Aktrisa,
ana və ulu nənənin sevinci
Xalq
artisti Elmira Şabanovanın həyat və
yaradıcılığına qısa nəzər
Azərbaycan
qadınları həyatımızın bütün sahələrində,
o cümlədən mədəniyyət və incəsənət
sahələrində fəal çalışırlar. Ömür-günümüzün bəzəyi olan
qadınların şəninə nə qədər nəğmələr
qoşulub, onlara ədəbi əsərlər həsr olunub.
Neçə-neçə filmlərdə onlar
sevimli ana, ilahi məhəbbət nümunəsi kimi təcəssüm
olunublar. Bu obrazları yaradanlar bizim gözəl
aktrisalarımız - Mərziyyə Davudova, Hökumə
Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Elmira
Şabanova, Şəfiqə Məmmədova, Şükufə
Yusupova və başqaları olublar.
Xalq artisti Elmira Şabanovanı
tamaşaçıların çoxu ilk dəfə 1960-cı
ildə “Səhər” filmində Sevda rolunda görüb və
yadda saxlayıb. Bundan sonra o, müxtəlif ekran əsərlərində
yaddaqalan obrazlar yaradıb. Bu sırada
aktrisanın yaratdığı Həmidə xanım (“Qəm
pəncərəsi”), Ana (“Gecə qatarında qətl”), Alikin
anası (“Gəmi saatının sirri”), qaynana (“Gəlinlər”)
surətlərini xüsusi qeyd etməyə dəyər.
Bir məqamı
da qeyd etmək istərdik ki, Elmira xanım ailə-məişət
qayğıları ilə əlaqədar uzun müddət
ekranda və səhnədə görünməsə də,
onun populyarlığı reytinginin aşağı
düşməsinə imkan verməmişdir. E.Şabanovanın
adı bugünkü Azərbaycan kinematoqrafiyasının tarixinə
həmişəlik həkk olunmuşdur.
Noyabrın 1-də Xalq artisti Elmira Şabanovanın
70 yaşı tamam oldu. Yubilyarla müsahibəni
oxuculara təqdim edirik.
- Doğrü deyiblər ki, həyat
insana bir dəfə verilir. Onu elə
yaşamalısan ki, sonra geriyə dönüb baxanda peşman
olmayasan. Siz xoşbəxtliyi necə təsəvvür
edirsiniz?
- İlk növbədə,
yaxınlarımın sağlam, xoşbəxt olduğunu
görəndə, mən də xoşbəxt oluram. Digər tərəfdən, xoşbəxtlik zəhmət
və iradə, əmək və səy nəticəsində əldə
edilir. İnsan bir gün, bir dəqiqə, elə bir an
da xoşbəxt ola bilər. Yəni insan həyatı
boyu xoşbəxt ola bilməz. Həyatda müəyyən bir hadisə ilə
bağlı ən sevindirici anlar yaşananda deyirsən ki,
xoşbəxtəm. İnanın mənə, həyatımda
elə məqamlar olur ki, xətrini istədiyim adam
olsun, ya da istəmədiyim, əgər o şəxs
yaxşı bir film çəkirsə, yaxud teatrda və kinoda
yaxşı bir obraz yaradırsa, sevincimin həddi-hüdudu
olmur. Həmin anlar onun uğurunu içimdən
keçirib, özümü xoşbəxt hiss edirəm.
Xoşbəxtlik arzudur, xoşbəxtlik hissdir.
Başqalarının da sevincinə şərik
olmağı bacarmalısan.
- Sizi peşənizdən əlavə,
həyatınızda ən çox sevindirən nədir?
- Bu həyatda mənim
üçün iki sevinc qaynağı var: ailəm və
peşəm. Baxmayaraq ki, ailə qurandan sonra uzun
müddət sevimli peşəmdən ayrı
düşmüşdüm, teatrın, kinonun həsrətini
çəkirdim. Lakin seçimimdən razıyam: ləyaqətli
övladlarım, nəvələrim var. Bu yaxınlarda
şirin-şəkər nəticəm də dünyaya göz
açıb. Balaca Camalım məni
yaşadır. Onun qığıltısını
eşidəndə könlüm açılır,
cavanlaşıram, yaşım yadımdan çıxır...
