərli də öz təəssüratlarını
bizimlə bölüşdü:
“Dünyanın bütün
ölkələrində tədbirlər
keçirilir. Mən çox
şadam ki, bu bizdə də
qeyd olunur. Kitab mağazaları, nəşriyyatların
burada öz kitablarını nümayiş
etməsi üçün
böyük şərait
yaradılıb. Burada həm
də bayram əhval-ruhiyyəsi var. Bu təqdirəlayiq
haldır”.
Kitab bayramı musiqi sədaları altında davam etdi. Burada Bakı şəhər musiqi məktəbləri və mədəniyyət
evlərinin kollektivləri,
“Cəngi”, “Aysel” və “Şəms” rəqs qrupları çıxış edərək
bayrama şən əhval qatdılar.
Yeganə Cansail
Mədəniyyət.- 2010.- 28 may.- S. 4.