Bakı
Beynəlxalq Caz Festivalı
yekunlaşdı
Oktyabrın 16-da start götürən II Bakı Beynəlxalq
Caz Festivalı ayın 30-da Dövlət Filarmoniyasında
tanınmış caz vokalisti Dianne Reevesin konserti ilə
yekunlaşdı. 4 dəfə Grammy mükafatına layiq
görülmüş D.Reeves dünyada ən yaxşı caz
müğənnilərindən hesab edilir. Çox
güclü və yumşaq səsi ilə zaldakı
tamaşaçıları heyran qoyan müğənninin
çıxışı ilə festival sona çatdı.
Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet
Production” tərəfindən təşkil edilən
festivalın məqsədi dünya caz ustalarını Azərbaycan
tamaşaçılarına daha yaxından tanıtmaq, milli
caz musiqimizi isə dünyaya təqdim etmək idi. Festivala
İsrail, Britaniya, ABŞ, Polşa, Hollandiya, Litva, Yaponiya kimi
10-a yaxın ölkədən olan 80-dən çox məşhur
musiqiçi, o cümlədən caz musiqisinin etalonlarından
sayılan “Şakatak” qrupu, amerikalı musiqiçi Al-Di Meola, əslən
hindistanlı olan amerikalı caz ifaçısı Vijay
İyer və yaponiyalı məşhur pianoçu Keiko Matsui
qatıldı. Festival çərçivəsində Bakının
5 musiqi salonunda tamaşaçılara 19 konsert proqramı təqdim
olundu.
Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin müdiri
Fərəh Əliyeva milli cazın özünəməxsusluğunu
vurğulayaraq ölkəmizdə musiqinin bu janrının yeni
inkişaf yoluna qədəm qoyduğunu dedi: “Azərbaycan
cazının inkişaf tarixçəsi Tofiq Quliyevin, sonralar
onun daha parlaq şəkildə inkişafı Vaqif Mustafazadənin,
Rafiq Babayevin adı ilə bağlıdır. Müasir
dövrdə də müxtəlif üslublara malik, ölkəmizi
dünya musiqisi müstəvisində təmsil edən
tanınmış caz ifaçılarımız var. Son illər
Montreo caz festivalında Şahin Növrəslinin 2-ci yer,
İsfar Sarabskinin Qran-pri alması Azərbaycan cazının
inkişaf göstəricisidir. Bu potensialı yaşatmaqla
yanaşı, bir mühit də yaranmalıdır ki, bu
mühitdə Azərbaycan caz ifaçıları xaricdən
gələn qonaqları canlı eşitsinlər. Auditoriya
cazın yeni ənənələri ilə tanış
olmalıdır ki, sonradan dünyaya özümüzü yeni
tərzdə tanıda bilək. Bu baxımdan Bakı Beynəlxalq
Caz Festivalı da bir stimuldur. Hesab edirəm ki, festival kifayət
qədər uğurlu alınıb. Həm xarici caz
ustaları, həm azərbaycanlı ifaçıların
çıxışları, ustad dərsləri Azərbaycanda
tamaşaçılar və ifaçılar arasında caza
olan böyük marağı göstərir. Festivalın hər
il keçirilməsinə mənəvi bir tələbat var.
Bu iki həftə ərzində bütün konsertlər
öz dinləyicisini tapdı. Festivalda biz “Yeni adlar” layihəsini
də təqdim etdik. Gələcəkdə bu layihə daha da
genişləndiriləcək”.
İki həftə ərzində
festival proqramını böyük həvəslə
tamaşaçılara təqdim edən aparıcı Rahib Azərinin
də təəssüratlarını öyrəndik:
“Sevindirici haldır ki, Bakı caz şəhəri olduğunu
bir daha sübuta yetirir. Dünya ulduzlarının cəlb
olunduğu festivalda çox yüksək səviyyədə təşkil
olunmuşdu və xarici ölkələrdən dəvət
olunan musiqiçilərin sayı 80-ə çatırdı.