- Ən çox
ovqatınızı təlx edən nədir?
- Təbii ki, biz hamımız
insanıq və həyatda səhv edə bilərik. Lakin həqarət içimizdədirsə, bu
çox pisdir. Mən onu bir neçə
başı olan əjdahaya bənzədirəm,
başlarının adları - ədalətsizlik, laqeydlik, xəyanət,
ikiüzlülük, yalan, yaltaqlıq. Müəyyən
insanların təbiətinə xas olan bu xüsusiyyətlərlə
barışa bilmirəm. Görəndə
ki, “əjdaha” başının birini qaldırır, əsəbiləşirəm.
Allah da mənəviyyatı zəngin olan
insanları sevir. Belə insanlar heç kəsə
pislik eləmirlər, namuslu həyat sürürlər, əllərindən
yalnız yaxşılıq etmək gəlir.
Bizim insanlar,
ümumiyyətlə, çox ədəbli, tərbiyəlidirlər.
Lakin bəzən küçələrdə
tez-tez ədəbsiz, bayağı davranışa rast gəlirəm.
Bunu da, əksər vaxt cavan nəsildə seyr
edirəm. Görürsən, aralarında
söhbət edirlər, ədəbsiz ifadələr işlədirlər,
fikir vermirlər ki, yanlarından qız, ya qadın keçir.
Bir də cavanlarımızın savadı,
dünyagörüşü məhdudlaşıb. Bunu ürək ağrısı ilə deyirəm.
Gərək öz üzərimizdə
çalışaq, savadımızı artıraq,
davranışımıza fikir verək. Bir-birimizə
hörmət eləsək, digər ölkələrin
nümayəndələri də bizə hörmət edərlər.
- Özünüzə xas olan
hansı keyfiyyəti daha çox qiymətləndirirsiniz?
- Əlbəttə,
düzlüyü. Əgər biz düz
sözü vaxtında deyə bilməsək, belə
çıxır ki, yalan içində yaşamalıyıq?
Doğru deyiblər: “Doğru sözdən xəta gəlməz”.
Hər hansı məsələ ilə
bağlı fikrimi əyri yolla deyil, düzünə bildirəndə
çoxları mənimlə razı olur. Çox
vaxt övladlarım mənə deyirlər ki, onun-bunun işinə
qarışma. Axı sənin nə işin var. Mən də
cavab verirəm ki, bu adam düz hərəkət
etmir, düz danışmır. Mən bunu
görə-görə bir vətəndaş kimi necə susum?
Əlbəttə, düz söz dərman kimi
acı olur. Lakin nəticəsi şirindir.
Bəzən film zəif olduğu
üçün, ya da filmdə qoyulan məsələlər
məni qane etmədiyinə görə mən müəlliflərə
öz fikrimi bildirməyi özümə borc bilirəm. Kimi mənimlə razılaşır, kimi də əksinə,
inciyir. İnciməyə dəyməz,
çünki tənqidin çox müsbət təsiri var. Gələcək
işlərində deyilən nöqsanları aradan
götürməyə səy göstərirsən. Məsələn, mənə ünvanlanan haqlı iradları
mən həmişə nəzərə alıram.
- Ətrafınızda
olan adamlarda nəyi qiymətləndirirsiniz?
- Səmimiyyəti,
xeyirxahlığı, dürüstlüyü.
- Hansı peşələr sizi
daha çox cəlb edir?
- Jurnalistlika. Yazıb
pozmaqdan çox xoşum gəlir. Bir sənətkardan
müsahibə götürəsən. Ona elə suallar
verəsən ki, müsahibinin öz sözləri ilə
iç dünyasını aça biləsən. Yaxud hər hansı bir problemlə bağlı məqalə
yazanda ilk növbədə əvvəlcə özün o
problemin mahiyyətini dərk etməlisən, sonra onu hansı
şəkildə oxuculara çatdıracağını
düşünməlisən. Əgər
aktrisa olmasaydım, mütləq jurnalistikanı özümə
peşə seçərdim. Təəssüf
ki, bu gün biz oxucular jurnalistikadan uzaq, peşəkarcasına
yazılmayan cızma-qaralara da çox rast gəlirik.
- Hobbiniz varmı? Əgər
yoxsa, başqa nə ilə maraqlanırsınız?
