Gənc
rəssamın böyük arzuları
Onu
tanımamışdan öncə yaradıcılıq işi
ilə tanış olmuşdum. Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə
təşkil etdiyi “Azərbaycan rəssamlarının
avtoportretləri” adlı sərgidə nümayiş etdirilən
əl işi çoxları kimi mənim də marağıma
səbəb oldu. Gənc rəssam Elay Məmmədov öz
avtoportretini metal pərçimləmə yolu ilə düzəltmişdi.
Fərqli bacarıq nümayiş etdirən istedadlı gənci
yaxından tanımaq və oxuculara da tanıtmaq qərarına
gəldim.
Elay Məmmədov Naxçıvan
şəhərində doğulub. Uşaqlıqdan rəssamlığa
həvəs göstərib. Sonradan rəssamlığa olan
marağı onu bu ixtisas üzrə biliklərini genişləndirməyə
həvəsləndirib. 2002-ci ildə Naxçıvan Dövlət
Universitetinin təsviri-incəsənət və rəsmxət
fakültəsinə daxil olan Elay 2006-cı ildə təhsilini
başa vurub.
Hərbi xidmətdən sonra rəssam
olmaq istəyi onu Dövlət Rəssamlıq Akademiyasına gətirib,
rəngkarlıq şöbəsində bu sənətin sirlərini
öyrənib. Bu il təhsilini başa vuran Elayın Azərbaycanın
müxtəlif bölgələrində təşkil olunan sərgilərdə
əsərləri nümayiş olunub. O, fərdi sərgisinin
də təşkilini planlaşdırır.
Dediyinə görə, incəsənətdə
öz “sözünü” fərqli şəkildə deyə
bilən rəssam olmaq arzusundadır: “Rəssamlıq yeniliyi
sevən sənətdir. Yeniliyin olması üçün fərqli
düşüncə və fərqli iş olmalıdır.
Düşünürəm ki, rəssamlıq sonu bilinməyən
bir sənətdir. Bu sahədə həmişə öyrənməliyəm”.
Söhbət əsnasında metal
sink qarışığından avtoportret yaratmaq
ideyasının haradan yarandığını soruşuram. Gənc
rəssam deyir ki, incəsənətin bütün növlərində
fərqli və yeni bir şey əldə etmək insanlarda
xoş əhvali-ruhiyyə yaradır: “Mən rəngkarlıq
və heykəltəraşlıq janrlarında da avtoportretimi
çəkə və ya hazırlaya bilərdim.
Düşündüm ki, yaradacağım əsər izləyicinin
yaddaşında iz buraxmalıdır. Məndə ideya
yarandı ki, metaldan nə isə hazırlayam. Bu işimdə
əymə, birləşdirmə və pərçimləmələrdən
istifadə etmişəm. Hər halda metaldan əvvəllər
nələrsə düzəldilib. Amma hansısa rəssamın
metaldan öz avtoportretini hazırlamasına rast gəlməmişəm.
Bununla iştirakçılarda əl işlərimə maraq
yaradacağımı düşünürdüm”.
Elay Məmmədov Rəssamlıq
Akademiyasında təhsil alarkən diplom işini Qarabağ
mövzusuna həsr edib. Deyir ki, hər bir rəssam Qarabağ
mövzusuna əsər həsr etməlidir. Azərbaycanlı
rəssamlar öz fırçasının gücü ilə
həqiqətləri dünyaya çatdırmalıdırlar.
Klassiklərin əsərlərindən çox şey öyrəndiyini
bildirən rəssam hələ sənət yolunda öz
üzərində çox çalışmalı
olduğunu vurğulayır.
Həmsöhbətimin rəssamlıqla
bağlı maraqlı fikirləri var: “Məncə, rəssamın
üzərinə düşən ən böyük iş
öz dövrünün fəlsəfəsini tapmaqdır.
İşlədiyi janrdan asılı olmayaraq onu öz
yaradıcılığında əks etdirən rəssam həmişə
yadda qalır. Tarixə nəzər yetirsək görərik
ki, kim ki, dövrünün fəlsəfəsini əks
etdirir, onlar daha çox xatırlanır”.
Ceyhun
Mədəniyyət.-
2010.- 3 noyabr.- S. 15.