Qurbansız qalan tarım

 

   Xalqımızın maddi-mədəni abidələri içərisində qədim çalğı alətləri də geniş yer tutur. Yəqin ki, çoxları bu yerdə ulu tarımızı xatırladı və məqsədimiz də aydın oldu. Bəli, bu yazıda Qurbansız qalan tardan və tarı ilə yaddaşlardan silinməyən ustad Qurbandan danışacağıq.

  

   Tar sözünün mənası “sim” deməkdir. Bu alət bir çox Yaxın Şərq və Orta Asiya ölkələrində yayılıb. Amma Azərbaycan tarı daha mükəmməl və təkmildir. Onun özünəməxsus konstruksiyası və bədii-texniki ifa xüsusiyyətləri var. Belə ki, XIX əsrin II yarısında Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndələrindən olan Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) tar aləti üzərində rekonstruksiya apararaq onun səsini gücləndirmək üçün simlərinin sayını artırıb, alətə yeni pərdə əlavə etmiş, tarın diz üstünə qoyub, əyilərək ifa etmək, çalmaq qaydasını aradan qaldıraraq, tarı sinə üstündə ifa edib.

   Çox haqlı imiş ustad Sadıqcan. Çünki tarı köksə sıxıb çalmaqla həm onun səs gözəlliyi daha aydın eşidilir, həm də onu dilləndirən, qəlbindən keçən hissləri, daha dolğun ifadə edə bilir. Tarı özünə həmdəm edib, onunla öz hisslərini bölüşən ustad sənətkarlarımız çox olub, bu gün də var. Qurban Pirimovun adı həmin sırada birincilər cərgəsindədir.

   Pirimov Qurban Baxşəli oğlu 1880-cı il oktyabrın 30-da Ağdamın Gülablı kəndində anadan olub. Qarabağın çal-çağırlı musiqi dünyasından bəhrələnən, ustad Sadıqcandan dərs alan Qurban Pirimov sənətdə öz üslubunu yaradıb. Klassik ənənələrə əsaslanmaqla muğam ifaçılığını yeni təfsirdə inkişaf etdirib, onu özünəməxsus xüsusiyyətlərlə zənginləşdirib. Sənətkarın ifa etdiyi və lent yaddaşlarında qorunub saxlanılan «Şur», «Xaric-segah», «Mahur-hindi», «Çahargah», «Çoban-bayatı» və başqa musiqi nümunələri nadir sənət incilərindəndir.

   Sənətkar həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində mahir bir tarzən kimi tarixə yazılan ifalar nümayiş etdirib. Bu yerdə Qurban Pirimovun ustad xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birgə yaratdıqları üçlüyün fəaliyyətini xüsusi qeyd etməliyik. Çünki 1905-ci ildən başlayaraq 20 ilə qədər fəaliyyət göstərən bu muğam üçlüyü Qurban Pirimovun yaradıcılığında xüsusi bir mərhələ olub. O həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif ölkələrdə qastrol səfərlərində olub, ifası qrammofon vallarına yazılıb. Bu mənada 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində «Potte», «Sport-Rekord», «Qrammafon» şirkətləri tərəfindən yazılan valları qeyd edə bilərik. Bu nadir lent yazılarında Q.Pirimov Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Ələsgər Abdullayev, Seyid Şuşinski kimi xanəndələri müşayiət edib.

   Ustad tarzənin sənət ömrünün mühüm bir hissəsi də Azərbaycan Opera və Balet Teatrı ilə bağlıdır. O, hələ 1908-ci ildə dahi Üzeyir bəyin səhnəyə qoyulan «Leyli və Məcnun» operasında solist-tarzən kimi çıxış edib. Elə o tarixdən etibarən düz 40 ildən çox Opera və Balet Teatrı ilə bağlı olub. Dahi Üzeyir bəylə, M.Maqomayevlə, Z.Hacıbəyovla yaxından dostluğu və sıx yaradıcılıq münasibətləri Q.Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan soraq verir. O, bəstəkarların əsərlərində yalnız ifaçı kimi çıxış etmirdi. Həm də bu əsərlərin yaranmasında öz tövsiyələrini verirdi. Q.Pirimovun bu mənada bəstəkarlarımıza çox köməkliyi olub. Niyazi, Q.Qarayev, T.Quliyev, F.Əmirov, S.İbrahimova onun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar. Bu not yazıları da həm bəstəkarlar, həm də musiqişünaslar üçün mənbə olub.