- Mənim əsas işim pedaqoji fəaliyyətlə
bağlı olub: düz otuz beş il indiki
Mədəniyyət və İncəsənət Universitetində
aktyor sənətindən və rejissorluqdan dərs demişəm.
Bu gün mənim tələbələrim arasında məşhur
olanları az deyil. Bir vaxtlar
filmlərə çəkilmək mənim hobbim idi. İllər ötdükcə mən başa
düşdüm ki, mənim əsas sənətim
aktrisalıqdır. Bu, hobbi deyil,
böyük sənətdir.
- Sizə ən çox təsir edən
film və tamaşa hansıdır?
- Azərbaycan kinosunda sənətkarlarımız
müxtəlif illərdə dəyərli filmlər
yaradıblar. 60-cı illərin sonunda istehsal
olunmuş “Bir cənub şəhərində” filmi öz təzəliyi,
real həyata yeni baxışı ilə yadda qaldı. Sosial dram janrında çəkilmiş bu film ilə
rejissor Eldar Quliyev milli kinematoqrafiyamıza yeni
düşüncə tərzinə malik sənətkar gəldiyini
nümayiş etdirdi. Çəkilən
filmlərin arasında “İstintaq” filmi də qaldırılan
problemə öz cəsarətli münasibəti ilə nəinki
mütəxəssislərin, həm də geniş
tamaşaçı kütləsinin diqqətini cəlb edib.
Təsadüfi deyil ki, rejissor Rasim Ocaqovun
yaratdığı bu detektiv-publisistik film SSRİ Dövlət
mükafatına layiq görülmüşdü.
Daha bir filmin
adını çəkmək istərdim. Hörmətli yazıçımız İsa
Hüseynovun ssenarisi üzrə rejissor Həsən Seyidbəylinin
quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmi bir neçə
səbəbdən mənim çox xoşuma gəlir.
Birincisi, müasirlərimiz, xüsusilə gənclərimiz
böyük Azərbaycan şairi İmadəddin Nəsimi
haqqında az məlumatlı idilər. Filmlə tanışlıqdan sonra hürufi təriqətinin
nəğməkarı, insan zəkasının gözəlliyinin
tərənnümçüsü olan Nəsimi barədə,
onun yaşadığı dövr haqqında
tamaşaçılar lazımi məlumatı əldə edə
bilirlər. Bu çox vacibdir. İkincisi, film sənətkarlıqla çəkildiyi
üçün böyük maraq doğurur. Üçüncüsü, Nəsimi rolunun
ifaçısı, mənim tələbəm, bu gün məşhur
aktyor kimi tanınan Rasim Balayevin bənzərsiz oyunu bizi
çox sevindirir.
Pyeslərə gəldikdə isə
klassik rejissorlardan Adil İsgəndərovun “Vaqif”, Mehdi Məmmədovun
“Canlı meyit” və “Ölülər”, Tofiq Kazımovun
bütün tamaşalarını bəyənirəm. T.Kazımov səhnəmizə yenilik gətirən,
daim axtarışda olan rejissor idi. Əli Əmirlinin
pyesləri çox xoşuma gəlir.
- Həyatınızda ilk dəfə
kamera qarşısında dayananda nə hiss etdiniz?
- Teatr İnstitutunun tələbəsi
olarkən bizə sənətdən bir neçə müəllim,
o cümlədən rejissor Tofiq Kazımov dərs deyirdi. 1959-1960-cı illərdə Bakı kinostudiyasında
rejissor Ağarza Quliyev “Səhər” adlı tarixi-inqilabi
filmini çəkirdi. T.Kazımov həmin
filmdə ikinci rejissor işləyirdi. “Səhər”
filmində Sevda roluna məni məhz Tofiq müəllim dəvət
etmişdi. Bu rola tanınmış rus aktrisası
Tamara Kokova namizəd idi. Bizim
tamaşaçılar onu bir neçə Azərbaycan filmindən
tanıyırdılar. O, “Bir qalanın sirri” filmində Mətanət
rolunda çəkilmişdi. Bu dəfə isə
Sevdanın kino sınaq çəkilişindən mən qalib
çıxmışdım. Çəkilməzdən
əvvəl Tofiq müəllim mənimlə xeyli məşq
etmişdi. O məni psixoloji tərəfdən də
çəkilişlərə elə
hazırlamışdı ki, kamera qarşısında dayananda
heç bir narahatçılıq hiss etmədim. Lakin rejissor Ağarza Quliyevin “motor” deməsi ilə mən
əvvəl əsdim, sonra vəziyyətə girib kinokameranı
yaddan çıxartdım. Bunun ardınca rejissor Tofiq
Tağızadənin “Əsl dost” filmində, rejissor Muxtar
Dadaşovun “Sabir” sənədli filmində də çəkildim.
