Gəncədə kitab bayramı

 

Mayın 26-da Gəncədə şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi 3-cü kitab bayramı keçirdi.

 

Kitab bayramı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gəncə şəhərinin 2010-cu il üçün «Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilməsinə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova açaraq kitabın, kitabxananın insan həyatındakı rolundan danışdı.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov çıxışında ölkə rəhbərliyinin Gəncəyə göstərdiyi diqqət və qayğıdan, şəhərin sosial-iqtisadi inkişafından, mədəniyyət sahəsindəki tərəqqidən söz açdı.

Gəncə Dövlət Dram Teatrının aktyoru, respublikanın əməkdar artisti Məmmədəli Balayev Nizami Gəncəvinin kitaba həsr olunmuş şeirini oxudu. Tədbirin bədii hissəsində şair-publisist Bəxtiyar Muradovun «Bura qədim Gəncədir» adlı ədəbi-bədii kompozisiyası Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında təqdim edildi.

III kitab bayramında «Dünyanın hər yerindən görünən zirvə», «İlham Əliyev və Gəncə», «Gəncədən uçan yollar», «Gəncə yazarları», «Gəncəm mənim, qüdrətim mənim», «Klassik Azərbaycan ədəbiyyatı», «Müasir ədəbiyyat», «Ana dilimiz - milli sərvətimiz», «Əfsanələr, rəvayətlər» və sair adda 1000-ə yaxın kitab nümayiş etdirildi. Kitab bayramında Göygöl Dövlət Mahnı Rəqs Ansamblının solistləri Azərbaycana, Gəncəyə, vətənpərvərliyə həsr olunmuş mahnılar səsləndirdi, ansamblın rəqs qrupunun ifasında rəqslər ifa olundu. Tədbirdə Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin «Gəncə qönçələri» rəqs ansamblı da iştirak etdi.

III kitab bayramı tədbir iştirakçılarının böyük sevincinə səbəb oldu.

 

 

Bəxtiyar Muradov,

Gəncə Şəhər Mədəniyyət və

Turizm İdarəsinin məsləhətçisi

 

 Mədəniyyət.- 2010.- 28 may.- S. 4.