   Qurban Pirimovun yaradıcılığında pedaqoji fəaliyyət də üstünlük təşkil edir. O 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib. Sənətkarın yetişdirdiyi musiqiçi nəslinə gəlincə, Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov və başqaları onun tələbələri olublar.

 

   Xalq artisti, professor Ramiz Quliyevin dediklərindən:

 

   «Çox təəssüf ki, mən Qurban Pirimovu səhnədə görməmişəm. Yəni, mənim Filarmoniyaya gəldiyim illərdə artıq onun yaşının müdrik çağı idi və bir qədər də səhhəti zəifləmişdi. Amma onun insanlar arasında necə hörmət və ehtiramla qarşılandığının şahidi olmuşam. Ona hamı Qurban əmi deyə müraciət edərdi. Bu müdrik insanın məsləhət və tövsiyələri çoxları üçün əsil məktəb idi. Qurban Pirimovun yaradıcılığında çox önəmli cəhətlər var. Məsələn, bircə bunu deyə bilərəm ki, onun xanəndəni necə müşayiət etməsinə qulaq asmaq kifayətdir. Hiss olunur ki, o, xanəndənin hər zənguləsini, hər boğaz qaynatmalarını çox diqqətlə izləyir və onu öz sədəfli tarında dinləndirir. Bu böyük ustaddan çox danışa bilərik. XX və XXI əsrin mükəmməl formalaşmış tar məktəbinin inkişafında onun zəhmət və xidməti böyükdür”.

   Qurban Pirimovdan çox yadigarlar qalıb. Bunlar lent yazıları, xalqımızın mədəniyyətinin inkişafı yolunda göstərdiyi xidmətlər və ən başlıcası onun canlı yadigarlarıdır. Bu yadigarlar içərisində bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovanı xüsusi qeyd etməliyik. Çünki Sevda xanımın qəlbində həm baba Qurban, həm də ustad sənətkar Qurban yaşayır. O, babasına olan böyük məhəbbəti sənətkar Qurbanın tarından aldığı təəssüratlarla qovuşduraraq, bunları sənətin dili ilə ifadə edə bilib.

 

   Bu yerdə Sevda İbrahimovanın fikirlərini diqqətə çatdırmaq istərdik:

 

   «Bizim ailə poeziya və musiqi ilə sıx əlaqədar olub. Babam ustad tarzən Qurban Pirimov, atam görkəmli yazıçı Mirzə İbrahimov və anam - ilk pianoçu qadın Sara xanım. Əlbəttə, belə bir mühitdə böyümək təbii ki, xoşbəxtlikdir. Amma bir xoşbəxtlik də onda oldu ki, mən də ruhən musiqi dünyasına bağlandım. Elə bu hisslərimi də duyanlardan birincisi məhz Qurban baba oldu. Hələ mən uşaq idim, birinci, ikinci sinifdə oxuyardım o, tarda məxsusən mənim üçün muğamlar ifa edərdi. Təbii ki, mən böyüdükcə babamın ustadlığını daha dərindən dərk edirdim. O da mənim musiqi qabiliyyətimə çox ciddi yanaşmağa başladı. Pianoda ifalarımdan babam çox məmnun qalardı. Artıq ailəmizdə belə bir ənənə yaranmışdı. Nə isə bir ailə tədbiri olanda mütləq babam tarda ifa edər, mən də onu fortepianoda müşayiət edərdim. O vaxtlar istirahət günləri radioda «Muğamat konserti» veriləndə Qurban baba, atam, anam və biz uşaqlar sanki konsert salonunda olduğu kimi həmin proqramı diqqətlə dinləyərdik.