Bizim musiqiçilər də onlardan geri qalmayaraq gözəl
çıxışlar etdilər. Caz həvəskarları hər
zövqə uyğun musiqi dinləmək imkanı əldə
etdilər. Düşünürəm ki, festival bu dəfə
müddəti ilə yanaşı rəngarəng proqramı
ilə də fərqləndi”.
Festival öz möhtəşəmliyi
və müxtəlif janrlı konsert proqramları ilə bir
çoxlarının yaddaşında iz saldı. Bakıda
yaşanan musiqi bayramının bitməsi
çoxlarını kədərləndirsə də
musiqimizin, milli cazın sədasının “Euronews” kimi
telekanaldan gəlməsi böyük uğur oldu. Festivalda
qonaqlarla yanaşı azərbaycanlı caz
ifaçıları da maraqlı çıxışlar etdilər.
Onlardan bir neçəsi yekun konsertdə təəssüratlarını
bizimlə bölüşdülər:
Görkəmli caz
ifaçısı, bəstəkar və pianoçu Salman Qəmbərov
festivalın ənənəvi keçirilməsini yüksək
qiymətləndirərək konsertlərdən böyük
zövq aldığını qeyd etdi: “Çox gözəl
haldır ki, Vaqif Mustafazadənin, Rafiq Babayevin sənəti bu
gün də müxtəlif üslublarda, müxtəlif
janrlarda davam edir. Mənə belə gəlir ki, hər bir
musiqisevər festival zamanı öz zövqünə uyğun
nə isə tapa bildi. Bu il mənim üçün
festivalın zirvəsi Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən Vijay İyer triosunun konserti
oldu. Bu festival milli cazın inkişafına böyük təkandır
”.
Azərbaycan cazının
aparıcı təmsilçilərindən biri, saksofon
ifaçısı Rain Sultanovun dediklərindən: “Festival
bütün cazsevərlər və mədəniyyətimizi
layiqincə təbliğ edənlər üçündür
və xarici ölkələrlə birgə əməkdaşlıq
qurmaq imkanı yaradır. Festivalın digər uğuru
“Euronews” kanalında “Bakı - cazın paytaxtı” adı
altında hazırlanmış reportaj və festival
iştirakçılarının həmin kanala müsahibə
verməsi oldu. Azərbaycan cazını dünya səviyyəsinə
çıxarmaq bizim üçün böyük uğurdur.
Bizim caz özünəməxsusluğu ilə seçilir.
Muğamın cazla sintezi bizə məxsus olduğu
üçün onu qoruyub gələcək nəsillərə
də çatdırmaq vacibdir. Festival çox maraqlı təşkil
olunmuşdu. Burada müxtəlif kollektivlər, cazın həm
ciddi, həm də yüngül istiqamətləri üzrə
qruplar, eləcə də vokal kollektivlər iştirak edirdi.
Mike Mainieri, Vijay İyer trio, Omarı dinləmək mənə
olduqca maraqlı idi. Ümid edirəm ki, festival hər il
keçiriləcək”.
Festivalda bu il
tamaşaçılara təqdim olunan layihələrdən
biri də “Yeni adlar” layihəsi oldu. Layihənin məqsədi
gənc istedadları tapmaq, onları auditoriyaya təqdim etmək
idi. Builki festivalın “Yeni adlar” layihəsində Əfqan Rəsul,
Elçin Şirinov çıxış etdi.
Gənc yaşlarından caza
böyük marağı olan və bir çox festivallarda
iştirak edən Elçin Şirinov belə mötəbər
festivalda ilk dəfə çıxış etdiyini dedi: “Bu il
“Yeni adlar” layihəsində çıxışım mənim
üçün böyük stimul oldu. Bilmirəm nə dərəcədə
uğurlu alındı, ümid edirəm ki,
tamaşaçılar razı qaldılar. Bu günlər ərzində
bir-birindən fərqli konsertlərdə oldum. Bütün
konsertlər əla keçdi”.
Beləliklə möhtəşəm
konsertlə sona çatan Bakı Caz Festivalı dünya şöhrətli
qonaqların çıxışları ilə hələ
çox yaddaşlarda qalacaq.
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 3 noyabr.- S. 7.