Turizm İnstitutunda ixtisasların sayı artırılır

 

   Nəsir Nəsirli: «ATİ-nin diplomunun Avropada tanınması ilə bağlı problem yoxdur»

  

   Turizm sektorunun inkişafında ən vacib amillərdən biri də kadr potensialıdır. Hazırda turizmin inkişaf etdiyi ölkələr bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşəkarlığı ilə də fərqlənir. Ölkəmizdə turizm sektoru yeni inkişaf yoluna qədəm qoyduğu üçün hələlik bu sahə üzrə kadr çatışmazlığı problemi qalmaqdadır.

     

   2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutu (ATİ) da bu problemin həlli məqsədilə yaradılıb. ATİ ölkədə turizm təhsili verən yeganə ali təhsil ocağıdır. Ölkənin turizm sənayesinin peşəkar kadrlarla təmin olunması institutun qarşısında qoyulan əsas prioritet məsələlərdəndir.

   ATİ-də təhsilin səviyyəsi, mövcud problemlərin aradan qaldırılması, bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumat almaq üçün təhsil ocağının turizmin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirliyə müraciət etdik.

   Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində turizmin prioritet sahələrdən biri olduğunu deyən Nəsir müəllim “Bizim vəzifəmiz isə bu istiqamətdə kadr hazırlığını həyata keçirməkdir. Çünki indiyə qədər bu sahədə çalışan kadrların içərisində maksimum 10 faizi peşəkar mütəxəssislərdir. Bu səbəbdən də xidmət sahəsi turizmin inkişafı ilə ayaqlaşa bilmir”, - deyə sözə başladı.

   Dekan bu il Turizm İnstitutunun üç ixtisas üzrə ilk buraxılışının olduğunu xatırlatdı: turizm və sosial mədəni sahədə xidmət, turizm menecmenti və turizm marketinq ixtisasları. İnstitutda xarici təcrübənin öyrənilməsinə xüsusi önəm verilir: “Birinci kurslardan başlayaraq tələbələrimiz tanışlıq təcrübəsi üçün xarici ölkələrə göndərilir. Şimali Kipr, Yunanıstan və Türkiyənin müxtəlif turizm müəssisələrində təcrübələr keçirlər».

   «Ölkəmizin bir sıra ali təhsil müəssisələrinin diplomlarının xaricdə tanınması ilə bağlı problemlər var. Sizin məzunların başqa ölkələrdə çalışması üçün problemlər yarana bilərmi» sualına cavab olaraq N.Nəsirli bildirdi ki, hazırda ATİ-də «Erasmus Mundos» proqramı çərçivəsində xarici ölkələrlə əməkdaşlıq, tələbə mübadiləsi mövcuddur: “Bundan əlavə bir müddət əvvəl 4 ölkə ilə ikitərəfli müqavilələr əsasında qarşılıqlı tələbələrin qəbulu, bir-iki il təhsil alması haqqında müqavilə imzalamışıq. Onlar da bizim institutun verdiyi diplomları tanıyacaqlar. Avstriyanın Krems Universiteti ilə bağlanmış ikitərəfli əməkdaşlıq haqqında proqram əsasında bizim 14 nəfər tələbəmiz bu təhsil ocağının diplomunu aldı. Ona görə bizim institutun diplomunun Avropada tanınması ilə bağlı problem yoxdur. Bu gün ölkəmizdə çalışan xarici mütəxəssislər olduğu kimi, bizim tələbələrimizin Avropanın istənilən ölkəsində öz diplomunu təqdim edib, işləmək imkanı var. Bizim institutda xaricdən gələn professor-müəllim heyəti çalışır. Onların bir qismini biz dəvət edirik, bəziləri isə ikili müqavilələr əsasında fəaliyyət göstərirlər».

   Həmsöhbətimiz bildirdi ki, ATİ-nin tələbələrinin bölgələrdə fəaliyyət göstərən turizm obyektlərində işləməklə bağlı problemi yoxdur: «Adətən bir sıra ali təhsil ocaqlarını bitirdikdən sonra kadrlar bölgələrdə işləmək istəmirlər. Bu gün bölgələrdə bir çox turizm obyektləri fəaliyyət göstərir. Bölgələrdən olan tələbələrimiz könüllü olaraq həmin obyektlərdə çalışırlar. Əgər hər hansı bölgədən dəvət olarsa, tələbələrimiz orada işləməyə hazırdırlar. Məsələn, şimal bölgəsindən dəvət ediblər qiyabi təhsil alan tələbələrimiz orada yerləşiblər. Bir müddət əvvəl Lənkərandan iki sahibkar bizə müraciət etdi tələbələrin içərisindən 4 nəfər seçdilər. Onlar hazırda da həmin bölgədə işləyirlər».

   N.Nəsirli turizm sahəsində kadr hazırlığı ilə bağlı ancaq bir təhsil ocağının olmasının normal olmadığını da dedi. Çünki bu, rəqabət mühitinin yaradılması üçün əsas şərtlərdən biridir: “Bu müxtəlif institutlarda həyata keçirilsə, normal qarşılayarıq, amma bir şərtlə. Yekun dövlət attestasiyasında aradakı fərq aydınlaşdırılmalıdır ki, hansı institut daha yaxşı kadr hazırlayır. Biz müxtəlif institutlarda turizm üzrə kadr hazırlanmasının tərəfdarıyıq. Ümumiyyətlə isə hər bir institut verdiyi diploma görə məsuliyyət daşımalıdır. Əgər onu heç yerdə işə götürməyəcəklərsə, niyə diplom verilir?”.

   Müsahibimiz hazırda mehmanxanalarda qeyri-peşəkarların üstünlük təşkil etməsi məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, turizm müəssisələrinə lisenziya verən Mədəniyyət Turizm Nazirliyi tərəfindən onlara şərt qoyulur ki, həmin müəssisənin ən azı 25 faiz işçisi ali təhsilli turizm mütəxəssisi olmalıdır. Gələcəkdə turizm sahəsində kadr çatışmazlığının tam təmin olunması üçün müəyyən vaxt lazımdır. Çünki biz lazım olan kadr hazırlığı işini ehtiyac olduğu qədər həyata keçirə bilmirik. İnstitutun yeni qəbul planına turizmdə qida mühəndisliyi ixtisasını da salmışıq. Çünki turizm sektorunda qidalanma əsas aparıcı sahələrdən biridir. Əminəm ki, yaxın gələcəkdə institutumuz turizm sahəsi üzrə ölkənin bütün ali təhsilli kadr ehtiyacını ödəyə biləcək”.

   Hazırda ATİ- ikinci təhsil almaq üçün 6 tələbə oxuyur. Onlar ikinci ixtisas kimi turizm təhsilinə yiyələnmək istəyirlər. Dekan bildirir ki, ixtisasartırma kursları sifarişlə fəaliyyət göstərir: “Məsələn, İçərişəhərdə fəaliyyət göstərmək üçün sifarişlə bələdçilər hazırlayırıq. Turizmi ofis xidməti kimi qiymətləndirmək qətiyyən düzgün təsəvvür deyil. Bizim ali təhsil ocağında xidmətin təşkilatçı menecerlərini hazırlayırıq. Təcrübə müddətində tələbələr daha kiçik işlərdən başlayırlar. 22 həftə ərzində onlar bütün xidmət sahələri üzrə işlərdə iştirak edirlər. Tələbələr sonda bu işin təşkilatçısı idarəedicisi olur”.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 9.