- Azərbaycan
yazıçılarından sizə yaxın olanlar kimlərdir
və daha çox onlardan kimi sevirsiniz?
- Vaxtilə milli
yazıçılarımızın əsərlərini
çox oxumuşam. M.İbrahimovun “Gələcək gün”,
İ.Əfəndiyevin “Söyüdlü arx”,
“Körpüsalanlar”, S.Rəhimovun “Saçlı”, “Mehman”,
İ.Şıxlının “Dəli Kür”,
İ.Hüseynovun “İdeal”, bu gün artıq yaşlı nəslin
yerini tutmuş Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”,
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”,
“Sizsiz” əsərlərini maraqla oxumuşam. Bu əsərlərin
əksəriyyəti artıq ekranlaşdırılıb.
Natiq Rəsulzadənin yazı tərzindən
xoşum gəlir. Xarici
yazıçılardan Tenissi Uilyams, Jan Kokto, Eduardo de Filippo,
Jan Anuy, Viktor Hüqo çox sevdiyim ədiblərdir. İnstitutda işləyərkən bu
yazıçıların bəzi əsərlərini səhnələşdirmişəm.
- Səyahət etməyi
sevirsinizmi?
- Əlbəttə.
Sovet dövründə bir çox sosialist ölkələrini,
o cümlədən Çexoslovakiyanı, Polşanı,
Almaniyanı gəzmişəm. Bu ölkələrin
paytaxtları çox gözəldir. Qədim
tarixə malik şəhərlərdir. Memarlıq
abidələri, incəsənət muzeyləri...o qədər
baxılası yerlər var ki. Bu
yaşımda dünya səyahətinə
çıxmağı çox arzulayıram. O qədər
arzularım var ki... Məsələn, Venesiyanı, su üzərində
bərqərar olan şəhəri görmək istərdim. Yaponiyanı, bu gündoğan ölkəni,
Fransanı görmək ürəyimdən keçir.
- Rejissor və aktyorlarla söhbətlərdən
məlum oldu ki, onlar Elmira xanımı sənətkarlıqdan
başqa bir insan kimi də çox sevirlər. Siz
bu barədə nə fikirləşirsiniz?
- Onun-bunun qeybətini eləmirəm.
Heç kimdə işim yoxdur. Heç kimi acılamıram, heç kimlə kobud rəftar
etmirəm. Vəzifəsindən
asılı olmayaraq hamıya eyni gözlə baxıram.
Böyüklə böyük, kiçiklə
kiçik olmuşam. Təvazökarlıqdan
uzaq da olsa deməliyəm ki, yəqin bu keyfiyyətlərə
görə ətrafımın məhəbbətini
qazanmışam.
- Özünüzə nə arzu
edərdiniz?
- Baxmayaraq ki, həyatda çətinliklərim
çox olub, amma yaxşı yaşamışam. Müəllim oldum. Uşaqlarımı
böyütdüm. Hər ikisinə savad və
gözəl tərbiyə vermişəm. Nəvələrim
var. Allaha şükürlər olsun ki, nəticə də
gördüm. Anam-atam 70-ə
çatmadılar, rəhmətə getdilər. Mən artıq 70-i vururam başa. Nə vaxtsa mən bu dünyadan köçəndə,
çox rahat köçəcəyəm. Amma bir arzum
var: kinoda həmişə müasir qadın obrazını
yaratmışam. İstərdim, tarixi filmdə
çəkilim.
- Ümidvarıq ki, kinoda bu
arzunuzu da həyata keçirəcəksiniz.
Aydın Kazımzadə
Mədəniyyət.- 2010.- 3
noyabr.- S. 11.