   Mənim peşəkar musiqiçi olmağım həm valideynlərimin, həm də Qurban babamın ən böyük arzusu idi. Mən Bülbül adına musiqi məktəbində oxuyarkən hər səhər babam bizə zəng edər və mənə tarda bir musiqi çalaraq deyərdi: «Hə, bala, buna qulaq as, sonra dərsə get». Eləcə də axşamlar o, yenə də telefonda mənim üçün nə isə bir muğam parçası, təsnif və ya xalq mahnısı ifa edərdi. Bu artıq bir ənənəyə çevrilmişdi.

   Onu da deyim ki, Qurban baba klassik musiqini çox sevər və müasir bəstəkarların əsərlərinə çox maraqla qulaq asardı. Onun Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər bəstəkarlara böyük hörmət və rəğbəti vardı. Babam biləndə ki, mən Konservatoriyada Qara Qarayevin sinfinə daxil olmuşam, çox sevindi. Elə Qara müəllim də Qurban babaya böyük hörmət bəsləyirdi. Bir gün o, mənə dedi ki, bir halda ki, sənin belə ustad baban var, demək milli musiqiyə məhəbbət sənin ruhunda, genindədir. Sən bu üslubda əsərlər də yazacaqsan. İllər keçdi. Qara müəllimin fikirləri də reallaşdı. 1980-ci ildə Qurban babanın 100 illik yubileyində mən atamın məsləhətİ ilə «Xatirə poema» əsərimi yazdım. Burada Qurban babanın ifasında eşitdiyim «Humayun» muğamının intonasiyaları var. Sonra yenidən Qurban babaya bir əsər ithaf etdim. «Sənin üçün darıxıram Şuşam» adlı bu əsəri daha kövrək notlarla yazmışam. Çünki burada Qurban babanın Şuşa sevgisi və mənim Qarabağ nisgilim var.

   Babam Qarabağı, Şuşanı çox sevirdi. Hətta o, ölümünə bir neçə gün qalmış dedi ki, Qarabağ torpağının suyundan içmək istəyirəm. Xalam onun üçün oradan bulaq suyu gətirdi. Həmin suyu içəndən bir neçə saat sonra babam dünyasını dəyişdi. Bütün bu kədər hissi «Sənin üçün darıxıram Şuşa» əsərində öz təcəssümünü tapır. Bu əsərdə mənim üçün dörd amil birləşir - Azərbaycan, Qarabağ, Şuşa və Qurban baba.

   Bu əsərlərdən savayı tar ilə orkestr üçün «Qarabağnamə» konsertini yazdım. Təbii ki, bu da Qurban babanın xatirəsinə ithafdır. Qurban babaya həsr etdiyim əsər içərisində İslam Səfərlinin sözlərinə bəstələdiyim «Qurbansız qalan tarım» odası da var. Bu əsər kamera orkestri, solo tar, fortepiano və səs üçün yazılıb. Əlbəttə, elə bir babanı həm xatırlamaq, həm də onu sənətin dili ilə yaşatmaq mənim üçün böyük fəxrdir və unudulmaz illərin əziz xatirələrinin təcəssümüdür».

   Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib. Amma o, ruhən ulu tardan ayrılmazdır. Çünki tar ifaçılığının tarixini Qurbansız təsəvvür etmək olmaz.

   Sənətkarın yaradıcılığına sağlığında yüksək qiymət verilib. 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən ən böyük qiymət isə xalq məhəbbətidir. 70 ildən çox köksünə sıxıb dilləndirdiyi tar Qurbansız qalsa da, Azərbaycan tar sənəti Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədən yaşayacaq.

  

 

   Səadət Təhmirazqızı,

   Musiqişünas

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 12.